Azərbaycanın regionda oynadığı fəal və təşəbbüskar rol beynəlxalq aləmdə ölkəmizə olan marağın artmasına, bir çox ölkələrlə ikitərəfli əlaqələrin yeni məzmun qazanmasına şərait yaradır. Bu gün rəsmi Bakı yalnız Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında deyil, həm də Avropa ilə Asiya arasında iqtisadi, enerji və nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayan etibarlı tərəfdaş kimi qəbul edilir. Azərbaycanın müstəqil xarici siyasəti, milli maraqlara əsaslanan qərarları və müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq bacarığı ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirir. Xüsusilə regionda yeni reallıqların formalaşdığı, sülh gündəliyinin ön plana çıxdığı və iqtisadi inteqrasiyanın əhəmiyyətinin artdığı indiki mərhələdə Azərbaycanın yaratdığı imkanlar Avropa dövlətlərinin də diqqətini cəlb edir.
Avropa İttifaqına üzv ölkələrin Azərbaycanla münasibətləri genişləndirmək istəyinin arxasında konkret siyasi və iqtisadi maraqlar dayanır. İlk növbədə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, enerji təchizatının şaxələndirilməsinə verdiyi töhfə və bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr xüsusi əhəmiyyət daşıyır. Bakı ənənəvi enerji resurslarının etibarlı təchizatçısı olmaqla yanaşı, yaşıl enerji istehsalı və ixracı istiqamətində də yeni əməkdaşlıq imkanları yaradır. Xəzər dənizinin külək enerjisi potensialı, günəş enerjisi layihələri və enerji in?rastrukturunun inkişafı Azərbaycanı Avropanın gələcək enerji strategiyasında mühüm tərəfdaşlardan birinə çevirir. Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Şərqlə Qərb arasında yükdaşımaların artdığı, alternativ marşrutlara ehtiyacın gücləndiyi şəraitdə Azərbaycanın coğrafi mövqeyi və formalaşdırdığı nəqliyyat infrastrukturu strateji üstünlük yaradır. Orta Dəhlizin inkişafı, liman və dəmir yolu imkanlarının genişləndirilməsi Avropa ölkələrinin Asiya bazarlarına çıxışını asanlaşdırmaqla yanaşı, Azərbaycanın tranzit əhəmiyyətini də artırır. Bu baxımdan Avropa dövlətlərinin Bakı ilə əməkdaşlığa marağı yalnız mövcud iqtisadi əlaqələrlə məhdudlaşmır, həm də gələcək regional və qitələrarası layihələrə hesablanır.
Niderland üçün mühüm perspektiv...
Niderland Krallığının ölkəmizlə bu fonda və yeni mərhələdə münasibətlərini inkişaf etdirmək arzusu da diqqəti cəlb edir. Avropanın inkişaf etmiş iqtisadiyyatlarından birinə, mühüm logistika və ticarət imkanlarına malik olan Niderland Azərbaycanın yeni nizamda ticari əlaqələrə qazandırdığı nailiyyətləri ön plana çəkərək ölkəmizin Şərq-Qərb əlaqələrindəki rolunu yüksək dəyərləndirir. Bakının regionda formalaşdırdığı yeni əməkdaşlıq perspektivi Amsterdamın da diqqətini cəlb edir. Ölkəmizin yaratdığı yüksəksəviyyəli infrastruktur və reallıqlar Niderland üçün mühüm perspektiv yaradır.
Rəsmi Amsterdam ilə əlaqələrin genişləndirilməsi Azərbaycan üçün də müəyyən mənada yeni investisiya, texnologiya və nəqliyyat əməkdaşlığı deməkdir. Eyni zamanda, siyasi dialoqun gücləndirilməsi iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlərin daha fəal müzakirəsinə imkan yaradır. Xüsusilə, sülh prosesinin inkişafına verilən dəstək fonunda Amsterdam ilə Bakı arasında müsbət dialoq imkanları genişlənir. Ümumilikdə, Bakı ilə Amsterdam arasında münasibətlərin inkişafı Azərbaycanın Avropa istiqamətində həyata keçirdiyi çoxşaxəli siyasətin mühüm tərkib hissəsi kimi də qiymətləndirilə bilər.
İki ölkə arasında siyasi əlaqələr...
Qeyd edək ki, Niderland Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1 aprel 1992-ci ildə qurulub. Azərbaycanın Niderlandda səfirliyi 20 sentyabr 2005-ci ildə fəaliyyətə başlayıb. Niderlandın Azərbaycanda səfirliyi 26 iyun 2009-cu ildə formalaşdırılıb. Azərbaycan digər dövlətlər kimi Niderland ilə də bərabərhüquqlu münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Münasibətlərin formalaşmasında qarşılıqlı görüşlərin və səfərlərin də rolu olub. Belə ki, müxtəlif vaxtlarda dövlət və hökümət başçıları arasında dörd görüş keçirilib. Prezident İlham Əliyev və həmin dövrdə Niderlandın Baş naziri olmuş Yan Peter Balkenende 2009-cu ilin mayında Praqada Şərq Tərəfdaşlığı Sammitində görüşüblər. Daha sonra dövlət başçımızla Niderlandın baş naziri olmuş Mark Rutte arasında 3 görüş baş tutub. Bu görüşlər 1 dekabr 2010-cu ildə Astanada (ATƏT-in Sammiti), 23 yanvar 2014-cü ildə Davosda (Dünya İqtisadi Forumu) və 19 yanvar 2023-cü ildə Davosda (Dünya İqtisadi Forumu) reallaşıb.
Eyni zamanda, iki ölkənin xarici siyasət idarələri arasında çoxsaylı görüşlər baş tutub. Bakı ilə Amsterdam arasında parlamentlərarası əlaqələr də müsbət məcrada inkişaf edir. Müqavilə-hüquq bazasına gəldikdə isə, iki ölkə arasında müxtəlif sahələr üzrə ümumilikdə 12 sənəd imzalanıb.
Bu ilin mayında yaradılan Azərbaycan-Niderland Ticarət Palatası iki ölkənin aparıcı şirkətlərini birləşdirmək, ikitərəfli ticarət və investisiya əlaqələrini möhkəmləndirmək, bilik mübadiləsini və dayanıqlı iqtisadi əməkdaşlığı təşviq etmək kimi məqsədlərə hədəflənib. Ticarət palatasının fəaliyyət istiqamətləri müstəqil biznes platforması kimi çıxış etmək, hər iki ölkənin işgüzar dairələri, dövlət qurumları və beynəlxalq təşkilatları arasında əlaqələri genişləndirməkdən ibarətdir. Xatırladaq ki, iki ölkə arasında 2025-ci ildə ticarət dövriyyəsi 325 milyon ABŞ dolları təşkil edib.
Niderlandın XİN başçısı Prezident İlham Əliyevə təşəkkür etdi...
Hər iki ölkə qarşıdakı dövrdə münasibətləri daha da inkişaf etməkdə maraqlıdır. Prezident İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edərkən Niderlandın xarici işlər nazirinin ölkəmizə səfərini siyasət, diplomatiya, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığı müzakirə etmək üçün yaxşı fürsət kimi qiymətləndirib. Tom Berendsen də əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayaraq əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Qonaq Yaxın Şərqdə baş vermiş hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən Niderlandın Tehrandakı səfirinin və səfirliyin əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyəsində göstərilmiş dəstəyə görə təşəkkürünü bildirib. Eyni zamanda XİN başçısı Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunmasında Prezident İlham Əliyevin şəxsi rolunu çox yüksək qiymətləndirdiklərini vurğulayıb və qeyd edib ki, bu, regionla bərabər, Avropa üçün də çox əhəmiyyətli bir məsələdir. Görüşdə Niderland şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərdikləri qeyd olunub, nəqliyyat, logistika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub. Eyni zamanda, Azərbaycan ilə Niderland arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi, bu məqsədlə qarşılıqlı səfərlərin, o cümlədən işgüzar nümayəndə heyətlərinin səfərlərinin təşkili məsələləri müzakirə edilib.
P.İSMAYILOV