“Hər kağızı bir yarpağa dəyişək” adlı yeni layihənin həyata keçirilməsinə başlanılıb

IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə “Hər kağızı bir yarpağa dəyişək” adlı müştərək layihəyə başlanılıb.
İDEA-dan AzərTAc-a bildiriblər ki, layihə çərçivəsində dövlət qurumları və özəl təşkilatlar, eləcə də sadə vətəndaşlar istifadə olunmuş kağızları Bakıdakı “ASAN xidmət” mərkəzlərinin qarşısında quraşdırılacaq məntəqələrə təhvil verəcəklər. Burada təhvil verilmiş kağızlar xüsusi konteynerlərdə toplanılacaq və onların qeydiyyatı aparılacaq.
Təhvil verilmiş hər 50 kiloqramlıq kağız qarşılığında bir ağac alınacaqdır. Ağaclar kağızı təhvil verən qurumların iştirakı ilə Bakı şəhəri ərazisində əkiləcək.
Layihənin əsas məqsədi cəmiyyətin ekoloji problemlərlə mübarizədə bütün təbəqələrinin iştirakının təmin edilməsi və onların bu işə cəlb olunmasıdır. Həmçinin real ekoloji layihələr vasitəsilə insanlar arasında maarifləndirmə işini səmərəli şəkildə artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədi ilə tullantıların düzgün istifadəsini təşkil etməkdir.
İstifadə olunmuş kağızların qəbuluna fevralın 3-dən etibarən başlanacaq.