Tarixin elə günləri var ki, zaman keçdikcə öz əhəmiyyətini itirmir, əksinə, xalqın yaddaşında daha da möhkəmlənərək milli qürur rəmzinə çevrilir. 20 Noyabr Azərbaycan xalqı üçün məhz belə tarixlərdəndir. Bu gün Ağdamın azadlığı ilə yanaşı, illərlə doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan minlərlə insanın ümidlərinin gerçəkləşməsini, tarixi ədalətin bərpasını və qalib Azərbaycanın quruculuq əzmini təcəssüm etdirir. Bu gün Ağdam artıq dağıntıların deyil, dirçəlişin, ümidsizliyin deyil, yeni həyatın ünvanıdır.
Qarabağın qədim yaşayış məskənlərindən olan Ağdam XVIII əsrdə şəhər kimi formalaşaraq Azərbaycanın iqtisadi, mədəni və ictimai həyatında mühüm yer tutub. Tarixi abidələri, sənaye müəssisələri, təhsil və mədəniyyət ocaqları ilə seçilən şəhər uzun illər bölgənin ən inkişaf etmiş mərkəzlərindən biri olub. Pənah xanın imarəti, türbələr, məscidlər və digər memarlıq nümunələri Ağdamın zəngin keçmişinin yadigarlarıdır.
Lakin 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam uzun illər misli görünməmiş dağıntılara məruz qaldı. Bir vaxtlar həyatın qaynadığı şəhər viran qoyuldu, tarixi-mədəni irsə ağır zərbə vuruldu, minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü. İşğal nəticəsində Ağdamın iqtisadi və sosial infrastrukturu məhv edildi, yaşayış məntəqələri xarabalığa çevrildi. Bir zamanlar Qarabağın inkişaf etmiş şəhərlərindən olan Ağdamın “Ruhlar şəhəri” adlandırılması işğalın yaratdığı faciənin miqyasını açıq şəkildə göstərirdi.
Bütün bu illər ərzində ağdamlılar doğma torpaqlarına qayıtmaq ümidini itirmədilər. Azərbaycan dövləti isə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs əsasında güclənərək öz hərbi və iqtisadi potensialını artırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi 2020-ci ildə tarixi Zəfərin əldə olunmasını təmin etdi.
Vətən müharibəsində qazanılan Qələbənin mühüm nəticələrindən biri də Ağdamın Azərbaycana qaytarılması oldu. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu işğaldan azad edildi. Beləliklə, 27 ildən artıq davam edən həsrətə son qoyuldu, Ağdam yenidən öz dövlətinə qovuşdu. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə noyabrın 20-nin Ağdam Şəhəri Günü kimi təsis edilməsi bu tarixi hadisənin əhəmiyyətini bir daha təsdiqlədi.
Ağdamın azad edilməsindən sonra Prezident İlham Əliyevin şəhərə səfəri zamanı səsləndirdiyi fikirlər Azərbaycanın gələcək quruculuq strategiyasının əsasını ifadə edirdi: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Bu qətiyyətli bəyanat sonrakı illərdə genişmiqyaslı bərpa işləri ilə real həyata vəsiqə aldı.
Bu gün Ağdam müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur. Şəhərin Baş planına uyğun olaraq yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, yollar, parklar və sosial infrastruktur yaradılır. Bərdə-Ağdam avtomobil yolu, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, regional rəqəmsal idarəetmə mərkəzi kimi layihələr şəhərin gələcək inkişafına mühüm töhfə verir. Ağdam Sənaye Parkının fəaliyyəti isə iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Quruculuq prosesində şəhərin tarixi-mədəni irsinin qorunması da diqqət mərkəzindədir. İmarət Tarix-Memarlıq Muzey Kompleksinin bərpası, Qiyaslı məscidinin yenidən istifadəyə verilməsi, Ağdam Muğam Mərkəzinin yaradılması şəhərin milli-mənəvi kimliyinin yaşadılmasına xidmət edir. Zəfər Muzeyi və açıq səma altında İşğal Muzeyinin yaradılması isə gələcək nəsillərə tariximizin həqiqətlərini çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Ağdamın dirçəlişinin ən sevindirici tərəfi Böyük Qayıdış prosesidir. 2025-ci il martın 27-dən etibarən şəhərə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması yeni həyatın başlanğıcına çevrildi. Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində həyata keçirilən layihələr, yeni yaşayış evlərinin, məktəblərin, uşaq bağçalarının və ictimai obyektlərin istifadəyə verilməsi doğma torpaqlarda həyatın yenidən canlandığını göstərir. Artıq illərlə qayıdış gününü gözləyən ailələr öz evlərində yeni həyata başlayırlar.
20 Noyabr – Ağdam Şəhəri Günü həm də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram günüdür. Onların qəhrəmanlığı, qazilərimizin fədakarlığı və xalqımızın birliyi sayəsində bu gün Ağdamda yenidən həyat qurulur.
Bu gün Ağdamın hər yeni binası, salınan hər küçəsi, istifadəyə verilən hər sosial obyekti Azərbaycanın Zəfər tarixinin davamıdır. Bir vaxtlar dağıntılarla xatırlanan şəhər indi quruculuq və inkişaf nümunəsinə çevrilir. Ağdamın dirçəlişi bir daha sübut edir ki, Azərbaycan yalnız öz torpaqlarını azad etməyi deyil, onları daha gözəl və müasir şəkildə yenidən qurmağı da bacaran qüdrətli dövlətdir. Ağdam azaddır, Ağdam dirçəlir və onun gələcəyi artıq öz doğma torpaqlarında yeni həyat quran insanların əlləri ilə yazılır.
Pərviz Hüseynzadə
YAP Babək rayon təşkilatının əməkdaşı