Şaxta, qar və güclü külək sınağı...

Şaxta, qar və güclü külək sınağı...

 

Bakının sərt qışa hazırlığı necə gedir?

Bakı qışı ilə heç vaxt asan dil tapmayıb. Paytaxt sakinləri üçün qış dedikdə yalnız soyuq hava, yağış və qar deyil, həm də küləyin şiddətlənməsi, küçələrdə yaranan gölməçələr, buz bağlayan yollar, nəqliyyatda gecikmələr və mənzillərdə istilik problemi ehtimalı yada düşür. Bir neçə saat davam edən güclü qar belə paytaxtın gündəlik həyatını dəyişə, avtomobillərin hərəkətini çətinləşdirə, piyadalar üçün təhlükəli vəziyyət yarada bilər.

Qar yağanda yollar bağlanacaq, şaxta düşəndə istilik və qaz təchizatında problem yaranacaqmı? Qış yaxınlaşdıqca bu suallar yenidən aktuallaşır. Aidiyyəti qurumlar hazırlıq işlərinə başladıqlarını, texnika və duz ehtiyatlarının yaradıldığını bildirirlər. Bəs bütün bunlar paytaxtı sərt qışın sınağından çıxarmağa kifayət edəcəkmi?

Bu il qışla bağlı narahatlıqlar bir qədər də artıb. 2026-2027-ci illərin qışının sərt keçə biləcəyi barədə beynəlxalq atmosfer proseslərinə əsaslanan müxtəlif müzakirələr aparılır. Xüsusilə, qütb burulğanında baş verən dəyişikliklər, El Nino hadisəsi və soyuq hava kütlələrinin hərəkəti diqqət mərkəzindədir. Bəzi xəbərlərdə son onilliklərin ən sərt qışlarından birinin yaşana biləcəyi iddia olunur.

Lakin burada bir məqamı nəzərə almaq lazımdır: indiki mərhələdə Azərbaycanın, xüsusilə, Bakının 2026-2027-ci illərdə rekord dərəcədə sərt qış keçirəcəyini təsdiqləyən rəsmi meteoroloji proqnoz yoxdur. Bununla belə, ayrı-ayrı günlərdə kəskin temperatur enməsi, şaxta və qar ehtimalı istisna edilmir.

Xüsusi texnika və duz ehtiyatı hazırlanır

Paytaxtın qışa hazırlığı ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) artıq bir sıra tədbirlərin həyata keçirildiyini açıqlayıb. Qurumun noyabrın 17-də yaydığı məlumata əsasən, şəhərin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun olaraq qarlı havalara hazırlıq işləri davam etdirilir. İlk növbədə kommunal xidmətlərin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri-yaşayış binalarında təmir işləri aparılıb.

BŞİH tərəfindən hər bir rayona qışa hazırlıq tədbirlərinə nəzarət edəcək məsul şəxslər də təyin olunub. Onlar yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birlikdə görülən işlərin vəziyyətini yoxlayıblar. Rayonlarda keçirilən müşavirələrdə isə bir sıra konkret tapşırıqlar müəyyənləşdirilib. Bunlara kifayət qədər texniki duz ehtiyatının yaradılması, qar təmizləmək üçün lazımi inventarın toplanması, xüsusi texnikaların saz vəziyyətdə saxlanılması və küçə-məhəllələrin təmizlənməsinə cavabdeh şəxslərin müəyyən edilməsi daxildir.

Bundan başqa, qarlı günlərdə kommunal qurumlarla yanaşı, bələdiyyələrin, özəl müəssisələrin, idarə və təşkilatların da öz ərazilərinin təmizlənməsində iştirak etməsi nəzərdə tutulur.

1,5 milyon manatlıq texniki duz hazırlığı

Qışa hazırlıqla bağlı diqqətçəkən məsələlərdən biri də yolların buzlaşmasına qarşı istifadə ediləcək texniki duz ehtiyatıdır. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi mövsümə hazırlıq çərçivəsində emal edilməmiş texniki duzun satın alınması üçün 1 milyon 545 min manatlıq satınalma prosesi həyata keçirib. Bu vəsait qış aylarında yolların və digər ərazilərin buzlaşmasının qarşısının alınması üçün material ehtiyatının yaradılmasına yönəlib.

12 kilometrdən çox istilik xətti yenilənib

Qış mövsümünün ən həssas məsələlərindən biri də yaşayış binalarının istiliklə təminatıdır. Xüsusilə, mərkəzləşdirilmiş istilik sistemindən istifadə edən minlərlə ailə üçün qışın rahat keçməsi bu sahədə görülən işlərdən birbaşa asılıdır.

“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev, 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinin yekun mərhələdə olduğunu bildirib. Onun sözlərinə görə, oktyabrın 27-nə hazırlıq səviyyəsi 95 faiz qiymətləndirilib, qalan işlərin isə noyabrın ilk həftələrindən sonra tamamlanması nəzərdə tutulub.

Qurumun yaydığı məlumata əsasən, istilik mövsümü noyabrın 15-dən Bakı şəhərində və bir sıra digər ərazilərdə başlayıb. Qeyd olunub ki, 2026-2027-ci illərin istilik mövsümündə 549 qazanxana, 87 istilik məntəqəsi və iki yüksəldici nasos stansiyası vasitəsilə 3 838 yaşayış binasının, təxminən 178 min mənzilin, eləcə də məktəb, uşaq bağçası və səhiyyə obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Bu rəqəmlər kifayət qədər böyük hazırlıq işlərinin aparıldığını göstərir. Bununla belə, sakinlər üçün əsas göstərici istilik xətlərinin neçə metr yenilənməsi deyil, mənzillərdə temperaturun normal səviyyədə saxlanılmasıdır.

Qışa hazırlıq təkcə dövlət qurumlarının işi deyil

Qışın sərt keçməsi ehtimalı hər bir sakinin də əvvəlcədən tədbir görməsini zəruri edir. Xüsusilə, yaşlılar, uşaqlar və sağlamlıq baxımından həssas insanlar soyuq hava şəraitində daha diqqətli olmalıdırlar. Binaların dam örtüklərinin, su və kanalizasiya xətlərinin, giriş qapılarının və pəncərələrin vəziyyəti yoxlanılmalıdır. Fərdi istilik sistemlərindən istifadə edənlər avadanlıqların texniki baxışını gecikdirməməlidirlər.

Avtomobil sahibləri isə qış mövsümünə uyğun şinlərdən istifadə etməli, akkumulyatorun, əyləc sisteminin və digər vacib hissələrin vəziyyətini yoxlamalıdırlar.

Bununla yanaşı, güclü qar və buzlaşma zamanı zərurət olmadıqca şəxsi avtomobillə hərəkətin məhdudlaşdırılması da şəhər yollarında sıxlığın və qəza riskinin azalmasına kömək edə bilər.

Bakı qışın sınağından çıxa biləcəkmi?

Bakı Şəhər İcra Hakimiyyətinin kommunal xidmətləri səfərbər etməsi, texniki duz ehtiyatının yaradılması, “Azəristiliktəchizat”ın istilik infrastrukturunda apardığı yenilənmə işləri müsbət addımlardır. İndi əsas məsələ bu hazırlığın real hava şəraitində nə dərəcədə səmərəli nəticə verəcəyidir. Məlumdur ki, qışa hazırlıq yalnız texnikanın qarajda, duzun anbarda, qazanxananın isə işlək vəziyyətdə olması demək deyil. Əsl hazırlıq qarın yağdığı ilk saatlarda yolların təmizlənməsi, buzlaşmanın vaxtında qarşısının alınması, mənzillərə istiliyin fasiləsiz verilməsi və yaranan problemlərin operativ həllidir.

Bu qış Bakı üçün həm kommunal xidmətlərin, həm nəqliyyat sisteminin, həm də şəhər sakinlərinin hazırlığının ciddi sınağına çevrilə bilər. Paytaxtın qışdan üzüağ çıxması isə indidən görülən tədbirlərin praktikada nə dərəcədə işləyəcəyindən asılı olacaq.

Yeganə BAYRAMOVA