Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş silsilə iclaslar davam edir.
Növbəti iclaslar Rayon İcra Hakimiyyəti, Zölgörən, Tərtərçay Hidroqovşağı İstismarı İdarəsi və 42 saylı Yol İstismarı İdarəsi ərazi partiya təşkilatlarında keçirilib.
İclaslarda əvvəlcə Yeni Azərbaycan Partiyasının banisi, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasları giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və sədr müavini Azər Ağayev VIII Qurultayın partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığını qeyd ediblər. Onlar dövlət başçısının çıxışında irəli sürülən çağırışların və müəyyənləşdirilən strateji hədəflərin yerli partiya təşkilatlarının gündəlik fəaliyyətində əsas götürülməsinin, əhali ilə işin daha da gücləndirilməsinin və partiya üzvlərinin təşəbbüskarlığının artırılmasının vacibliyini vurğulayıblar.
Çıxış edənlər VIII Qurultayda səsləndirilən fikirlərin ölkənin gələcək inkişafı və partiyanın cəmiyyət qarşısındakı məsuliyyəti baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Natiqlər dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində partiya üzvlərinin üzərinə düşən vəzifələrdən danışaraq, milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin gənc nəslə ötürülməsi və əldə olunan tarixi nailiyyətlərin ictimaiyyətə düzgün və operativ şəkildə çatdırılması istiqamətində ardıcıl fəaliyyətin zəruriliyini diqqətə çatdırıblar.
İclaslarda Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələr, ölkənin sosial-iqtisadi inkişaf prioritetləri, dövlətçilik prinsiplərinin təbliği, ideoloji işin müasir tələblər səviyyəsində qurulması və ərazi partiya təşkilatlarının qarşısında duran aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda Qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində partiya üzvlərinin fəal iştirakının zəruriliyi bir daha vurğulanıb.