Qarşıdakı dövrün strateji vəzifələri

 

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın müasir siyasi tarixində mühüm mərhələnin yekunlarını qiymətləndirmək və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından əhəmiyyətli hadisədir. Oktyabrın 2-də keçirilən qurultayda Prezident, YAP-ın Sədri İlham Əliyevin çıxışı ölkəmizin son onilliklərdə keçdiyi inkişaf yolunun əsas nəticələrini və qarşıdakı dövrün strateji vəzifələrini əhatə etdi.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin arxasında dayanan siyasi iradə, milli birlik və ardıcıl dövlət siyasəti xüsusi vurğulandı. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, 1990-cı illərin mürəkkəb siyasi və iqtisadi böhranlarının aradan qaldırılması, ölkənin beynəlxalq təcriddən çıxması və iqtisadi inkişaf üçün əlverişli şəraitin yaradılması sonrakı uğurların əsasını təşkil etdi. Bu prosesdə Heydər Əliyevin dövlətçilik strategiyasının davam etdirilməsi və İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın siyasi, iqtisadi və hərbi imkanlarının genişlənməsində mühüm rol oynadı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı ən mühüm nəticələrdən biri ərazi bütövlüyünün və suverenliyin tam bərpasıdır. İkinci Qarabağ müharibəsində əldə edilən Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlər ölkənin yeni geosiyasi reallıqlarını formalaşdırdı. Bununla yanaşı, iqtisadi potensialın artırılması, enerji təhlükəsizliyinin təmin olunması, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və müdafiə qabiliyyətinin gücləndirilməsi Azərbaycanın regional mövqeyinə təsir göstərən əsas amillər sırasındadır.

İlham Əliyevin qurultaydakı çıxışı göstərdi ki, əldə edilmiş uğurlar qarşıdakı vəzifələri arxa plana keçirmir. Əksinə, yeni şərait daha yüksək məsuliyyət və strateji yanaşma tələb edir. Dövlət başçısının diqqət yetirdiyi müdafiə və təhlükəsizlik, ideoloji dayanıqlılıq, iqtisadi sabitlik, Qarabağ və Şərqi Zəngəzurun bərpası, əhalinin sosial rifahının yüksəldilməsi məsələləri gələcək inkişafın əsas istiqamətləridir.

Qarşıdakı mərhələdə əsas məqsəd hərbi və siyasi uğurları davamlı iqtisadi inkişafa, sosial rifaha və müasir dövlət institutlarının möhkəmlənməsinə çevirməkdir. Xüsusilə azad edilmiş ərazilərdə dayanıqlı yaşayışın və məşğulluğun təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, innovasiyaların tətbiqi və insan kapitalının gücləndirilməsi uzunmüddətli perspektivdə mühüm əhəmiyyət daşıyacaq.

YAP-ın VIII Qurultayının əsas məzmunu əldə olunmuş nəticələrin ümumiləşdirilməsi ilə yanaşı, yeni hədəflərə istiqamətlənməkdir. Prezident İlham Əliyevin çıxışında ifadə olunan prioritetlər Azərbaycanın qarşıdakı dövrdə təhlükəsizliyini qorumaq, müstəqil siyasətini davam etdirmək və inkişafını daha dayanıqlı əsaslar üzərində qurmaq niyyətini əks etdirir. Bu hədəflərin reallaşması isə siyasi qərarların ardıcıl icrası, iqtisadi imkanlardan səmərəli istifadə və cəmiyyətin rifahına yönəlmiş fəaliyyətlə sıx bağlıdır.

Hər birimiz öz fəaliyyətimizlə dövlətimizin inkişafına, təhsilimizin tərəqqisinə və gələcək nəsillərin layiqli yetişməsinə töhfə verməli, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında. YAP-ın Sədri İlham Əliyevin nitqindən irəli gələn vəzifələri sədaqətlə yerinə yetirməliyik.

Məhluqə Rzayeva

YAP fəalı