Serbiyanın Novi-Sad şəhərində keçirilən şahmat üzrə Avropa çempionatının 6-cı turunda Azərbaycanın kişilərdən ibarət komandası güclü Rusiya yığması ilə görüşü 2:2 hesabı ilə başa vurub. Görüşdə aşağıdakı nəticələr qeydə alınıb:
Teymur Rəcəbov-Peter Svidler 0,5:0,5, Vüqar Həşimov-Dmitri Yakovenko 0,5:0,5, Qadir Hüseynov-Yevgeni Alekseyev 0,5:0,5, Şəhriyar Məmmədyarov-Yevgeni Tomaşevski 0,5:0,5.
Azərbaycan komandası bu qarşılaşmadan sonra liderlik mövqeyini qoruyub. Turnirdə 2-ci pilləni Rusiya şahmatçıları tutur. Qadın şahmatçılarımız ilə gürcüstanlı həmkarları arasında oyun da eyni hesabla (2:2) nəticələnib.
Qadınların turnirində Rusiya və Gürcüstan 1-2-ci yerləri bölüşürlər. Azərbaycan 3-cü yerdə qərarlaşıb.
Milli komandalarımız dünən növbəti turun oyunlarını keçiriblər. Kişi komandamız daha prinsipial oyunda qüvvəsini sınayıb. Belə ki, şahmatçılarımızın rəqibi düşmən ölkə təmsilçiləri - ermənilər olub. Teymur Rəcəbov birinci taxtada Levon Aronyanla, Vüqar Həşimov Vladimir Akopyanla, Qədir Hüseynov Qabriel Sarqissyanla, Şəhriyar Məmmədyarov isə Tiqran Petrosyanla qarşılaşıb. Qadın yığmamızın rəqibi isə Rusiya yığması olub.