Bolqarıstanda boks üzrə ənənəvi “Strandja” turnirinə yekun vurulub. Budəfəki yarışda rekord sayda idmançı - 22 ölkənin 150 boksçusu qələbə uğrunda mübarizə aparıblar. Turnirdə Azərbaycan milli komandası Yevgeni Kotovun rəhbərliyi altında iştirak edib. Komandamızın 2 üzvü - Elvin İsayev və Tamerlan Abdullayev Vətənə bürünc medalla dönüblər. Abdullayevin 1/4 finalda Ermənistan boksçusu Volodya Hayrapetyan üzərində qələbəsi parlaq olub. Boksçumuzun zərbələri qarşısında davam gətirməyən rəqib döyüşü davam etdirməkdən imtina edib. Sinqapurda keçirilmiş Yeniyetmələrin I Olimpiya Oyunlarının gümüş mükafatçısı Elvin İsayev 1/4 finalda yerli idmançı Luben Todorovu 7:0 hesabı ilə məğlub edib. İsayev yarımfinalda ingiltərəli Martin Varda uduzaraq, bürünc medalla kifayətlənib. Tamerlan Abdullayev isə finala gedən yolda Avropa çempionatının bürünc mükafatçısı ukraynalı Oleksandr Klyuçkoya uduzub. Digər boksçularımız - Şaban Şahpələngov (52 kq), Elnur Əliyev (56 kq), Emil Məhərrəmov (69 kq), Sərxan Cabbarov (91 kq) və Fərid Paşayev (91 kq-dan yuxarı) isə Bolqarıstanda mükafatsız qalıblar.