Azərbaycan Orta Dəhlizin rəqəmsal ticarət qovşağına çevrilir

Azərbaycan Orta Dəhlizin rəqəmsal ticarət qovşağına çevrilir

Dünya İqtisadi Forumunun hesabatında ölkəmizin rəqəmsal islahatları yüksək dəyərləndirilib

Dünya İqtisadi Forumu (DİF) Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi - 4SİM ilə əməkdaşlıq çərçivəsində “Unlocking Azerbaijan’s TradeTech Potential” (Azərbaycanın “TradeTech” potensialının reallaşdırılması) adlı yeni hesabat dərc edib. Sənəddə Azərbaycanın formalaşdırdığı rəqəmsal dövlət xidmətləri, logistika infrastrukturu və Orta Dəhlizdəki strateji mövqeyi ölkənin rəqəmsal ticarət sahəsində regional liderlik potensialını gücləndirən əsas üstünlüklər kimi qiymətləndirilir. Dünya İqtisadi Forumunun əsas qənaətinə görə, Azərbaycan artıq zəruri rəqəmsal və logistika təməllərini yaradıb; növbəti mərhələdə bu imkanları real ticarət əməliyyatlarına bağlayan hüquqi, texniki və institusional mühit gücləndirilməlidir.

Araşdırma 2025-ci ilin iyulundan 2026-cı ilin mayınadək aparılıb. Qiymətləndirmə dövlət qurumları, tənzimləyicilər, maliyyə institutları, biznes və innovasiya ekosistemini təmsil edən 18 təşkilat üzrə 28 maraqlı tərəflə məsləhətləşmələrə, siyasət sənədlərinin təhlilinə, beynəlxalq müqayisələrə və Bakıda keçirilmiş təsdiqləmə seminarına əsaslanır.

KOB-lar üçün milli rəqəmsal ticarət kampaniyası

Hesabat Azərbaycanın “TradeTech” ekosisteminin inkişafı üçün 3 əsas strateji istiqamət müəyyənləşdirir. Birinci istiqamət elektron konosamentlərin, rəqəmsal zəmanətlərin və digər elektron ticarət sənədlərinin hüquqi tanınmasının beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. İkinci istiqamət gömrük, liman, bank, logistika, dövlət və özəl sektor platformaları arasında təhlükəsiz və razılığa əsaslanan məlumat mübadiləsinin təmin edilməsidir. Üçüncü istiqamət isə dövlət, biznes, investorlar, startaplar, universitetlər və KOB dəstəyi institutları arasında koordinasiyanın, innovativ həllərin hazırlanmasının və biznes tərəfindən tətbiqinin genişləndirilməsini nəzərdə tutur.

Dünya İqtisadi Forumu bu istiqamətlər üzrə iki mərhələyə bölünmüş 10 konkret tövsiyə irəli sürür. İlk 12 ay ərzində milli “TradeTech” icmasının yaradılması, praktiki ticarət problemlərinə yönələn innovasiya müsabiqələrinin keçirilməsi, Azərbaycanın “TradeTech” ambisiyasının beynəlxalq platformalarda tanıdılması və dövlət, tənzimləyicilər və biznes arasında sürətli siyasət əks-əlaqəsi mexanizminin yaradılması təklif olunur.

Rəqəmsal hədəfin ən başlıca istiqamətlərindən biri də innovasiya ekosisteminin maliyyə dayanıqlığının gücləndirilməsi, İKT ixracının artırılmasıdır. Bu çərçivədə vençur maliyyələşdirilməsi, “mələk investorlar” institutunun hüquqi bazasının formalaşdırılması, həmçinin yerli və beynəlxalq vençur kapitalı fondlarının iştirakı ilə “Fondlar fondu”nun yaradılması innovativ təfəkkürün mühüm sütunu kimi dəyərləndirilə bilər. Məhz bu infrastruktur rəqəmsal hesab-faktura və hesabat alətləri vasitəsilə iqtisadi fəaliyyətin rəsmiləşdirilməsini, texnologiya və “TradeTech” investisiyaları üçün vençur kapitalı çərçivəsinin müasirləşdirilməsini və KOB-lar üçün milli rəqəmsal ticarət kampaniyasının başlanmasını əhatə edir.

Azərbaycanın qarşısında duran strateji vəzifə mövcud rəqəmsal və fiziki infrastrukturu biznesin gündəlik fəaliyyətində istifadə edilən etibarlı, qarşılıqlı işlək və beynəlxalq səviyyədə tanınan ticarət ekosisteminə çevirməkdir. Bu transformasiya Orta Dəhlizin yalnız yükdaşıma marşrutu deyil, eyni zamanda, məlumatın, maliyyənin və rəqəmsal ticarət sənədlərinin sürətli hərəkətini təşviq edir. Bu baxımdan Dünya İqtisadi Forumunun qiymətləndirməsi Azərbaycanın Orta Dəhlizdəki mövqeyinə yeni - rəqəmsal iqtisadiyyat quruculuğundakı iradəsini də əks etdirir.

“GovTech Yetkinliyi İndeksi”ndə yüksək nəticə

Azərbaycan?? son illərdə rəqəmsal transformasiya sahəsində atdığı mühüm addımlar digər beynəlxalq hesabatlarda da öz ifadəsini tapmaqdadır. Dünya Bankının bir müddət əvvəl dərc etdiyi “GovTech Yetkinliyi İndeksi”nin hesabatında yüksək nəticələr əldə edən Azərbaycan yüksək rəqəmsallaşma səviyyəsinə görə ən yaxşı ölkələr qrupunda yer alıb. Hesabat təsdiq edir ki, ölkəmizdə innovasiya infrastrukturunun yaradılması, texnoparkların inkişafı, innovativ layihələr üçün maliyyə mexanizmlərinin əlçatanlığının artırılması, İKT sahəsində insan kapitalının yetişdirilməsi sahələrində elektron intibaha keçid sahəsində iradəli addlımlar atılır, möhkəm rəqəmsal infrastruktur qurulmaqdadır.

Son 4 il ərzində ölkədə orta internet sürəti 7 dəfə artaraq 12.81 Mbit/saniyədən 90 Mbit/saniyəyədək yüksəlib. “Onlayn Azərbaycan” layihəsinin icrası sayəsində müasir IMS platforması ilə işləyən GPON avadanlığı və optik infrastruktur qurulub. Ölkə ərazisinin fiber-optik şəbəkə ilə geniş əhatə olunması tam başa çatdırılıb. Yüksək standartlara cavab verən “Hökumət buludu” istifadəyə verilib və data mərkəzinə keçid edən qurumların sayı 3 dəfə artaraq 148-ə çatıb. Hazırda mövcud data mərkəzlərindən gücü 3 dəfə artıq olan yeni data mərkəzlərinin inşası davam etdirilir. Biometrik rəqəmsal imzanın (SİMA) uğurlu tətbiqi isə onlayn identifikasiyanı sadələşdirərək, dövlət və özəl sektor xidmətlərinin məsafədən göstərilməsini təmin edib. Habelə “Mygov” platforması yenidən qurularaq 2.5 milyondan artıq vətəndaşa xidmət göstərir. Hazırda sənədlərin fiziki təqdim edilməsinə ehtiyac aradan qaldırılaraq 2.3 milyondan artıq rəqəmsal sənəd “Mygov” platforması vasitəsilə təqdim edilməkdədir.

Beləliklə, Dünya İqtisadi Forumunun hesabatı Azərbaycanın həyata keçirdiyi 2026-2029-cu illər üzrə Rəqəmsal İqtisadiyyat Strategiyasının və qeyri-neft sektorunun şaxələndirilməsi yönündə atdığı mühüm addımlara verilən ilkin dəyər kimi səciyyələndirilə bilər.

E.CƏFƏRLİ