Şuşada etnik medianın rolu barədə danışmaq üçün bu cür qlobal konfransın keçirilməsinin olduqca mühüm əhəmiyyət kəsb etdiyini düşünürəm. Tariximizi, öz hekayəmizi qoruyub saxlamaq və onu sərbəst şəkildə danışmaq azadlığına sahib olmaq baxımından etnik media bizim üçün həyati əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a müsahibəsində IV Şuşa Qlobal Media Forumunun iştirakçısı, Kanadanın “Panjab TV” kanalının beynəlxalq siyasi məsələlər üzrə müxbiri Harprit Sinqh deyib.
Tədbirin təşkilinə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirən Forum iştirakçısı deyib: “Bu, həm digər media qurumları, həm də bizimlə eyni problemlərlə - öz kimliyini və irsini qorumaq çətinlikləri ilə üzləşən xarici həmkarlarımızla görüşmək üçün əla bir fürsətdir. Eyni zamanda, xarici hökumətlər tərəfindən sıxışdırılan və məzlum vəziyyətə salınan icmaların öz müqəddəratını təyinetmə hüququ barədə açıq şəkildə danışmaq üçün böyük bir imkandır", - deyə Harprit Sinqh bildirib.