Şuşaya getmişdim-ədalətin, ləyaqətin, qürurun, zəfərin, igidin, şəhidin şəhərinə....
Sonuncu dəfə 10 yaşımda Ağdamdan Əsgəran və Xankəndindən keçib burularaq dağa dırmaşan yolla getdiyim şəhərə bu dəfə igidlik və qanla salınmış yeni yolla - Zəfər Yolu ilə getmişdim....Yol burula-burula müqəddəs şəhərə qalxırdı...Və birdən o əzəmətli qaya şəhər - Şuşa göründü. Maşındakı üç nəfərin üçü də eyni anda “Hiiiiii, Şuşa...Şuşanı gördüm” dedi...
Mən düz 32 ildən sonra yenə bir Şuşa gördüm...Bir həftədir 140-dan enməyən təzyiqim öz-özünə endi, nəfəsim genəldi, gözüm açıldı, ürəyim fərəhləndi, çünki mən bir Şuşa gördüm....
Mən bir Şuşa gördüm - əzəməti göyə ucalan qayalarda, abır-həyası başındakı dumanda saxlı...
Mən bir Şuşa gördüm - Cıdır düzünə qalxan qayalarda DƏMİR YUMRUQ izi...
Mən bir Şuşa gördüm - işığı yanır, iti hürür, quşları cükküldəşir, cırcıraması cırıldayır, gündüz günəşi, gecə ayı parlayır, hənirtimizi duyur, bizi havası ilə sığallayır...
Mən bir Şuşa gördüm - Üzeyir Bəyin səsi gələn...
Mən bir Şuşa gördüm - 29 il əvvəl dağılan yerləri kif bağlamış, azərbaycanlılara məxsus məhlələrin və evlərin çoxu I Qarabağ savaşından bəri darmadağın, içincə ağac, kol-kos bitmiş, uşaq ikən həsəd apardığım kübar eyvanları yanıb kül-olmuş, çürüyüb tökülmüş...
Mən bir Şuşa gördüm - bulaqlarının yarısı qurumuş...
Mən bir Şuşa gördüm - alması, gavalısı, payızlıq böyürtkəni dəymiş...
Mən bir Şuşa gördüm - yetim məzarlara qucaq açan...Gəlib dədə-babasının qəbrini tapa bilməyənlərin küçədə boynunu burub çarəsizcə oturduğu...
Mən bir Şuşa gördüm - şəhərini, evini görməyə gələnlərin hıçqırıqlarına təsəlli verən...
Mən bir Şuşa gördüm - başı dik, ürəyi nisgilli...alnında qürur, boğazında 2907 qəhərli düyün...
Mən bir Şuşa gördüm - küçələrində, divarlarında, pəncərələrində üzbəüz döyüşün izlərini saxlayan...
Mən bir Şuşa gördüm -1524 mertlik uca zirvəsindəki bayrağımızla düşmənə və dünyaya meydan oxuyan...
Mən bir Şuşa gördüm - Zəfər bayrağını bu müqəddəs zirvəyə sancan ərənlərin oylağı...
Mən bir Şuşa gördüm - misilsiz qəhrəmanlığa şahid olan, küçələrində şəhid ruhu dolaşan...
Mən bir Şuşa gördüm - iri çay daşlı küçələrinə axan şəhid qanına tumar çəkən...
Mən bir Şuşa gördüm - Şəhid anasına bənzər...qəlbi qubarlı, gözü nəmli... Dərdini udub, dərindən nəfəs alıb “Vətən sağ olsun” deyən...
Mən bir Şuşa gördüm - Şəhid balasına bənzər...titrəyən səsini boğub “Atam qəhrəmandır” deyən...
Mən bir Şuşa gördüm - Qulağıma pıçıldadı ki, bura gələndə öncə sükuta dalın... şşş.......Şuşa Şəhid Şəhəridir...
Səadət Məmmədova,
Əməkdar jurnalist