Azad Kəlbəcər: yeni inkişaf və quruculuq mərhələsi

Azad Kəlbəcər: yeni inkişaf və quruculuq mərhələsi

 

Meydanəli Yolçiyev

YAP Daşkəsən rayon təşkilatının sədri

25 noyabr – Kəlbəcər şəhəri günü Azərbaycan xalqının yaddaşında milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsi kimi xüsusi yer tutur. Bu əlamətdar tarix yalnız qədim yurdumuzun işğaldan azad edilməsini deyil, həm də uzun illər doğma torpaq həsrəti ilə yaşayan kəlbəcərlilərin Vətənə qayıdış arzusunun gerçəkləşməsini ifadə edir.

Kəlbəcər Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və misilsiz təbii sərvətlərə malik məkanlarındandır. Kəlbəcərə 1930-cu ildə inzibati rayon statusu verilib. İşğala qədər 3054 kvadratkilometr ərazisi olan rayonda 53 478 nəfər yaşayırdı. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcərdə 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Əhalinin doğma torpaqlarından didərgin salınması ilə yanaşı, rayonun tarixi-mədəni irsinə və sosial infrastrukturuna da ciddi ziyan vurulub. Onlarla tarixi abidə, məktəblər, kitabxanalar, xəstəxanalar və digər obyektlər dağıdılıb, təbii sərvətlər qanunsuz istismara məruz qalıb.

BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamədə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb olunsa da, Ermənistan bu sənədin tələblərini yerinə yetirmədi. Beləliklə, beynəlxalq hüququn norma və prinsipləri uzun illər pozulmaqda davam etdi.

Azərbaycan dövləti isə torpaqlarımızın azad olunması məqsədindən heç vaxt geri çəkilmədi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu, iqtisadi gücün artırılması və məqsədyönlü dövlət siyasəti tarixi Qələbənin əsasını yaratdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı uğurlar Kəlbəcərin azad olunmasında da mühüm strateji rol oynadı. Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin ələ keçirilməsi düşmənin hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırmışdı.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Beləliklə, 27 ildən artıq davam edən işğala son qoyuldu. Kəlbəcərin boşaldılması zamanı ermənilərin evləri və digər mülki obyektləri yandırması, meşələrə və təbiətə ziyan vurması isə işğalçı siyasətin vandalizm mahiyyətini bir daha nümayiş etdirdi.

Kəlbəcərin azadlığı uğrunda döyüşlərdə iştirak etmiş hərbçilərin qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi və Prezident İlham Əliyevin sərəncamları ilə 9455 hərbi qulluqçu bu medalla təltif olundu. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə noyabrın 25-i Kəlbəcər şəhəri günü kimi müəyyən edildi.

Bu gün Kəlbəcər yeni inkişaf və quruculuq mərhələsini yaşayır. Şəhərin gələcək inkişafını müəyyənləşdirən 2040-cı ilədək Baş planının 2024-cü il mayın 1-də təsdiqlənməsi mühüm əhəmiyyət daşıyır. Plana əsasən, şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Burada müasir yaşayış binaları, məktəblər, uşaq bağçaları, xəstəxanalar, reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, sosial və ictimai obyektlər inşa ediləcək. Şəhər ərazisinin 22 faizinin yaşıllıq sahələrinə ayrılması Kəlbəcərin ekoloji tarazlığının qorunmasına xüsusi diqqət yetirildiyini göstərir.

Bölgənin inkişafında nəqliyyat infrastrukturunun yenidən qurulması da mühüm yer tutur. Uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Kəlbəcərin ölkənin digər bölgələri ilə əlaqələrini genişləndirəcək. Yol üzərində inşa edilən beş tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Onların ən mühümlərindən biri olan 11,7 kilometrlik Murovdağ tuneli mürəkkəb dağ relyefində nəqliyyatın fasiləsizliyini təmin etmək baxımından strateji əhəmiyyətə malikdir. Bu layihə bölgənin turizm və iqtisadi potensialının reallaşdırılmasına da geniş imkanlar yaradacaq.

Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcərdə məskunlaşma prosesi də davam edir. Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri çərçivəsində köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim etməsi dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətin növbəti təzahürü oldu. Rayonda 162 ailənin, ümumilikdə 681 nəfərin məskunlaşması doğma yurda qayıdışın ardıcıl şəkildə davam etdiyini göstərir.

Kəlbəcərin gələcək inkişafı yalnız yaşayış məntəqələrinin bərpası ilə məhdudlaşmır. Bölgənin zəngin mineral su ehtiyatları, turizm imkanları, kənd təsərrüfatı və heyvandarlıq potensialı iqtisadi inkişaf üçün geniş perspektivlər açır. Tarixi-mədəni irsin qorunması, müasir infrastrukturun yaradılması və yeni iş yerlərinin açılması Kəlbəcərin ölkəmizin iqtisadi həyatına inteqrasiyasını sürətləndirəcək.

Beləliklə, 25 noyabr – Kəlbəcər şəhəri günü xalqımızın milli birliyinin, güclü dövlətçilik iradəsinin və tarixi Zəfərinin rəmzidir. Bu gün Kəlbəcər işğalın ağır izlərini geridə qoyaraq yenidən qurulur, sakinlərini doğma ocaqlarına qovuşdurur. Qədim diyarın dirçəlişi Azərbaycanın qalib dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoymasının parlaq nümunəsidir.