İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Məzun Günü” keçirilib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı universiteti bitirən gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bu il 1904 nəfər tələbənin məzun olduğunu deyən rektor M.Babanlı 2016-2017-ci tədris ilində 190 nəfər bakalavr və 168 magistrantın universiteti fərqlənmə diplomu ilə bitirdiyini qeyd edib.
Məzunları təbrik edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov onlara gələcək həyatında uğurlar arzulayıb. Təhsil ocağının hər zaman keyfiyyətli təhsili ilə fərqləndiyini deyən A.Əsgərov bu ali məktəbin məzunlarının müxtəlif sahələrdə böyük uğurlar qazandığını bildirib.
Millət vəkilləri Məlahət İbrahimqızı və Hüseynbala Mirələmov da ADNSU məzunlarını təbrik edib, onlara gələcəkdə universitetin adını layiqincə təmsil etməyi tövsiyə ediblər.
Daha sonra universiteti əla qiymətlərlə bitirən tələbələrə fərqlənmə diplomları və xatirə hədiyyələri təqdim edilib.
Tədbir universitetin “Gənclik” mahnı və rəqs ansamblının çıxışı və tanınmış müğənnilərin ifaları ilə davam etdirilib.