Beşinci nəsil mobil rabitə texnologiyası (5G) Avropa İttifaqının 10 ölkəsində kommersiyalaşdırılıb. Bu barədə Avropa Komissiyasının "5G" rəsədxanasının sonuncu rüblük hesabatında məlumat verilib.
Bildirilib ki, "5G" böyük həcmli məlumatların (Big Data) analizi və "Əşyalar interneti" (IoT) ilə birlikdə əsas hərəkətverici qüvvəsi süni intellekt olacaq rəqəmli iqtisadiyyatın əsasını təşkil edəcək. "3G" və "4G" şəbəkələrindən miras qalan infrastrukturun müəyyən hissəsi məhdud sayda beşinci nəsil mobil rabitə şəbəkələrinin tərkibinə daxil ediləcək.
Qeyd edək ki, Almaniya, Avstriya, Finlandiya, Macarıstan, İrlandiya, İtaliya, İspaniya, Estoniya, Böyük Britaniya və Rumıniya bu yeni texnologiya ilə kommersiya səviyyəsində xidmətlər təklif edən ölkələrdir. Bəhreyn, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdə də "5G" şəbəkəsi mövcuddur. Hindistan hökuməti isə "5G" texnologiyasının inkişafına sadiq olsa da, onu 2022-ci ildə işə salmağı planlaşdırır.