Avstriyanın Lins şəhərində maraqlı hadisə baş verib. yeniazerbaycan.com Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, cərrah əməliyyat zamanı xəstənin sağlam ayağını amputasiya edib. Yaşlı xəstənin sol ayağı əvəzinə sağ ayağını kəsən həkimin bu səhvi iki gün sonra üzə çıxıb.
Lins şəhərinin məhkəməsi 43 yaşlı cərrahı açıq-aşkar səhlənkarlıqda təqsirli bilib və onu 2700 avro cərimələyib. Eyni zamanda, məhkəmədən qabaq dünyasını dəyişən 82 yaşlı xəstənin dul arvadına 5 min avro təzminat ödənilməsinə də qərar verilib.
Məhkəməyə gətirilən cərrah əməliyyat otağında çalışan qrupun arasında problem olduğunu bildirib. Amputasiya üçün niyə xəstənin sol ayağını deyil, sağ ayağını işarələdiyini soruşduqda, həkim “Doğrudan da bilmirəm” cavabını verib.
Şərti cəza alan həmin həkim başqa klinikaya köçürülüb.