Dəmir yolu işçilərinin bayramıdır
Elə peşələr var ki, onların əhəmiyyəti yalnız iqtisadi göstəricilərlə, daşınan yüklərin həcmi və ya qət edilən kilometrlərlə ölçülmür. Çünki bu peşələrin arxasında insanların gündəlik həyatını asanlaşdıran, şəhərləri və kəndləri bir-birinə yaxınlaşdıran, ailələri qovuşduran, ölkənin ayrı-ayrı guşələri arasında görünməz körpülər yaradan böyük zəhmət, məsuliyyət və fədakarlıq dayanır. Dəmiryolçuluq da məhz belə peşələrdəndir. Polad relslərin üzərində hərəkət edən qatarların ahəngində minlərlə insanın alın təri, peşəkarlığı, intizamı və öz işinə sonsuz sədaqəti var.
Dəmir yolu özünəməxsus bir dünyadır. Burada hər dəqiqənin, hər siqnalın, hər texniki yoxlamanın, hər qərarın öz mənası və əhəmiyyəti var. Qatarın vaxtında yola düşməsi, müəyyən olunmuş marşrut üzrə təhlükəsiz hərəkəti və təyinat məntəqəsinə vaxtında çatması çoxsaylı əməkdaşların bir-birini tamamlayan fəaliyyətindən, dəqiq hesablamalardan və illərlə qazanılmış təcrübədən asılıdır. Bu səbəbdən də dəmiryolçunun işi yalnız müəyyən vəzifəni yerinə yetirmək deyil, həm də böyük bir məsuliyyət zəncirinin mühüm halqası olmaq, insanların təhlükəsizliyini düşünmək və hər bir iş gününü peşə borcuna sədaqətlə başa vurmaq deməkdir.
Yeri gəlmişkən, bu gün Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı qeyd olunur. Prezident İlham Əliyevin 7 oktyabr 2005-ci ildə imzaladığı “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncamına əsasən, hər ilin oktyabrın 13-ü dəmir yolu işçilərinin peşə bayramı günü qeyd edilir.
Azərbaycanın dəmir yolu tarixinin kökləri XIX əsrin ikinci yarısına, Bakı neftinin sürətlə artan şöhrətinin ölkənin iqtisadi həyatına yeni nəfəs gətirdiyi dövrə gedib çıxır. O illərdə neftin və digər yüklərin ənənəvi üsullarla daşınması artan tələbatı ödəmədiyindən, dəmir yolu nəqliyyatı iqtisadi inkişafın vacib şərtlərindən birinə çevrilmişdi. Bu istiqamətdə atılan ilk addımlar isə sonrakı onilliklərdə ölkənin nəqliyyat sisteminin formalaşmasına güclü təkan verib.
1878-ci ildə tikintisinə başlanılan Bakı-Sabunçu-Suraxanı dəmir yolu xəttinin 1880-ci ildə istifadəyə verilməsi Azərbaycanın nəqliyyat tarixində yeni səhifə açdı. Əvvəlcə neft sənayesinin ehtiyaclarına xidmət edən bu xətt zaman keçdikcə sərnişin daşımaları üçün də əhəmiyyət qazanaraq dəmir yolunun insanların gündəlik həyatına daxil olmasının əsasını qoydu. 1883-cü ildə Bakı ilə Tiflis arasında magistral dəmir yolunun fəaliyyətə başlaması isə Azərbaycanın iqtisadi və ticarət əlaqələrinin genişlənməsinə, Bakı limanının və neft sənayesinin imkanlarının artmasına, ölkənin regionlararası nəqliyyat əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verdi.
Azərbaycan dəmir yolu müxtəlif dövrlərdə müharibələrin, iqtisadi çətinliklərin, texnoloji dəyişikliklərin və böyük quruculuq proseslərinin də şahidi olub. Xüsusilə, İkinci Dünya müharibəsi illərində Azərbaycanın neft sənayesinin cəbhənin yanacaq təminatında oynadığı mühüm rol fonunda dəmir yolu nəqliyyatı da böyük strateji əhəmiyyət daşıyıb. Yanacaq, ərzaq, hərbi təyinatlı yüklər və digər zəruri materialların daşınmasında dəmiryolçuların əməyi ölkənin ümumi səfərbərlik imkanlarının mühüm hissəsinə çevrilib.
Müstəqilliyin ilk illərində qarşıya çıxan iqtisadi çətinliklər və nəqliyyat əlaqələrinin yenidən qurulması zərurəti dəmir yolu sahəsinin qarşısında ciddi vəzifələr qoysa da, sonrakı illərdə həyata keçirilən islahatlar, infrastrukturun yenilənməsi, yeni texniki vasitələrin alınması və idarəetmənin təkmilləşdirilməsi bu sahənin inkişafı üçün yeni imkanlar yaradıb. 2009-cu ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması isə dəmir yolu sektorunun müasir tələblərə uyğun idarə olunması, ölkədaxili və beynəlxalq daşımaların inkişafı, tranzit imkanlarının genişləndirilməsi və infrastrukturun yenilənməsi baxımından mühüm institusional mərhələ olub.
Bu gün müasir dünyada nəqliyyat sistemlərinin qarşısında yeni tələblər dayanır. Rəqəmsallaşma, avtomatlaşdırma, enerji səmərəliliyi, ekoloji məsuliyyət, xidmət keyfiyyəti və təhlükəsizlik standartları dəmir yolu təsərrüfatının inkişaf istiqamətlərini müəyyənləşdirir. Belə bir şəraitdə dəmiryolçuların üzərinə düşən vəzifələr daha da genişlənir. Müasir qatarların idarə olunması, mürəkkəb texniki avadanlıqların istismarı, hərəkətin fasiləsiz təşkili və sərnişin məmnuniyyətinin təmin edilməsi yalnız ənənəvi təcrübə deyil, həm də davamlı öyrənmə, yeniliklərə açıq olmaq və peşə bacarıqlarını mütəmadi təkmilləşdirmək tələb edir.
Dəmir yolunun gələcəyi yalnız yeni lokomotivlərin, müasir vaqonların və yenilənən infrastrukturun hesabına qurulmur. Bu gələcəyin əsasını həm də öz işini sevən, peşəsinə hörmətlə yanaşan, gənc nəslə təcrübəsini ötürən və hər bir yeniliyi ölkənin inkişafına töhfə vermək imkanı kimi dəyərləndirən insanlar təşkil edir. Belə ki, texnologiya nə qədər inkişaf etsə də, onun səmərəli işləməsini təmin edən insan amili, düzgün qərar vermək bacarığı, məsuliyyət hissi və əməyə mənəvi bağlılıq hər zaman öz əhəmiyyətini qoruyub saxlayacaq.
Yeganə BAYRAMOVA