Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Dünən Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK-nın katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, iclasda əvvəlcə Mərkəzi Seçki Komissiyasının iyulun 9-da keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra MSK 34 saylı Xətai ikinci seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş Gülər Mikayıl qızı Əhmədovanın müraciətinə baxaraq onun deputat mandatından məhrum olunması barədə qərar qəbul edib.
MSK 1 saylı Şərur-Sədərək, 80 saylı İmişli-Beyləqan, 93 saylı Bərdə şəhər, 103 saylı Gədəbəy, 104 saylı Gədəbəy-Tovuz və 107 saylı Qazax seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edib.
İclasda cari məsələlərə də baxılıb.
Komissiyanın iclasında ABŞ səfirliyinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak ediblər.