Oktyabrın 26-da “H.B.Zərdabi pr. 79B” ünvanı üzrə (Milli Onkologiya Mərkəzi) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli, Milli Onkologiya Mərkəzinin şöbə müdiri Vətənxa Süzən, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş həkimi, ƏPT sədri Azad Kərimli iştirakçıları salamlayaraq ölkəmizin aparıcı tibb və elmi-tədqiqat ocaqlarından olan mərkəzdə keçirilən bu tədbirin böyük ictimai, elmi və ideoloji əhəmiyyət daşıdığını vurğulayıb. A.Kərimli diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı respublikamızın hərtərəfli inkişaf dinamikasını şərtləndirən strateji mərhələdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu nitqi onkoloji xəstəliklərlə mübarizənin gücləndirilməsi, ən müasir diaqnostika və müalicə metodlarının tətbiqi, yüksəkixtisaslı həkim kadrlarının yetişdirilməsi və ilkin profilaktikanın təşkili baxımından tibb kollektivinin qarşısında mühüm vəzifələr qoyub. Baş həkim qeyd edib ki, mərkəzin tibbi-elmi heyəti dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyəyə göstərdiyi diqqət və qayğıya cavab olaraq həm əhalinin sağlamlığının etibarlı qorunmasında, həm də partiyanın ideoloji prinsiplərinin təbliğində var gücü ilə çalışmağa davam edəcəkdir.
Çıxış edən Milli Onkologiya Mərkəzinin şöbə müdiri Vətənxa Süzən mərkəzdə aparılan profilaktik və müalicəvi tədbirlər, yenidənqurma işləri və gənc tibb işçilərinin partiya həyatındakı fəallığı barədə məlumat verib. V.Süzən bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində həyata keçirilən layihələr tibb personalını daha əzmlə çalışmağa sövq edir və ərazi partiya təşkilatı YAP-ın VIII Qurultayından irəli gələn tapşırıqları fəaliyyətində hər zaman rəhbər tutacaqdır.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və proqram xarakterli nitqinin dərin ideoloji-siyasi mahiyyəti, insan kapitalının qorunması, postmüharibə dövründə səhiyyə elminin inkişafı və ərazi partiya təşkilatlarının qarşısında duran mühüm hədəflər barədə geniş, ətraflı məruzə ilə çıxış edib. Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası yaranmasından bu günədək ölkəmizin siyasi stabilliyinin, sosial-iqtisadi tərəqqisinin və möhtəşəm Zəfərlərinin ana sütunu olmuşdur. Ulu Öndərin zəngin idarəçilik irsini uzaqgörənliklə sürdürən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regional və qlobal miqyasda qüdrətli dövlətə çevrilmişdir. Əldə olunan bu tarixi qələbələr partiyamızın yürütdüyü ardıcıl siyasi kursun, dövlətimizin iqtisadi-intellektual gücünün və sarsılmaz xalq-iqtidar birliyinin parlaq nümayişidir. B.Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar və partiya sədrinin irəli sürdüyü prioritetlər elmi-tədqiqat və yüksək texnologiyalı səhiyyə müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının işində keyfiyyətcə yeni mərhələ açmışdır. Müasir dövrdə insan sağlamlığının, xüsusən onkoloji təhlükəsizliyin təmin olunması dövlət siyasətinin ən mühüm prioritetlərindən biridir. Milli Onkologiya Mərkəzinin alimləri, cərrahları və mütəxəssisləri nəinki respublikamızda, regional miqyasda tibb elminin ən qabaqcıl nümayəndələridir. Səhiyyə fəallarımızın peşəkar uğurları ilə yanaşı, cəmiyyətdə dövlətçilik təfəkkürünün, vətənpərvərlik ruhunun və partiya ideallarının təbliğində ön sıralarda olması vacibdir. YAP Yasamal rayon təşkilatının sədri vurğulayıb ki, Milli Onkologiya Mərkəzinin ərazi partiya təşkilatı zəngin intellektual və elmi-tibbi potensiala malikdir. YAP Yasamal rayon təşkilatı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması, partiya sıralarının keyfiyyətcə zənginləşməsi və ideoloji işin yüksəldilməsi istiqamətində mərkəzin partiya fəalları ilə sıx əməkdaşlığı ardıcıl olaraq sürdürəcəkdir.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.