47 il əvvəl başlamış ABŞ-İran qarşıdurması yeni mərhələyə qədəm qoya bilər
Beynəlxalq aləm bu ilin fevralından start götürən ABŞ-İran müharibəsinin dayandırılması istiqamətində fəaliyyətin davamını izlərkən, sükut yenidən pozulub. Belə ki, ABŞ qüvvələri Hörmüz boğazında yerləşən İranın Qeşm adasına hava zərbələri endirib. Bu barədə “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, adada baş verən partlayışlar barədə daha əvvəl İranın IRNA agentliyi məlumat yayıb. ABŞ rəsmiləri zərbələri müdafiə xarakterli addım kimi qiymətləndirərək məqsədin İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum imkanlarını məhdudlaşdırmaq olduğunu bildiriblər. Məlumata görə, ABŞ tərəfi genişmiqyaslı hərbi əməliyyatların bərpası təəssüratı yaratmamaq üçün zərbələr barədə rəsmi açıqlama verməyib. ABŞ Mərkəzi Komandanlığı da hadisə ilə bağlı hələlik məlumat yaymayıb. Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu daha əvvəl Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus pilotsuz uçuş aparatlarının vurulduğunu və ələ keçirildiyini iddia edib.
Danışıqlar davam edir
Prosesin danışıqlar yolu ilə həlli istiqamətində müəyyən addımlar davam etdirilməkdədir. Qətərli vasitəçilər ABŞ ilə mümkün razılaşmanı müzakirə etmək məqsədilə İrana səfər ediblər. Bu barədə “Reuters” agentliyi mənbəyə istinadla xəbər yayıb. Məlumata görə, Qətər nümayəndələri İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşərək Vaşinqton və Tehran arasında müzakirə olunan saziş layihəsini nəzərdən keçirəcəklər.
Mənbənin bildirdiyinə görə, tərəflər arasında sənədlə bağlı danışıqlar son səkkiz gündür davam edir. Qeyd edək ki, İran nümayəndə heyəti noyabrın 1-də məsləhətləşmələrdə iştirak etmək üçün olduğu Dohadan ayrılıb. “Reuters”in məlumatına görə, tərəflər saziş layihəsi ilə bağlı rəyləri nəzərdən keçirir və əlavə görüşlər istisna edilmir.
Tramp hələ gözləyir...
Qeşm adasına hücumdan əvvəl isə Vaşinqton da hərbi əməliyyatların hələ başlamayacağını bildirmişdi. Belə ki, ABŞ Prezidenti Donald Tramp İranla hərbi əməliyyatların yenidən başlanması barədə qərar qəbul etməyə tələsmədiyini açıqlamışdı. Tramp bu barədə “Axios” nəşrinə müsahibəsində danışıb. “Bu və ya digər şəkildə nəsə edəcəyik, lakin tələsmirik. Biz onları maliyyə baxımından iflic etmişik. Onların nə pulu, nə benzini var, əhalisi isə bu vəziyyətdən getdikcə daha çox yorulur”, - deyə ABŞ Prezidenti bildirib. Tramp Vaşinqtonun Tehranla danışıqları davam etdirdiyini və diplomatik razılaşma imkanlarını nəzərdən keçirdiyini vurğulayıb. “Biz onlarla danışırıq. Hər şey yaxşı gedir. Problem ondadır ki, onlar prosesi uzatmağa çalışırlar. İran tərəfinin təcili razılaşma əldə etmək istəyi düşündüyünüzdən daha azdır. Bununla belə, onlar əvvəlkindən daha çox razılaşma əldə etmək istəyirlər”, - deyə Tramp qeyd edib.
Vens hərbi əməliyyatların başlamasını istisna etmir
Vitse-prezident Cey. Di. Vens isə ABŞ və İran arasında münaqişənin başa çatdırılması ilə bağlı danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu bildirib. Onun sözlərinə görə, tərəflər arasında bir sıra müsbət məsləhətləşmələr aparılıb və danışıqların davam etdirilməsi nəzərdə tutulur. Vens ABŞ Prezidenti Donald Trampın da diplomatik həll perspektivlərinə nikbin yanaşdığını qeyd edib. Bununla yanaşı, vitse-prezident İran tərəfinin mövqeyinin bəzən gözlənilməz olduğunu vurğulayıb və Tehrana qarşı hərbi əməliyyatların yenidən başlanması ehtimalının istisna edilmədiyini bildirib. O əlavə edib ki, ABŞ administrasiyası İranla mümkün razılaşmanın əldə olunması üçün konkret vaxt çərçivəsi müəyyən etməyib. Onun sözlərinə görə, Vaşinqtonun əsas tələbi İranın nüvə proqramının tamamilə dayandırılması və gələcəkdə bərpa edilməməsinə zəmanət verilməsidir. Vens qeyd edib ki, bu məsələ ABŞ-ın Tehranla danışıqlarda başlıca narahatlığı olaraq qalır.
İran Avropanı hədələyir
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyata xərclənən 30 milyard dolları “sadəcə xırda bir şey” hesab etdiyini söyləyib. “Çox axmaq bir konqresmenin İranla müharibəyə xərclənən 30 milyard dollar haqqında danışdığını dinlədim. Bu, sadəcə xırda bir şeydir, çünki biz Venesuelada dəfələrlə çox pul qazandıq”, - deyə dövlət başçısı Fox News-da bildirib.
Amerika liderinin sözlərinə görə, ABŞ İranla münaqişədə güc mövqeyindən çıxış edir və iki tərəfin razılığa gələ bilməsi üçün “çox yaxşı bir şans var”.
İran isə öz növbəsində Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirməklə qarşı tərəfi hədələyir. İran parlamentinin üzvü Mənuçöhr Müttəki Avropaya Tehrana qarşı müharibədə iştirak etməmək barədə xəbərdarlıq ünvanlayıb. Məclis üzvü Britaniya, Almaniya, İtaliya və Portuqaliya kimi Qərb ölkələrini İrana qarşı hərbi əməliyyatlar aparan Amerika qırıcı təyyarələrinə öz hərbi bazalarını verməkdə günahlandırıb.
47 il öncə noyabrda...
ABŞ-İran gərginliyinin məhz noyabrda yenidən artması tarixi bir faktı yenidən yada salıb. Belə ki, 1979-1981-ci illərdə ABŞ ilə İran arasındakı baş verən və tarixə “İran girov böhranı” kimi düşən hadisə də məhz noyabrda baş vermişdi. 47 il öncə İranda baş vermiş İslam İnqilabının ardından hakimiyyət müvəqqəti İran hökumətinin əlinə keçmişdi. 1979-cu il noyabrın 4-də Müsəlman Tələbə Təşkilatı ABŞ-ın Tehrandakı səfirliyini zəbt etdi. 66 amerikalı diplomat girov götürüldü - altı amerikalı diplomat isə qaça bildi. Sonradan həmin diplomatlar Kanada səfirliyinin köməyi ilə İrandan çıxarıldılar. ABŞ səfirliyinə hücum edənlər girovlar qarşılığında Nyu-York xəstəxanasında müalicə olunan devrilmiş şah Məhəmməd Rza Pəhləvinin İrana təhvil verilməsini tələb edirdilər. ABŞ prezidenti Cimmi Karter hücumu beynəlxalq qanunların pozulması və terror aktı kimi qiymətləndirərək İrandan Amerika səfirliyini və saxlanılan diplomatları dərhal azad etməyi tələb etdi. Ayətullah Xomeyninin rəhbərlik etdiyi hökumət ABŞ-ın tələbini rədd etdi və səfirliyi ələ keçirən radikalları dəstəklədi. 1979-cu il noyabrın 19-20-də 13 girov - qadınlar və səfirliyin qaradərili əməkdaşları azad olundu. Digər girovların azad edilməsi istiqamətində keçirilən hərbi əməliyyat isə uğursuzluqla nəticələndi - 1980-ci il aprelin 24-də başlayan əməliyyatda hərbi helikopter aerodromda dayanan təyyarə ilə toqquşdu, səkkiz amerikalı hərbçi həlak oldu. 1980-ci ilin yazında uğursuz girovların xilas edilməsi əməliyyatı və münaqişənin həll olunmaması ABŞ prezidenti Cimmi Karterin reputasiyasına mənfi təsir göstərdi və onun 1980-ci il seçkilərində sarsıdıcı məğlubiyyətinin səbəblərindən birinə çevrildi. 1980-ci il iyulun 27-də Məhəmməd Rza Pəhləvinin ölümü və sentyabrda başlayan İran-İraq müharibəsi İran hökumətini ABŞ-la danışıqlara başlamağa sövq etdi. Bu işdə Əlcəzair və Böyük Britaniya vasitəçi kimi çıxış etdilər. Girovlar azad edilsə də, ABŞ İranın bank hesablarına qoyulan qadağanı götürmədi və ticarət sanksiyalarını ləğv etmədi. 1981-ci il yanvarın 20-də girovluqda qalan 52 diplomat 444 gün həbsdə saxlandıqdan sonra sərbəst buraxıldı. 2016-cı ildə isə girov böhranının ABŞ-dan olan qurbanları çətin sınaqdan 36 il sonra kompensasiya aldılar. 53 vətəndaş və ya onların varisləri üçün 4,4 milyon dollar məbləğində kompensasiya ödənlidi...
P.İSMAYILOV