Tərbiyə üsulu ilə psixoloji təzyiq arasındakı incə xətt
Böyüklərin adi saydığı davranışlar uşaqlara nələr yaşadır?
Uşağın ilk sosial mühiti sayılan bağça onun gələcək şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Lakin bəzən sevgi, qayğı və inkişaf məkanı olmalı olan bu müəssisələr uşaqlar üçün qorxu, gərginlik və psixoloji təzyiq mənbəyinə çevrilir. Zaman-zaman istər özəl, istərsə də dövlət bağçalarında uşaqlara qarşı kobud davranış, emosional təzyiq halları ilə qarşılaşırıq. Bəs böyüklərin adi intizam tədbiri hesab etdiyi bu davranışlar uşağın psixologiyasında hansı izləri buraxır?
Bağça qorxu yox, güvən ünvanı olmalıdır
Uşaq bağçaya yalnız vaxt keçirmək, oyun oynamaq və ya ilkin biliklər əldə etmək üçün getmir. O, burada valideynindən kənarda ilk sosial münasibətlərini qurur, paylaşmağı, münaqişələri həll etməyi və öz hisslərini ifadə etməyi öyrənir. Başqa sözlə, bağça uşağın sosial və emosional inkişafında ailədən sonra mühüm mərhələlərdən biridir.
Lakin bu mühitdə uşağın qarşılaşdığı münasibət heç də həmişə sağlam olmur. Tərbiyəçinin yüksək səslə danışması, uşağı digər uşaqların qarşısında utandırması, yemək yemədiyinə görə danlaması, ağladığı üçün cəzalandırması və ya qorxutması bəzən gündəlik davranış kimi qəbul edilir. Ən narahatedici məqam isə bu cür münasibətlərin bəzi hallarda tərbiyə üsulu adı altında normallaşdırılmasıdır. Halbuki uşaq böyüklərin davranışını özünə qarşı münasibətin göstəricisi kimi qəbul edir. Davamlı şəkildə danlanan, alçaldılan və qorxudulan uşaq üçün bağça zamanla öyrənmə və əyləncə məkanından təhlükə hiss etdiyi bir yerə çevrilə bilər.
Aqressiyanın arxasında nə dayanır?
Cəmiyyətdə aqressiv uşaqlarla bağlı tez-tez eyni fikirləri eşidirik: “Çox ərköyündür”, “Valideyn sözünə baxmır”, “Tərbiyəsi yoxdur”. Ancaq uşağın aqressiv davranışının arxasında bəzən böyüklərin diqqət yetirmədiyi daha dərin emosional səbəblər dayanır.
Psixoloji təzyiqə məruz qalan uşaq yaşadığı qorxu, narahatlıq və narazılığı hər zaman sözlə ifadə edə bilmir. O, hisslərini qışqırmaqla, əşyaları atmaqla, yaşıdlarını vurmaqla, tez-tez ağlamaqla və ya hər şeyə etiraz etməklə büruzə verə bilər. Burada vacib məqam odur ki, aqressiya həmişə uşağın xarakterindəki mənfi xüsusiyyətin göstəricisi deyil. Bəzən bu, onun yaşadığı emosional çətinliyin görünən tərəfidir.
Uşaq bağçada daim sərt münasibətlə qarşılaşırsa, zamanla öyrəndiyi davranış modelini başqa münasibətlərə də daşıya bilər. Çünki uşaqlar yalnız deyilənləri deyil, gördüklərini də təqlid edirlər. Böyük insan problemi qışqırmaqla həll edirsə, uşaq da münaqişə zamanı eyni üsula əl ata bilər.
Səssiz uşaqlar xoşbəxt sayılır?
Bağçalarda intizam dedikdə bəzən bütün uşaqların sakit oturması, danışmaması və deyilən hər şeyi mübahisəsiz yerinə yetirməsi nəzərdə tutulur. Halbuki uşağın sakitliyi onun psixoloji rahatlığının göstəricisi olmaya bilər. Bəzi uşaqlar qorxduqları üçün susur, öz fikirlərini bildirməkdən çəkinir, səhv etməkdən həddindən artıq narahat olur. Tərbiyəçinin narazılığından ehtiyat edən uşaq hətta ehtiyaclarını söyləməyə belə cəsarət etməyə bilər. Belə uşaqlar zahirən problem yaratmayan, qaydalara əməl edən və sakit görünən uşaqlardır. Ancaq onların daxili dünyasında narahatlıq, özünəinamın azalması və qəbul edilməmək qorxusu formalaşa bilər. Bu səbəbdən bağçada yalnız aqressiv davranış göstərən uşaqlara deyil, həddindən artıq qapanan, ünsiyyətdən qaçan və özünü ifadə etməkdə çətinlik çəkən uşaqlara da diqqət yetirilməlidir.
Dövlət və özəl bağça: məsuliyyət hər yerdə eynidir
Təhsil üzrə ekspert Elçin Əfəndi “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, uşağa münasibətdə psixoloji təhlükəsizlik məsələsi bağçanın dövlətə, yoxsa özəl sektora aid olmasından asılı deyil: “Müasir təmirli otaqlar, bahalı oyuncaqlar, xarici dil dərsləri və geniş proqramlar uşağın emosional rifahına zəmanət vermir. Eyni zamanda, dövlət bağçalarında çalışan bütün pedaqoqları, yaxud özəl müəssisələri eyni cür qiymətləndirmək də doğru olmaz. Burada əsas məsələ müəssisənin adı və statusu deyil, işçilərin peşəkarlığı, davranış mədəniyyəti, uşaqlarla ünsiyyət bacarığı və rəhbərliyin nəzarət mexanizmidir.
Bağçalarda psixoloji təhlükəsizlik yalnız qaydalar və təlimatlarla təmin edilə bilməz. Pedaqoqların mütəmadi psixoloji-pedaqoji təlimlərə cəlb olunması, valideynlərin müraciətlərinə ciddi yanaşılması, uşaqların davranış dəyişikliklərinin izlənilməsi və mümkün pozuntuların araşdırılması vacibdir. Uşağa qarşı zorakılığın qarşısının alınması yalnız bir tərbiyəçinin deyil, bütün müəssisənin məsuliyyətidir”.
Tərbiyəçinin yorğunluğu uşağın qorxusuna çevrilməməlidir
Ekspertin sözlərinə görə, bağçalarda psixoloji mühitdən danışarkən pedaqoqların iş şəraitini də unutmaq olmaz: “Çoxsaylı uşaqlarla işləmək, yüksək məsuliyyət, emosional gərginlik və bəzən yetərsiz əmək şəraiti tərbiyəçilərin psixoloji vəziyyətinə təsir göstərə bilər. Lakin heç bir yorğunluq, stress və ya iş yükü uşağa qarşı kobud davranışa bəraət qazandırmır. Əksinə, keyfiyyətli məktəbəqədər təhsil sistemi təkcə uşaqların deyil, onlarla işləyən mütəxəssislərin də psixoloji rifahını nəzərə almalıdır. Pedaqoq öz emosiyalarını idarə etməyi bacarmalı, uşağın yaş xüsusiyyətlərini anlamalı və çətin davranışlara cəza ilə deyil, düzgün pedaqoji yanaşma ilə cavab verməlidir. Çünki uşaqla işləmək sadəcə qaydaları öyrətmək deyil, onun dünyasını anlamaq bacarığıdır”.
Uşağı susdurmaq yox, dinləmək lazımdır
Psixoloq Elnur Rüstəmov isə bildirib ki, uşağa qarşı davamlı qışqırmaq, təhqir etmək, hədələmək və utandırmaq onun emosional təhlükəsizlik hissinə zərər verə bilər: “Belə münasibət uşağın özünəinamına, insanlara güvənməsinə, emosiyalarını tənzimləmək bacarığına və sosial münasibətlərinə mənfi təsir göstərə bilər. Fikrimcə, bağçalarda ən ciddi problemlərdən biri uşağın davranışına yalnız böyüklərin rahatlığı prizmasından yanaşılmasıdır. Uşaq ağlayırsa, susdurulmalıdır, yemək yemirsə, məcbur edilməlidir, etiraz edirsə, itaətə gətirilməlidir. Halbuki hər davranışın arxasında müəyyən ehtiyac və emosional səbəb ola bilər”.
Valideynlərə vacib tövsiyə...
Psixoloq qeyd edib ki, uşağın aqressiv davranışına aqressiya ilə cavab vermək problemi həll etmir, əksinə, onun öyrəndiyi yanlış davranış modelini möhkəmləndirə bilər: “Belə hallarda ilk növbədə uşağın nə hiss etdiyini anlamaq, onu sakitləşdirmək, sərhədləri aydın və mehriban şəkildə izah etmək lazımdır.
Valideynlərə tövsiyəm budur ki, uşaqlarının davranışındakı dəyişiklikləri kiçik məsələ hesab etməsinlər. Bağça seçərkən yalnız tədris proqramına və şəraitə deyil, tərbiyəçilərin uşaqlarla necə danışdığına, münaqişələri necə həll etdiyinə və uşaqların həmin mühitdə özlərini nə dərəcədə rahat hiss etdiyinə də diqqət yetirsinlər. Şübhəli və ya təsdiqlənmiş zorakılıq halları ilə qarşılaşdıqda isə məsələni müəssisə rəhbərliyi və aidiyyəti qurumlar qarşısında qaldırmaqdan çəkinməsinlər.
Unutmayaq ki, uşağın bu gün bağçada eşitdiyi sərt söz sabah onun özünə və başqalarına münasibətinə çevrilə bilər. Onlardan sakit, anlayışlı və mərhəmətli insanlar olmalarını istəyiriksə, ilk növbədə özümüz onlara bu münasibətin nümunəsini göstərməliyik. Çünki bağçanın uğuru uşaqların nə qədər səssiz oturması ilə deyil, oradan nə qədər xoşbəxt, güvənli və özünəinamlı ayrılması ilə ölçülməlidir”.
Yeganə BAYRAMOVA