Mayın 26-da UNEC-in rektoru, professor Ədalət Muradov, universitetin professor-müəllim heyəti və tələbələr 28 May - Respublika Günü münasibətilə Azərbaycan İstiqlal Muzeyində olublar.
UNEC-in nümayəndə heyətinə Azərbaycanın 99 il öncəki müstəqillik dövrünü əks etdirən tarixi faktlar və sənədlər barədə məlumat verilib. Xalq hərəkatının simvoluna çevrilən Xalq Cümhuriyyətinin ilk üçrəngli bayrağı UNEC kollektivi tərəfindən maraqla qarşılanıb.
Ziyarətçilər muzeydə ekspozisiyaların nümayiş etdirildiyi 6 zal ilə tanış olublar.
Muzeyin müstəqil Azərbaycan Respublikasının tarixinə və Ümummilli lider Heydər Əliyevin fəaliyyətinə həsr edilən zalı UNEC kollektivinin xüsusi marağına səbəb olub. Burada Ulu öndərin daxili və xarici siyasəti, neft strategiyası barədə tarixi faktlar, sənədlər, kitab və qəzet materialları yer alıb. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti, son illərdə ölkəmizin qazandığı nailiyyətlər barədə məlumat və fotolar da nümayiş olunub.
Arif ƏSƏDOV