Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunda müşavirə keçirilib

Oktyabrın 29-da “B.Vahabzadə küç. 9” (AR ETN Riyaziyyat  İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AR ETN Riyaziyyat İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən Elxan Səbziyev, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 Müşavirədə çıxış edən AR ETN Riyaziyyat İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən Elxan Səbziyev iştirakçıları və qonaqları salamlayaraq respublikamızın fundamental elmlər sahəsində ən qabaqcıl elmi-tədqiqat müəssisələrindən birində keçirilən bu görüşün mühüm elmi, strateji və ideoloji əhəmiyyət daşıdığını bildirib. E.Səbziyev vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin gələcək elmi-texnoloji inkişaf istiqamətlərini müəyyən edən tarixi mərhələdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu nitqi dəqiq və reallığa söykənən elmi tədqiqatların genişləndirilməsi, riyazi modelləşdirmə və süni intellekt texnologiyalarının inkişaf etdirilməsi, eləcə də gənc alimlərin elmi fəaliyyətə təşviq edilməsi baxımından institut kollektivinin qarşısına vacib tapşırıqlar qoyub. O qeyd edib ki, institutun elmi heyəti cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən elmi-təhsil islahatlarına hər zaman dəstək verir və partiyanın ideoloji prinsiplərinin təbliğində öz fəal mövqeyini qoruyacaqdır.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və konseptual nitqinin ideoloji-siyasi mahiyyəti, dəqiq və fundamental elmlərin ölkənin hərbi-sənaye və iqtisadi təhlükəsizliyindəki rolu, habelə elmi müəssisələrdə fəaliyyət göstərən ərazi partiya təşkilatlarının qarşısında duran mühüm vəzifələr barədə geniş, ətraflı məruzə ilə çıxış edib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin siyasi sabitliyinin, sosial-iqtisadi yüksəlişinin və intellektual potensialının ana sütunu olmuşdur. Ulu Öndərin zəngin dövlətçilik irsini uzaqgörənliklə sürdürən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regional miqyasda lider dövlətə çevrilmişdir. Müzəffər Ali Baş Komandanın liderliyi ilə qazanılan Zəfərlər həm də dövlətimizin elmi-texniki gücünün, müasir texnologiyalarla uzlaşan hərbi qüdrətinin və sarsılmaz xalq-iqtidar birliyinin təntənəsidir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar və partiya sədrinin irəli sürdüyü prioritetlər elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının işində keyfiyyətcə yeni dinamika tələb edir. Müasir dünyada strateji hədəflərə çatmaq, rəqəmsal iqtisadiyyatı qurmaq və innovativ tərəqqiyə nail olmaq məhz riyaziyyat elminin və tətbiqi modellərin inkişafı ilə sıx bağlıdır. İnstitutun alimləri və gənc tədqiqatçıları peşəkar elmi nailiyyətləri ilə yanaşı, cəmiyyətdə dövlətçilik təfəkkürünün, vətənpərvərlik ruhunun və partiya ideallarının təbliğində ön sıralarda olmalıdırlar. Ərazi partiya təşkilatı gənc alimlərin partiya həyatına fəal inteqrasiya olunması və onların elmi-ideoloji potensialının reallaşdırılması istiqamətində ardıcıl iş aparmalıdır. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, Riyaziyyat İnstitutunun ərazi partiya təşkilatı zəngin akademik və intellektual kadr potensialına malikdir. YAP Yasamal rayon təşkilatı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması və partiya sıralarının keyfiyyətcə zənginləşməsi istiqamətində institutun fəalları ilə sıx əməkdaşlığı ardıcıl olaraq sürdürəcəkdir.

 Müşavirədə çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keşməkeşli təşəkkül yolu və Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin xilasındakı, eləcə də elmin və təhsilin inkişafındakı misilsiz, əvəzsiz xidmətlərindən geniş bəhs edib.. YAP Veteranlar Şurasının üzvü xüsusi olaraq diqqətə çatdırıb ki, partiyanın VIII Qurultayı Azərbaycanın postmüharibə dövründəki yeni inkişaf strategiyasını, elmi-ideoloji prioritetlərini və gələcək hədəflərini müəyyən edən strateji mərhələdir. Cənab Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli nitqi gənc alimlərdə və tədqiqatçılarda milli-mənəvi dəyərlərin, dövlətçilik təfəkkürünün və vətənpərvərlik ruhunun daha da möhkəmləndirilməsini ön plana çəkir. M.Mərdanov nəsillərarası varislik ənənələrinin qorunmasının, yaşlı və təcrübəli partiya veteranlarının zəngin təcrübəsindən gənc ziyalıların maarifləndirilməsində istifadə olunmasının müstəsna əhəmiyyət kəsb etdiyini bəyan edərək, institut kollektivini və ərazi partiya təşkilatının üzvlərini elmi nailiyyətlərlə yanaşı, partiya ideallarına və dövlətçilik xəttinə hər zaman sadiq olmağa çağırıb.

 Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.