Gənclər və idman naziri Fərid Qayıbov: “Biz gənclərimizlə fəxr edirik”

“Cənab Prezidentin dəstəyi ilə gənclərimiz bu gün bütün sahələrdə böyük uğurlara imza atırlar. Biz gənclərimizlə fəxr edirik. Gənclərimizin müxtəlif sahələrdə qazandıqları yeni uğurların, qələbələrin şahidi oluruq”. Bu sözləri Gənclərin Milli-Mənəvi Dəyərlər Ruhunda Tərbiyəsi konfransında çıxışı zamanı gənclər və idman naziri Fərid Qayıbov deyib. Nazir çıxışında beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən gənclərin nailiyyətlərinə də toxunub: “Bu günlərdə beynəlxalq arenada ölkəmizi uğurla təmsil etmiş bir qrup gənclə görüşdüm. Bu, onların potensialının və Azərbaycan gəncliyinin uğurlarının göstəricisidir.

Müzakirə etdiyimiz mövzu olduqca vacibdir. Cənab Prezident gənclərlə keçirdiyi görüşlərdə milli-mənəvi dəyərlərimizin qorunmasının əhəmiyyətini dəfələrlə vurğulayıb. Bu istiqamətdə müvafiq tapşırıqlar verilib, milli-mənəvi dəyərlərin qorunması məsələsi dövlət proqramlarında və gənclər strategiyasında öz əksini tapıb”. Fərid Qayıbov vurğulayıb ki, əsas məsələlərdən biri milli-mənəvi dəyərlərin gənclər arasında təşviq edilməsi və onların gələcək nəsillərə ötürülməsinin təmin olunmasıdır. Bu baxımdan konfransların, forumların və digər maarifləndirici tədbirlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır.