Güləş yığmamız komanda hesabında 1-ci yerə çıxıb

Gəncədə İsax Cəfərovun xatirəsinə həsr olunmuş böyüklər arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Federasiyanın 7 saylı nümayəndəliyi və Gəncə şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnir Gəncə Olimpiya Kompleksində baş tutub. Yarışa Azərbaycan pəhləvanları ilə bərabər, Gürcüstan və Rusiya (Dağıstan) yığma komandaları da qatılıblar.
Məşqçi korpusumuz bu yarışda əsasən, “ikinci nömrələr”i və gənc idmançıları sınaqdan keçirib. Buna baxmayaraq, güləş yığmamız komanda hesabında 1-ci yerə çıxıb. Gərgin və maraqlı mübarizələrdə qalib adını Mahmud Maqomedov (55 kq, Azərbaycan), Malkaz Kurdiani (60 kq, Gürcüstan), Emin Əzizov (66 kq, Azərbaycan), Hacı Hacıyev (74 kq, Dağıstan), Arçil Kitiaşvili (84 kq, Gürcüstan), Elizbar Odikadze (96 kq, Gürcüstan) və Müslüm Müslümov (120 kq, Azərbaycan) qazanıblar. Qaliblər diplom, medal və mükafatlarla təltif edilib.