Azərbaycan Üçtərəfli Bəyanatın bütün müddəalarını yerinə yetirməyən rəsmi İrəvanı necə cəzalandırdı?
6 il əvvəl noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli iradəsi, ordumuzun gücü qarşısında aciz qalan Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan 30 il davam edən işğala döyüş meydanında son qoyaraq tarixi torpaqlarını işğalçılardan azad etdi, beynəlxalq hüququn tələblərinə əsaslanan ədalət bərqərar olundu.
Üçtərəfli Bəyanat dönüş nöqtəsi oldu
Xatırladaq ki, 2019-cu il oktyabrın 3-də Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışında Prezident İlham Əliyev Ermənistanın baş nazirinin təxribatçı bəyanatına “Qarabağ Azərbaycandır və nida!” cavabını vermişdi. Bu cavab milli şüara çevrildi, xalqımızı “Dəmir yumruq” ətrafında birləşdirdi. Xalqımızın milli maraqlarını dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin iradəsi, Ordumuzun gücü, milli həmrəyliyimiz sayəsində Vətən müharibəsində Qələbə təmin edildi.
2020-ci il noyabrın 8-də Qarabağın incisi Şuşa şəhərinin, noyabrın 9-da isə 72 yaşayış məntəqəsinin, ümumilikdə isə 300-ə yaxın yaşayış məntəqəsinin qəhrəman Ordumuz tərəfindən azad edilməsi düşmənin ağ bayraq qaldıraraq, təslim aktını imzalamasını şərtləndirdi.
Ümumiyyətlə, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanat Cənubi Qafqazın müasir siyasi tarixində dönüş nöqtəsi oldu. Sənədi şərtləndirən başlıca amil Ermənistanın uzun illər davam etdirdiyi işğal siyasətinin 44 günlük Vətən müharibəsində hərbi yolla iflasa uğraması idi. Azərbaycan Ordusunun ardıcıl uğurları, xüsusilə noyabrın 8-də Şuşanın azad edilməsi, silahlı qüvvələrimizin davamlı irəliləməsi fonunda müharibənin davam etdirilməsi Ermənistan üçün daha ağır nəticələr vəd edirdi. Belə şəraitdə İrəvan döyüş əməliyyatlarının dayandırılmasını və üzərinə konkret öhdəliklər götürməyi qəbul etdi. Üçtərəfli Bəyanat məhz bu səbəbdən Ermənistan üçün hərbi-siyasi kapitulyasiya xarakteri daşıyırdı. 9 bənddən ibarət olan bu sənədin ilk müddəası hərbi əməliyyatların dayandırılmasını nəzərdə tuturdu.
Rəsmi İrəvan öhdəliklərini icra etmək istəmirdi...
Bu razılaşmaya əsasən həmin il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları qan tökülmədən Azərbaycana qaytarılıb. Bundan əlavə, atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb, Rusiya sülhməramlıları bölgədə yerləşdirilib. Həmçinin, daxili məcburi köçkünlər və qaçqınların Qarabağ ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıtması nəzərdə tutulub. Eyni zamanda, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilib. Ermənistan isə qanunsuz hərbi birləşmələrini ölkəmizin ərazisindən çıxarılması öhdəliyini də götürüb. Üçtərəfli Bəyanatın sonuncu - 9-cu bəndi isə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tuturdu. “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək” - deyə, sənəddə vurğulanırdı.
2020-ci ildən sonrakı dövrün səciyyəvi xüsusiyyəti Azərbaycanın hərbi qələbəni davamlı siyasi nəticəyə çevirmək xətti oldu. Rəsmi Bakı münaqişənin başa çatdığını bəyan etməklə, Ermənistanla münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında normallaşdırılmasını təklif etdi. Bu baxımdan, sülh gündəliyi kənardan təqdim edilmiş hazır model deyil, ilk növbədə, Azərbaycanın irəli sürdüyü siyasi təşəbbüslər üzərində formalaşdı.
Lakin Ermənistan Üçtərəfli Bəyanatın bütün müddəalarını yerinə yetirməkdən boyun qaçırır, müxtəlif hərbi təxribatlar törədirdi. Belə ki, Qarabağ ərazisində qanunsuz erməni hərbi birləşmələri nəinki çıxarılmamışdı, əksinə, Laçın dəhlizi vasitəsilə Qarabağdakı erməni separatçılarına əlavə hərbi dəstək göndərilirdi. Eyni zamanda, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında kommunikasiyanın bərpası üçün heç bir addım atılmırdı. Bütün bunlara görə, Azərbaycan Üçtərəfli Bəyanatın tam icrası, xüsusilə Ermənistan silahlı qüvvələrinin qalıqlarının ölkə ərazisindən çıxarılması və suverenliyin bütün ərazilərdə təmin olunması mövqeyini ardıcıl müdafiə etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Qarabağda qanunsuz silahlı strukturların, qondarma-cinayətkar rejimin fəaliyyətinə son qoyuldu və Azərbaycanın konstitusiya quruluşu bütün ərazidə bərpa edildi. Bununla separatizmin saxlanılması üzərindən təzyiq imkanları aradan qalxdı. 2024-cü ildə Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması da müharibədən sonrakı keçid mərhələsinin yekunlaşmasının göstəricisi oldu.
Yekun sülhə doğru...
2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit isə sülh prosesinin diplomatik müstəvidə irəliləməsi və regionda davamlı sabitliyin təmin olunması baxımından mühüm mərhələ kimi tarixə düşdü. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin razılaşdırılmış mətnini parafladılar. Birgə bəyannamədə sərhədlərin toxunulmazlığı, güc yolu ilə ərazi əldə edilməsinin yolverilməzliyi, nəqliyyat əlaqələrinin açılması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantı məsələləri əks olundu. Ermənistan ərazisindən keçəcək bağlantı üzrə TRIPP təşəbbüsü də gündəliyə daxil edildi. Sammit yekun sülh müqaviləsinin imzalanmasına deyil, onun imzalanmasına aparan siyasi-hüquqi mərhələdir.
Nardar BAYRAMLI