“3+3” yenidən toplanacaqmı?

“3+3” yenidən toplanacaqmı?

Moskva ümid etsə də, reallıqlar fərqlidir

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbə Cənubi Qafqazda geosiyasi reallıqları dəyişməklə yanaşı, müharibədən sonrakı mərhələdə sülhə, təhlükəsizliyə və qarşılıqlı əməkdaşlığa əsaslanan yeni münasibətlər sisteminin formalaşmasına da zəmin yaradıb. Bu gün regionda müşahidə olunan proseslər göstərir ki, hərbi-siyasi üstünlüyünü təmin etmiş Azərbaycan həmin mövqedən yalnız milli maraqlarının reallaşdırılması üçün deyil, bütövlükdə bölgənin inkişafı və tərəqqisi naminə istifadə edir. Bakının uzun illər ərzində yaratdığı nəqliyyat, logistika və enerji infrastrukturu, əlverişli coğrafi mövqeyi, beynəlxalq tərəfdaşları ilə qurduğu etibarlı münasibətlər Cənubi Qafqazı daha geniş iqtisadi və siyasi əməkdaşlıq məkanına çevirmək üçün mühüm imkanlar açır. Təsadüfi deyil ki, regionun gələcəyini müəyyənləşdirən proseslərdə Azərbaycanın iştirakı və təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır. Artıq ayrı-ayrı dövlətlər də anlayırlar ki, bölgədə dayanıqlı təhlükəsizlik və iqtisadi inkişaf qarşılıqlı maraqların uzlaşdırılmasından, süni maneələrin aradan qaldırılmasından keçir.

Qeyd edək ki, post-müharibə dövründə aktuallaşan hətta bir neçə dəfə  müzakirələr aparan platformalardan biri də “3+3” regional əməkdaşlıq formatı idi. Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın  bir araya gəlməsi perspektivi üzərindən yaranan bu təşəbbüs regionla bağlı məsələlərin müzakirəsi və həlli baxımından mühüm platforma kimi nəzərdən keçirilirdi. Amma o qədər də aktiv olmayan bu platforma subyektiv və obyektiv səbəblərdən aktuallıq qazanmadı. Xüsusilə, regionda başlanan qarşıdurmalar bu platformanın xüsusi vüsət qazanmasına mane oldu.

Rusiya ümid edir...

Qeyd edək ki, Rusiya bu regional əməkdaşlıq formatının yenidən fəaliyyətinin dirçəldilməsi istiqamətində təkliflər irəli sürüb. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avrasiya təhlükəsizliyi üzrə IV Minsk Beynəlxalq Konfransının yüksəksəviyyəli plenar iclasında çıxışı zamanı bildirib ki, Rusiya regional məsləhətləşmə platforması olan “3+3” formatında növbəti görüşün yaxın vaxtlarda keçirilməsini gözləyir. “Bu platformanın iştirakçıları ümumi maraqları birləşdirən gündəliyin reallaşdırılması barədə razılığa gəliblər. Ümid edirik ki, yaxın vaxtlarda bu formatda növbəti görüş keçiriləcək”, - deyə Rusiyanın xarici siyasət idarəsinin rəhbəri bildirib.

5 ilə 3 görüş...

“3+3” formatında ilk iclas Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində 2021-ci il 10 dekabr tarixində Moskvada keçirilmişdi. Sonrakı tədbir isə 2023-cü ilin oktyabrında XİN başçılarının iştirakı ilə Tehranda reallaşıb. Moskva toplantısında iqtisadiyyat, energetika, ticarət, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, təbii ehtiyatlar, təhsil, mədəniyyət, turizm kimi sahələr üzrə əməkdaşlığın perspektivi nəzərdən keçirilmişdisə, Tehranda baş tutan beştərəfli görüşdə regional kommunikasiya məsələsi də müzakirə predmetinə çevrilmişdi. Bu formatda növbəti, hələlik isə son görüş  2024-cü ilin oktyabrında Türkiyədə baş tutdu. Görüşün sonunda kommünike imzalandı. Gürcüstanın platformaya qoşulmaq imkanının açıq saxlanıldığı xüsusi vurğulandı. Ötən ilin yayında Ermənistan “3+3” formatında nazirlərin növbəti görüşünü keçirməyə hazır olduğunu bəyan etsə də, 4-cü rəsmi toplantı baş tutmadı. 

3+3-ün perspektivi...

Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, regional iqtisadi əlaqələrin genişləndirilməsi baxımından 3+3 formatı vaxtilə mühüm perspektivlər vəd edirdi. Bu platformanın əsas ideyası region dövlətlərinin problemlərini kənar müdaxilələr olmadan, birbaşa dialoq və qarşılıqlı maraqlar əsasında müzakirə etməsi idi. Lakin ötən müddət ərzində keçirilən toplantıların nəticələri göstərir ki, ilkin niyyətlərlə real siyasi imkanlar arasında müəyyən məsafə mövcuddur. 2021-ci ildə Moskvada başlayan, 2023-cü ildə Tehranda və 2024-cü ildə İstanbulda davam edən görüşlər hələlik davamlı institusional əməkdaşlıq mexanizminə çevrilə bilməyib. Tərəflərin fərqli geosiyasi maraqları, regiondakı mürəkkəb münasibətlər və bəzi iştirakçıların mövqelərindəki ziddiyyətlər formatın fəaliyyət imkanlarını məhdudlaşdırır. Gürcüstanın prosesdə iştirak etməməsi də platformanın regional təmsilçilik baxımından əhatəliliyini zəiflədir. Digər tərəfdən, Azərbaycanın müharibədən sonrakı mərhələdə irəli sürdüyü sülh və əməkdaşlıq gündəliyi artıq yeni siyasi reallıqlar yaradıb. Bir çox siyasi analitiklərin fikrincə, bu baxımdan 3+3 platformasının indiki vəziyyətdə ciddi siyasi dinamika nümayiş etdirməməsi onun yaxın perspektivdə aparıcı regional mexanizmə çevriləcəyi ilə bağlı gözləntiləri zəiflədir. Bununla belə, formatın imkanları tamamilə istisna da edilmir - siyasi bəyanatların real addımlarla əvəzlənməsi halında bu formatın müzakirələrinin mühüm nəticələr vəd edəcəyi də gözlənilə bilər.

Burada əsas məqamlardan biri də Ermənistan ilə Rusiya arasındakı münasibətlərin fərqli istiqamətdə inkişafıdır. İrəvanın “üzünü” başqa siyasi istiqamətə yönəltməsi Moskva ilə münasibətlərinə təsirsiz ötüşməyib. Hətta Ermənistan rəsmiləri KTMT müstəvisində belə keçirilən görüşlərə qatılmırlar. Belə olan halda, Moskvanın İrəvanla yenidən isti münasibətə qədəm qoyacağı ən azından indiki halda inandırıcı görünmür.

Bakının formalaşdırdığı reallıqlar...

Vurğulandığı kimi, bu formatın missiyası iqtisadi əməkdaşlıq platforması təşkil etmək, bütövlükdə bölgənin maraqlarını özündə ehtiva edən addımların atılmasını təşviq etməkdir. Regionda iqtisadi münasibətlərin inkişafı və əməkdaşlığın möhkəmləndirilməsi üçün ən vacib şərtlərdən biri isə məhz Ermənistanın öz qonşuları ilə münasibətlərini sülh və ədalət çərçivəsində qurmasına əsaslanır. Rəsmi İrəvan anlamalıdır ki, indiki halda iqtisadi inkişaf, regional əməkdaşlıq, qarşılıqlı anlaşma onların siyasi müstəqilliyini də təmin etmək iqtidarındadır.

Azərbaycan isə bütün hallarda istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə qlobal səmərəsini düşünür - ölkəmiz üçün bölgənin ümumi inkişaf tempinin yüksəlməsi əsas hədəfdir. Məhz ölkəmizin səyi nəticəsində Cənubi Qafqaz yeni iqtisadi-siyasi nizamın ən mühüm elementlərindən biri qismində çıxış edir. Azərbaycanın siyasi qətiyyəti sayəsində regional sabitlikdən tutmuş enerji-logistika inteqrasiyasına qədər geniş sahələr birmənalı əməkdaşlıq müstəvisinin konturlarını təşkil edir. Azərbaycan bu prosesdə həm sülhün təminatçısı, həm də inteqrasiyanın əsas həlqəsi rolunu oynayır. Rəsmi Bakı regional dövrdə təcridçilik deyil, əməkdaşlıq xəttini seçərək bütün dövlətlər üçün ortaq maraq zonası formalaşdırmağa nail olub - Ermənistana taxıl ixracına icazənin verilməsi, neft məhsularının satılması buna bariz sübutdur. Beləliklə, Azərabycanın səyi ilə əməkdaşlıq mexanizmləri iqtisadi modelə çevrilərək yeni regional arxitekturanın əsas elementlərindən biri kimi çıxış edir. Həm Şərqin, həm də Qərbin geosiyasi maraq dairəsində olan coğrafiyamızı aktual edən də məhz Azərbaycanın iradəsi ilə qətiləşən sabitlik faktorudur.

SADİQ