Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən ölkəmizdə səfərdə olan Avropa İttifaqı (Aİ) Şurasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Aİ arasındakı əməkdaşlığın mövcud vəziyyəti, Praqada keçirilmiş “Şərq tərəfdaşlığı - Cənub dəhlizi” sammitinin yekunları, regional sabitlik, enerji təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesinə toxunan nazir E.Məmmədyarov bildirib ki, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe münaqişənin nizamlanmasını uzadır və onun həll edilməməsi regionda mövcud kövrək vəziyyəti daha da gərginləşdirə bilər.