Elm, enerji və dövlətçilik: ADNSU-nun Elmi-tədqiqat İnstitutunda VIII Qurultaya həsr olunmuş konfrans keçirilib

28 oktyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən «Neftin, qazın geotexnoloji problemləri və kimya» Elmi-tədqiqat İnstitutunda konfrans keçirilib. Konfrans Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Partiya Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərin müzakirəsinə həsr olunub.

Tədbir Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransı institut üzrə YAP təşkilatının sədr müavini, texnika üzrə fəlsəfə doktoru Elşən Əliyev açıb. O, iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən bəhs edib.

YAP Nəsimi rayon təşkilatının əməkdaşı Mətanət Səfərli çıxışında VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirləri və qarşıya qoyulan vəzifələri diqqətə çatdırıb. Bu vəzifələr sırasında hərbi gücün artırılmasını, ideoloji təhlükəsizliyin təmin olunmasını, iqtisadi sabitliyin qorunmasını və ideoloji işin müasir formatda qurulmasını qeyd edib.

İnstitutun direktoru, kimya üzrə fəlsəfə doktoru, dosent Nazilə Salmanova Prezident İlham Əliyevin nitqində əksini tapan məsələlərin əhəmiyyətini vurğulayıb, öz fikir və təəssüratlarını iştirakçılarla bölüşüb. O, elmin və təhsilin cəmiyyətin inkişafında, xalqımızın intellektual potensialının gücləndirilməsində və gələcək nəslin formalaşmasında mühüm rolunu qeyd edib.

İnstitutun elmi katibi, texnika elmləri namizədi, dosent Vaqif Məmmədov Elmi-tədqiqat İnstitutunun əldə etdiyi elmi nailiyyətlər barədə ətraflı məlumat verib. O, həyata keçirilən tədqiqatlardan və elmi fəaliyyətin əsas istiqamətlərindən də danışıb.

Texnika elmləri doktoru, professor Cəmaləddin Aslanov elmi tərəqqinin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. O, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn müddəalara dəstəyini ifadə edib.

Konfrans mövzu ətrafında fikir mübadiləsi və müzakirələrlə davam edib. Sonda iştirakçılar Prezident İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi vəzifələrin icrasında fəal iştirak edəcəklərini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himni ilə yekunlaşıb.