Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Qaradağ rayonunda aztəminatlı ailələrlə görüş keçirilib.
Qaradağ rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirilib ki, tədbirdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışılıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsas məzmununu milli mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyi qeyd olunub. Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu tərəfindən hər bayramda olduğu kimi, bu dəfə də aztəminatlı ailələrə bayram payı göndərildiyi vurğulanıb.
Görüş iştirakçıları adından çıxış edənlər diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.
Sonda Qaradağ rayonu ərazisində yaşayan 3800 aztəminatlı ailəyə ərzaq yardımı paylanıb.