Geosiyasi çağırışlar, qlobal qaz bazarının sabitliyi və təbii qaz təchizatının etibarlılığının təmin edilməsi oktyabrın 27-də Moskvada keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) dövlət və hökumət başçılarının VIII Zirvə toplantısında əsas müzakirə mövzuları olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, qlobal qaz sənayesi geosiyasi vəziyyətin gərginləşməsi, enerji sahəsində əməkdaşlığa qoyulan məhdudiyyətlər və enerji resurslarının sabit təchizatının təmin edilməsi zərurəti ilə bağlı ciddi çağırışlarla üzləşir.
O qeyd edib ki, dünyada təbii qaza tələbat artmaqda davam edir. Proqnozlara görə, 2055-ci ilədək qlobal qaz istehlakı hazırkı 4,2 trilyon kubmetrdən 5,4 trilyon kubmetrə yüksələcək. Bu, təxminən 28 faizlik artım deməkdir. Eyni zamanda, qarşıdakı 5-10 il ərzində mayeləşdirilmiş təbii qazın (LNG) dünya üzrə ixracının 650 milyon tona çatacağı və ötən ilin göstəricisini təxminən 50 faiz üstələyəcəyi gözlənilir.
Rusiya Prezidentinin köməkçisi vurğulayıb ki, belə şəraitdə enerji təhlükəsizliyinin təmin edilməsi, qiymətlərin sabitliyinin qorunması, yeni təchizat marşrutlarının yaradılması və qaz hasil edən ölkələr arasında texnoloji əməkdaşlığın inkişafı xüsusi əhəmiyyət kəsb edir.
Zirvə toplantısında bir sıra dövlət rəhbərlərinin, o cümlədən İran Prezidenti Məsud Pezeşkianın, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taninin, Ekvatorial Qvineya və Mozambikin dövlət başçılarının, eləcə də digər ölkələrin nümayəndələrinin iştirakı gözlənilir.
Görüşün yekununda Moskva Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır. Sənəddə təbii qaz təchizatının etibarlılığının təmin edilməsi, ticarət marşrutlarının şaxələndirilməsi, müasir texnologiyaların tətbiqi, ətraf mühitə təsirin minimuma endirilməsi və dünya qaz bazarında qiymət dəyişkənliyinin azaldılması məsələləri əksini tapacaq.
Bu gün Moskvada Qaz İxrac Edən Ölkələr Forumunun 28-ci Nazirlər Görüşü də keçirilib. Tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov iştirak edib. O, iclasda çıxış edərək təbii qazın etibarlı enerji mənbəyi kimi rolunun artdığını vurğulayıb və Azərbaycanın təbii qaz təchizatı sahəsində etibarlı tərəfdaş olaraq qaldığını bildirib.
Azərbaycan 2015-ci ildən Qaz İxrac Edən Ölkələr Forumunun fəaliyyətində müşahidəçi statusunda iştirak edir.