Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Ziya Bünyadov prospekti 3 ünvanlı ərazi partiya təşkilatında görüş keçirildi.
Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanımızın müstəqilliyi, suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək ən uca zirvə - şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov giriş nitqində qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyamızın inkişafında yeni mərhələnin əsasını qoydu. Bu mötəbər tədbir həm partiyadaxili birliyin, həm də ümumxalq həmrəyliyinin növbəti təzahürü kimi yadda qaldı.
Ərazi partiya təşkilatının sədri Yeganə Cabbarlı qeyd etdi ki, Prezident İlham Əliyevin qurultayda irəli sürdüyü ideyalar partiyanın qarşıdakı illərdəki fəaliyyətini müəyyənləşdirən əsas istiqamətlərdir. Bu gün hər bir ərazi təşkilatının üzərinə düşən əsas vəzifə həmin ideyaları yerlərdə operativ və düzgün şəkildə çatdırmaq, üzvlər arasında ideoloji işi daha da gücləndirməkdir.
Millət vəkili Kamaləddin Qafarov çıxışında vurğuladı ki, YAP-ın VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk qurultay olması baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının Qurultaydakı tarixi və proqram xarakterli nitqi qarşıya yeni hədəflər və strateji vəzifələr qoyur, müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi və hərbi potensialın gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, təbliğat və ideoloji işin düzgün təşkili kimi mühüm istiqamətləri müəyyən edir.
Görüşdə geniş nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov iştirakçıları salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn əsas prioritetlər və mühüm vəzifələr barədə ətraflı məlumat verdi. O, qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizdə siyasi sabitliyin, sosial-iqtisadi tərəqqinin və dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təmin olunmasında mühüm rol oynayır. Partiyanın bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan hədəflərin reallaşdırılmasında fəal iştirak edəcəyini və ölkəmizin davamlı inkişafına öz töhfəsini verəcəyini vurğuladı.