28 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Akademik Həsən Əliyev küçəsi 299 üzrə (Dövlət İmtahan Mərkəzi) ərazi partiya təşkilatında görüş keçirilib. Görüş Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn tapşırıqların icrasına həsr olunub.
Mərkəzin inzibati binasında təşkil olunan görüşdən öncə iştirakçılar binada yerləşən Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyublar.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə çıxışında Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin ölkəmizin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, dövlət başçısı çıxışında milli təhlükəsizlik, iqtisadi müstəqillik, milli-mənəvi dəyərlərin qorunması, müasir texnologiyaların və süni intellektin yaratdığı çağırışlar kimi vacib məsələlərə diqqət yetirib.
Məleykə Abbaszadə Prezidentin təhsilin cəmiyyətin dayanıqlılığının təmin edilməsindəki roluna xüsusi önəm verdiyini vurğulayıb. Dövlət başçısının qeyd etdiyi kimi, savadlı, bilikli və maarifli cəmiyyət dezinformasiyaya, manipulyasiyalara və müxtəlif ideoloji təsirlərə qarşı daha hazırlıqlı olur. O bildirib ki, bu baxımdan bir neçə istiqamət ölkəmizin davamlı inkişafının əsas şərtlərindəndir: təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin müstəqil düşünmə və analitik təhlil bacarıqlarının inkişaf etdirilməsi, eləcə də müasir tələblərə cavab verən peşəkar kadrların hazırlanması. Sədr vurğulayıb ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflər bu istiqamətlərdə fəaliyyətin daha da təkmilləşdirilməsi üçün mühüm yol xəritəsi rolunu oynayır.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olduğunu qeyd edib. O, Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi prioritet istiqamətlərə toxunub. Azərbaycanın davamlı inkişafının təmin olunması, siyasi və iqtisadi potensialının gücləndirilməsi, milli maraqlarının qorunması və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Azər Süleymanov vurğulayıb ki, dövlət başçısının uğurlu və məqsədyönlü siyasəti ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına və milli maraqların qətiyyətlə müdafiə olunmasına zəmin yaradır. Bu siyasət Azərbaycanın strateji hədəflərə doğru inamla irəliləməsini təmin edir.
Daha sonra çıxış edən partiya üzvləri ölkənin ictimai-siyasi həyatında gənclərin rolunu vurğulayıblar. Onların hərtərəfli inkişafının və fəal vətəndaş mövqeyinin formalaşdırılmasının əhəmiyyətindən danışıblar. Çıxışlarda gənclərin keyfiyyətli təhsil alması, müasir bilik və bacarıqlara yiyələnməsi, milli-mənəvi dəyərlərə və vətənpərvərlik prinsiplərinə sadiq ruhda yetişməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Görüşün sonunda iştirakçılar Prezident İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi vəzifələrin icrasında fəal iştirak edəcəklərini bildiriblər.
Tədbir Yeni Azərbaycan Partiyasının Himni ilə yekunlaşıb.