Yunanıstanda kütləvi aksiya: Həbsxanalar yandırılsın

“Euronews” xəbər verir ki, Avropada müxtəlif motivlər əsasında keçirilən etiraz aksiyaları davam edir. Etiraz aksiyasının növbəti ünvanı qismində isə Yunanıstan çıxış edib. Bu ölkədə paytaxt sakinləri həbsxanalarda aclıq aksiyası keçirən məhbuslara dəstək məqsədi ilə meydanlara çıxıblar. Şəhərin mərkəzindəki Afina Universiteti qarşısında toplanan min nəfərlik qrup hökumət əleyhinə şüarlar səsləndirərək parlamentə qədər yürüş edib. Parlament qarşısında dayanan nümayişçilər “Həbsxanalar yandırılsın”və “Demokratiyaya müharibə” şəklində şüarlar səsləndiriblər.
Daha sonra Texniki Universitet qarşısında toplanan təxminən 100 nəfərlik qrup Sturnaras prospektində barrikadalar quraraq avtomobilləri yandırıb. Polis aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qaz və səs bombalarından istifadə edib.