"Xilaskar" bölgələrdə göstərilir

İrəvan Dövlət Dram Teatrının truppası bu ayın sonunadək Respublikamızın qərb bölgəsində qastrol səfərində olacaq.
Kollektiv sənətsevərlərə yazıçı-dramaturq Aqşin Babayevin “Xilaskar” publisistik-xronikal dramının tamaşasını təqdim edəcək.
Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Oruc Qurbanovdur. Əsas rolları Xalq artistləri Elmira İsmayılova, Süleyman Nəcəfov, Əməkdar artistlər Vaqif Kərimov, Vidadi Əliyev və başqaları ifa edirlər.
Xatırladaq ki, kollektiv bundan əvvəl cənub bölgəsində - Lənkəran və Masallı rayonlarında qastrol səfərində olub.