Xankəndidə qoyulan nida!

Xankəndidə qoyulan nida!

Prezident İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi

Azərbaycan 44 gün ərzində XXI əsrin müharibəsini aparmaqla böyük Qələbə qazanmağa nail olub. Bununla biz ölkəmizin, xalqımızın qarşısında duran əsas ümummilli ideyanın - ərazi bütövlüyümüzün bərpasına hərbi-siyasi yolla nail olduq.

Əldə olunan Qələbə xalqımızın əbədi qürur mənbəyidir. Prezident İlham Əliyev  Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciətində 44 günlük Vətən müharibəsini bizim şanlı tariximiz kimi səciyyələndirib. “Biz haqlı olaraq bu Zəfərlə fəxr edirik. Bütün Azərbaycan xalqı fəxr edir. Gələcək nəsillər də fəxr edəcəklər. Bu şanlı tarix bizim qəlbimizdə əbədi yaşayacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Tarixi Qələbənin əldə olunmasını şərtləndirən əsas amillər

Biz Vətən müharibəsində Azərbaycan xalqının  ləyaqətini, yüksək vətənpərvərliyini və dövlətimizin gücünü nümayiş etdirən tarixi Zəfəri çətin şəraitdə qazanmışıq. Əvvəla, məkrli, son dərəcə hiyləgər düşmən tək deyildi, onun arxasında böyük güclər dayanmışdı. Həmin güclər ikili standartlardan çıxış etməklə təcavüzkar Ermənistana hərtərəfli dəstək göstərir və müxtəlif yollarla işğal məhsulu olan keçmiş status-kvonun sonsuzluğadək saxlanılmasına nail olmağa çalışırdılar.

Digər tərəfdən, Ermənistan işğal edilmiş ərazilərdə 6-7 müdafiə xətti qurmuşdu.Tikanlı məftillər, minalanmış ərazilər, istehkamlar, əlverişli mövqelər, erməni hərbi birləşmələrinin postlar quraraq möhkəmləndikləri yüksəkliklər, ərazinin dağlıq relyefə malik olması düşmən üçün üstünlüklər yaradırdı. Ermənilər və onlara dəstək göstərən qüvvələr elə güman edirdilər ki, Azərbaycan Ordusu bu sədləri heç vaxt keçə bilməyəcək 

Eyni zamanda, Ermənistanın hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina qəbul etməsi, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələr” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması bu ölkənin genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.

Bütün bunlara baxmayaraq, İkinci Qarabağ müharibəsinin ilk anından Azərbaycan Silahlı Qüvvələri daim irəliləməklə, 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etməklə cəmi 44 gün ərzində düşməni kapitulyasiyaya məruz qoydu.

Bəs bu şanlı Zəfəri şərtləndirən, Ordumuzu yenilməz edən amillər hansılar idi? Şübhəsiz ki, şanlı Zəfərimizin əsas memarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Məhz Onun uzaqgörənliklə müəyyənləşdirdiyi strateji xətt, düzgün taktiki gedişlər, gecikmədən və tələsmədən ideal zamanlama, hücum diplomatiyasına keçid Azərbaycanın tarixi missiyanın uğurla başa çatdırılmasında həlledici amillər oldu.  

Azərbaycan xalqı və dövləti İkinci Qarabağ müharibəsindən əvvəki mərhələdə heç vaxt ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması faktı ilə barışmayıb. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində işğal faktına son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi daim ölkə gündəminin mərkəzində saxlanılıb. Bu strateji xəttə uyğun olaraq Azərbaycan danışıqlar prosesində fəallıq göstərməklə yanaşı, həm də iqtisadiyyatını gücləndirərək milli gücünü artırıb, müasir ordu quruculuğunu diqqət mərkəzində saxlayıb. Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Dövlətimizin başçısı yüksək tribunalardan qətiyyətlə bildirirdi ki, Azərbaycan istənilən yolla ərazi bütövlüyünü təmin etməyə nail olacaq. Oldu da! “Təbii ki, uzun illər ərzində ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amma Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi. Bizi irəliyə aparan yol ləyaqət yolu idi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

İşğalçı Ermənistan ikinci dəfə təslim olmaq məcburiyyətində qaldı

Üçtərəfli Bəyanat imzalandıqdan sonra Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycanın Qarabağ bölgəsində qalmaqda davam edirdilər.  Halbuki, imzalanan sənədə  əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları tərksilah edilməli idilər. Azərbaycan müharibənin qalib tərəfi olsa da, Qarabağda izlənilən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Bununla belə, Azərbaycanın humanist çağırışlarının əvəzində torpaqlarımızda qalan erməni silahlı qüvvələri sıralarını daha da artırmaqla, yeni silahlar alıb təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.

Paralel şəkildə, Qarabağ bölgəsində ermənilər tərəfindən törədilən təxribatların sayı artırdı. 2023-cü ilin 19 sentyabr tarixində erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdilər. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldular və yaralandılar. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Bununla da, Qarabağda separatizmin kökü birdəfəlik kəsildi, şeytan yuvası dağıdıldı və Azərbaycanın suverenliyi bütün ölkə miqyasında təmin edilmiş oldu. “O vaxt Ermənistan rəhbərliyinin yersiz açıqlamalarına biz də açıqlamalar vermişdik. Mən bildirmişdim ki, “Qarabağ Azərbaycandır və nida”. O nida işarəsini biz 2023-cü il sentyabrın 20-də bax, burada - Xankəndidə qoyduq. Birgünlük antiterror əməliyyatı Ermənistanın işğalçı ordusunun 15 minlik işğalçı korpusunu tamamilə iflic vəziyyətə salmışdır, çox dəqiq və peşəkarcasına aparılmış hərbi əməliyyat nəticəsində Ermənistan məcburən ikinci dəfə təslim olmuşdur”, - deyə Prezident İlham Əliyev qürur hissi ilə bildirib.

Mübariz ABDULLAYEV