Təmiz enerji sahəsində strateji tərəfdaşlıq

Təmiz enerji sahəsində strateji tərəfdaşlıq

Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan saziş imzalayıb

Antalyada COP31 çərçivəsində “Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili və Bolqarıstanın energetika naziri İva Petrova imzalayıblar. Sənəd “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” “yaşıl enerji” dəhlizinin inkişafına, regional enerji bağlantılarının gücləndirilməsinə və ötürmə marşrutlarının şaxələndirilməsinə xidmət edir. Sənəd təmiz elektrik enerjisinin ötürülməsi və təchizatı üzrə əməkdaşlığı, təhlükəsiz və fasiləsiz ötürmə üçün zəruri şərtlərin müəyyənləşdirilməsini, eləcə də layihə çərçivəsində fiber-optik rabitənin təkmilləşdirilməsini nəzərdə tutur.

“Yaşıl Enerji Dəhlizi”ndə yeni mərhələ

Dörd ölkənin anlaşma sazişi “Yaşıl Enerji Dəhlizi”nin icrasında yeni mərhələnin başlanması deməkdir. Belə ki, 2022-ci ildə əldə edilmiş razılaşmaya əsasən, “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində tərəfdaşlıq haqqında ilkin açar sazişi imzalanıb. Ötən il “yaşıl enerji”nin ixracında tranzitlərin birləşdirilməsi və vahid kabelin yaradılması üçün hüquqi çərçivə formalaşıb. 2026-cı ilin may ayında İstanbulda keçirilən “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə nazirlərin 3-cü görüşündə “Yaşıl Elektrik Enerjisinin Ötürülməsi və Ticarəti” layihəsi çərçivəsində dörd ölkənin ötürmə sistemi operatorları (TSO) tərəfindən birgə şirkətin yaradılması barədə qərar qəbul edilib.

Bu sənəd “yaşıl enerji” proqramı üzrə tərəfdaş ölkələri bir araya gətirməklə “yaşıl gündəliyi” müəyyənləşdirib.

Strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması ilə təmiz enerjiyə keçid üçün konkret icra planı və yol xəritəsi elan olunur ki, bu da artıq “Qara dəniz kabeli” adlandırılan enerji layihəsinin fiziki hazırlığından xəbər verir. Bununla da layihə PMI (Ortaq Maraqlar Layihəsi) statusuna yüksəldilmiş olur.

Hazırda layihənin Qara dəniz komponenti üzrə 2200 metrədək dərinliyində sualtı kabelin çəkilməsi üçün qabaqcıl texnoloji həllərin tətbiqi işləri aparılır. Layihənin kommersiya dayanıqlılığının təmin edilməsi məqsədilə tənzimlənən və kommersiya komponentlərini birləşdirən hibrid biznes modeli nəzərdən keçirilir ki, bu, modelin uzunmüddətli elektrik enerjisi alqı-satqı müqavilələrinə, özəl kapitalın iştirakına və transsərhəd elektrik enerjisi ticarətinin inkişafına əsaslanır. Bundan sonra beynəlxalq maliyyə institutlarının və özəl investorların iştirakının, etibarlı biznes modelinin və uzunmüddətli kommersiya razılaşmalarının təmin edilməsi yekun investisiya qərarı gerçəkləşdirəcək.

Ümumilikdə, “Yaşıl Enerji Dəhlizi”nin yekun investisiya qərarının 2029-cu ildə tamamlanması nəzərdə tutulur.

Qarabağ və Naxçıvanı birləşdirən “yaşıl hədəflər”

“Yaşıl Enerji Dəhlizi”nin digər mühüm prioriteti işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının bərpaolunan güclərinin bu nəql xəttinə cəlb edilməsidir. Həmin ssenariyə əsasən, azad ərazilərdə günəş enerjisi layihəsinin icrasına dair anlaşma əldə edilib. Azərbaycan hökuməti və “Enerso Cəbrayıl” MMC, “Clean Energy Jabrayil” MMC arasında imzalanmış sazişlərə əsasən, Cəbrayıl rayonunda 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası və 50 MVt gücündə “Şəms” Günəş Elektrik Stansiyası inşa olunacaq. Azərbaycan Energetika Nazirliyi və “Nobel Energy Limited” şirkəti arasında imzalanmış digər saziş isə Naxçıvan şəhərində 30 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisini nəzərdə tutur. Hər sazişlərin icrası “Yaşıl enerji zona”sı elan edilmiş azad ərazilərdə və Naxçıvanda mövcud bərpaolunan enerjinin Xəzər-Qara dəniz kabelinə qoşulmasını təmin edəcək.

Beləliklə, Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstanın təşəbbüsü ilə həlledici mərhələyə daxil olan “Yaşıl Enerji Dəhlizi” ölkəmizin bərpaolunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına ixracına, tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və ölkəmizin regionlararası elektrik enerjisi qovşağına çevrilməsinə töhfə verəcək.

E.CƏFƏRLİ