AzərTAc xəbər verir ki, noyabrın 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda səfərdə olan Fələstin dövlətinin sosial məsələlər üzrə naziri Kamal E.M.Əlşərəfi ilə görüşüb.
Ölkəmizdə həyata keçirilən dövlət qadın siyasəti haqqında məlumat verən H.Hüseynova qeyd edib ki, Prezident İlham Əliyev gender balansının təmin edilməsi məsələlərinə, ailə və uşaq problemlərinin həllinə prioritet əhəmiyyət verir. Komitə sədri Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə fəaliyyətini xüsusi vurğulayıb.
H.Hüseynova müvafiq istiqamətlər üzrə xarici ölkələr, o cümlədən Fələstin ilə əməkdaşlığın inkişafının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Kamal E.M.Əlşərəfi Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətini yüksək qiymətləndirib.
Görüşdə iki dövlət arasında memorandumun imzalanması barədə razılıq əldə olunub. Həmçinin Bakıda keçirilmiş İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransının nəticələri müzakirə edilib və beynəlxalq tədbirdə qəbul olunmuş sənədlər ətrafında fikir mübadiləsi aparılıb.