BMT münaqişə zonalarında mülki şəxslərin təhlükəsizliyini təmin etməyə çağırıb

BMT münaqişə zonalarında mülki şəxslərin təhlükəsizliyini təmin etməyə çağırıb

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk çərşənbə günü keçirilən mətbuat konfransında bildirib ki, Serbiya, Banqladeş, Nepal və Madaqaskarda gənclərin rəhbərlik etdiyi etirazlar dünyada insan hüquqlarının gücləndirilməsinə artan tələbi əks etdirir. O vurğulayıb: “İnsanların böyük əksəriyyəti insan hüquqlarına əhəmiyyət verir və qəddarlığı rədd edir”.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Folker Türk dünyadakı böhranlara toxunub və beynəlxalq normalara, xüsusən də münaqişə zonalarında qalan mülki şəxslərin hüquqlarına daha çox hörmət etməyə çağırıb.

Ali komissar Yaxın Şərqdəki münaqişə zonalarında - Qəzza, Livan və Suriyada monitorinq fəaliyyətlərinin son dərəcə vacib olduğunu qeyd edib. O, bu məsələ ilə əlaqədar BMT-nin fəaliyyətinin davam etdiyini diqqətə çatdırıb.

F. Türk, həmçinin Ukraynanın mülki şəxslərinə qarşı artan hücumlardan dərin narahatlığını ifadə edərək dron müharibələrinin intensivləşməsi fonunda itkilərin 2022-ci ildən bəri ən yüksək səviyyəyə çata biləcəyi barədə xəbərdarlıq edib. “Elektrik şəbəkələrinə, dəmir yolu infrastrukturuna və supermarketlərə edilən hücumlarla vəziyyət daha da ağırlaşıb. Bu, xüsusən də yaşlı və əlilliyi olan insanların həyatını təhlükəyə atır”, -deyə o qeyd edib.

Husilərin Səudiyyə hava limanlarına və digər mülki infrastrukturlara hücumlarının müharibə cinayəti olmasına dair sualı cavablandıran Türk bildirib ki, mülki obyektlərə zərbələr endirilməsi müharibə cinayətləri ilə bağlı suallar doğurur, çünki onlar hərbi hədəflər deyil. O, həmçinin BMT-nin husilər tərəfindən saxlanılan 71 işçisinin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıb və onların nəzarəti altındakı həbs mərkəzlərində çox dəhşətli şəraitdə saxlanılması barədə məlumatlardan narahatlığını bildirib.