Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nüvədinin əzəli də, indisi də nüvədililərə məxsusdur...

Nüvədinin əzəli də, indisi də nüvədililərə məxsusdur...

29.03.2023 [11:06]

Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra Zəngəzuru ələ keçirən və Yuxarı Qarabağın muxtariyyətinə nail olan ermənilər Azərbaycan torpaqlarının Ermənistan SSR-ə birləşdirilməsi planından əl çəkmir, bütün vasitələrdən istifadə edərək aborigen türkləri (azərbaycanlı) tarixi yurdlarından çıxarmaq, öz ərazilərini Azərbaycan torpaqları hesabına genişləndirmək istəyirdilər.

Azərbaycan torpaqlarının Ermənistana verilməsində RK(b)P Zaqafqaziya Diyar Komitəsi və Zaqafqaziya SSRFİ MİK-nin xüsusi rolu olmuş, onların iştirakı ilə Azərbacan torpaqları hissə-hissə kəsilərək Ermənistan SSR-ə verilmişdi. Ermənilər Azərbaycanın Naxçıvan və Yuxarı Qarabağ vilayətlərini Ermənistana birləşdirə bilməyəndə yeni planlar cızır, xüsusən də mərkəzin onlar üçün yaratdığı şərait və Azərbaycan rəhbərlərinin “səxavəti” ərazi məsələsinin gələcək həlli istiqamətində onların fəaliyyətini stimullaşdırırdı.

Zaqafqaziya MİK RH-nin qərarı ilə 1927-ci ildə və 1929-cu il fevralın 18-də Azərbaycan SSR-in Naxçıvan MR-dən ərazisi 657 kvadrat km olan 10 kənd, Ordubad rayonundan isə Qərçivan və Kilid kəndinə məxsus torpaqlar (Meğriyə verilib) Ermənisan SSR-in tərkibinə keçirilmişdi.

Zəngəzurun Qərb hissəsi 1920-ci ildə Ermənistana veriləndə qəzanın kəndləri olmuş Lök (Vartanidzor), Maralzəmisi, Lehvaz, Tey və digər kəndlər də Ermənistanın inzibati tabeliyinə keçmişdi. Cəbrayıl qəzasına aid Aldərə və Astazurun 1926-cı ildən əvvəl, Qərçivan, Ernəzir, Tuğut və Nüvədinin 1929-cu ildə Ermənistana verilməsi ilə Azərbaycanla Naxçıvan arasında 46 km-lik dəhlizin yaradılması və bu torpaqların bir-birindən təcridi ilə nəticələnmişdi.

Azərbaycan SSR-in Cəbrayıl qəzasından daha üç kənd - Nüvədi, Ernəzir, Tuğut kəndləri Zaq.MİK-in 1929-cu il 18 fevral qərarı ilə (iclasın sədri M.Sxakaya, üzvlər - D.Bünyadzadə, M.C.Bağırov, A.Dolidze, V.Sturua, İ.Tağıyev, A.Şaverdov, S.Yaqubov) Ermənistan SSR-ə verilmiş, bu kəndlərin bazasında 1930-cu ildə Meğri qəzası yaradılmışdı.

Adı çəkilən kəndlər Ermənistana verildikdən sonra - 1939-cı ildə Tuğut və Ernəzir kəndləri yerli hökumət tərəfindən “perspektivsiz” adı ilə ləğv edilmiş, Tuğut erməni kəndi Şvanidzora, Ernəzir isə Nüvədi kəndinə birləşdirilmişdi. Ona qədər Naxçıvanla Azərbaycanı dəmiryol boyu on kilometr ayırırdısa, bu üç kəndin verilməsindən sonra anklav daha da genişlənmiş, qırx altı kilometrlik məsafə yaranmışdı.

Ulu öndər Heydər Əliyev bu məsələlərdən danışarkən bildirirdi ki, o dövrdə və sonralar təkcə Naxçıvan torpaqları yox, Azərbaycanın başqa bölgələrindən də torpaqlar, təəssüf ki, əldən getmişdi: “İndi bizi Naxçıvandan ayıran sərhəddən dəmir yolu ilə getsək, təxminən 46 kilometr məsafə - Ermənistanı İrana bağlayan məsafə əldən gedibdir. O vaxt, hətta Zəngəzur Ermənistana verilən zaman da onun ərazisi o qədər deyildi. Dünən biz xəritə ilə baxırdıq - onun Araza çıxan ərazisi 10 kilometr olubdur. Amma sonradan o tərəfdən, Naxçıvana daxil olan kəndlər əlindən alınıbdır. Ermənilər bu tərəfdən, yəni Zəngilandan - o vaxt Zəngilan deyildi, Cəbrayıl qəzası hesab olunurdu - bir hissəni al, Ermənistana qataraq 10 kilometrlik məsafəni indi 46 kilometr ediblər. Bilirsiniz, bunlar hamısı gedən proseslərdir, amma bizim zərərimizə olan proseslərdir. Bunlar bizim torpaqlarımızın bax, beləcə, tədricən əldən getməsi prosesidir. Ermənilərin məqsədi Naxçıvanı Azərbaycandan ayrı salmaq, onun anklavını genişləndirmək, gələcəkdə Ermənistanın tərkibinə qatmaq idi”.

Uzun müddət belə bir yanlış fikir formalaşdırılıb ki, guya Nüvədi kəndinin Ermənistana birləşdirilməsində kənd ağsaqqallarının xüsusi iştirakı olmuş, kənd əhalisi öz xahişi ilə könüllü olaraq Ermənistanın tabeliyinə keçmişdir. Sənədlər göstərir ki, bunun heç bir əsası yoxdur. Əvvəla, o dövrdə xalqın, əhalinin hansı istəyi nəzərə alınırdı? İkincisi, tək Nüvədi kəndi yox, üç kənd bu illərdə eyni vaxtda, eyni tarixdə bir iclasın çıxardığı qərarla Ermənistana verilmişdi. Üçüncüsü, Nüvədi əhalisi bu tarixi haqsızlıqla heç vaxt barışmamış, milli kimliyini, özünəməxsusluğunu qoruyub saxlamışdır.

Ermənistan rəhbərləri isə bu kənddən can qurtarmaq üçün daim yollar axtarırdılar. Belə bir fürsət onların əlinə İkinci Dünya müharibəsindən sonra düşdü. SSRİ Nazirlər Sovetinin İ.V.Stalinin sədrliyi ilə qəbul etdiyi “Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1949-cu il tarixli, 4083 saylı qərarı ermənilərin məkrli siyasətinin reallaşmasına gətirib çıxardı. Bu amansız köçürmə siyasətinin həyata keçirilməsi nəticəsində 100 mindən yuxarı soydaşımız erməni xislətinin qurbanına çevrildi.

Köçürmə illərində Meğri rayonun Nüvədi kəndinin əhalisi də erməni rəhbərlərinin hədəfində idi. Azərbaycanlıların Kür-Araz ovalığına köçürülməsinə dair planda Nüvədi kəndinin köçürülməsi nəzərdə tutulmasa da, Meğri (Mığrı) rayon rəhbərliyinin nümayəndələri bu məqsədlə dəfələrlə kəndə gəlmiş, kəndi köçürməyə ağsaqqalların razılığını almaq istəmişdilər. Nüvədi əhalisinin Mingəçevirə köçürülməsi nəzərdə tutulsa da, onlar dogma yurdlarından köçmək istəmirdilər. “Qırmızı sərhəd” kolxozunun idarə heyətinin sədri Cəbrayıl Məmmədovun, partiya katibi Məmməd Rüstəmovun, kənd sovetinin sədri Əbili Babatovun birliyi, həmrəyliyi sayəsində kənd sakinləri köçürülmə palanının həyata keçirilməsinə imkan vermədilər.

Dövlət Tarix Arxivində işlərkən əldə etdiyim Nüvədi sakinlərinin Stalinə ünvanladıqları sənəd də bir çox məsələyə aydınlıq gətirir. Stalinin nüvədililərin bu ərizəsinə nə cavab verdiyi ilə bağlı arxivdə heç bir sənədə rast gəlməsəm də, bu sənəd Nüvədi kəndinin Ermənistana verilməsi kimi tarixi cinayətə imza atmış rəhbərlərə bir üsyan idi. Nüvədinin Zəngilan ərazisinə aid edilməsi xahişi ilə 23 aprel 1948-ci ildə kənd kolxozçuları adından SSRİ Nazirlər Sovetinin sədrinə ünvanlanmış məktubda deyilirdi:

“Yoldaş Stalin!

 Bu ilin aprelində bizə bildirdilər ki, biz Azərbaycana köçməliyik, çünki Ermənistan azərbaycanlıları Azərbaycanda yaşamalıdırlar. Bizim Nüvədi kəndi bu iki respublikanın sərhədində yerləşir. 1920-ci ilə qədər (1929-cu ilin 18 fevralına qədər - Ə.Q) bu kənd Azərbaycan SSR-in Zəngilan rayonuna aid olub, lakin sonra Ernənistan SSR-in Meğri rayonu ərazisinə qatılıb. Daha sonra çəkilən dəmiryol xətti bu iki rayonu birləşdirdi.

Bundan çıxış edərək, Sizdən çox xahiş edirik ki, bizi köçürmədən sadəcə Nüvədi kəndimizi 1920-ci ilə qədər olduğu kimi Azərbaycan SSR-in Zəngilan rayonuna aid edəsiniz. Ümid edirik ki, sevimli rəhbərimiz bizim xahişimizi rədd etməyəcək”.

Kənd sakinlərinin ölkə rəhbərinə göndərdikləri məktuba nə cavab verildiyi barədə arxiv sənədinə rast gəlməsək də, məsələnin kəskin qoyuluşu Ermənistanın daşnak xislətli rəhbərlərinin məkrli planının həyata keçirilməsinin qarşısını aldı, onların bu türk (azərbaycanlı) kəndini köçürmək siyasətini iflasa uğratdı.

1927-29-cu illərdə haqqında danışdığımız kəndlər və bir sıra başqa torpaqlar Ermənistan SSR-ə verilsə də, iki respublika arasındakı bu ərazilər “mübahisəli” hesab olunduğuna görə Azərbaycan SSR  hökuməti tərəfindən tanınmamışdı.

XX əsrin 60-cı illərinin axırlarında Ermənistan rəhbərliyi 1927-29-cu illərdə Ermənistana verilmiş torpaqların tanınması üçün təşəbbüs göstərdi. Sov.İKP MK öz kollegiya iclaslarında bir neçə dəfə mübahisəli torpaqlara dair məsələnin birdəfəlik həllini müzakirə etmiş, bununla bağlı Azərbaycan rəhbərliyinə müəyyən təzyiqlər də göstərmişdi. Mərkəzi Komitənin 23 iyun 1968-ci il tapşırığına uyğun olaraq SSRİ Nazirlər Soveti Azərbaycan və Ermənistan arasında torpaq mübahisəsi məsələsinə baxaraq bir sıra tədbirləri nəzərdən keçirmişdi. Nazirlər Sovetinin qəbul etdiyi qərarda Zaqafqaziya MİK tərəfindən 1927-1929-cu illərdə təsdiqlənmiş sərhədlərin dəyişilməzliyi tanınır, iki respublika arasında çəkilmiş sərhədlərə Ermənistan və Azərbaycan Ali Sovetinin Rəyasət Heyətlərində bir daha baxılması tapşırılırdı.

Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin bu qərarına uyğun olaraq 1968-ci ilin 26 noyabrında Azərbaycan KP MK bürosunda “Azərbaycan SSR və Ermənistan SSR arasında sərhədlər haqqında” məsələyə baxılaraq qərar qəbul edildi. Qərarda göstərilirdi ki, Azərbaycan KP MK iki respublikanın kolxozları arasında mübahisəli sərhədlər məsələsinə baxmış, Zaq.MİK tərəfindən 1927-29-cu illərdə qəbul edilmiş qərarların təsdiqlənməsi üçün müvafiq sənədlərin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinə təqdim olunması barədə tapşırıq vermişdir. Azərbaycan KP MK bürosunun 1968-ci il 26 noyabr tarixli qərarına əsasən, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il 7 may tarixli fərmanı ilə Zaq.MİK tərəfindən 1927-29-cu illərdə verilmiş qərarı ratifikasiya etdi. Beləliklə, Sov.KP MK-nın göstərişi ilə ermənilərin çoxdankı istəyi reallaşdı, Nüvədi kəndi 19000 ha torpaq sahəsi ilə birlikdə hüquqi cəhətdən Ermənistanın tabeliyinə keçdi.

Ulu öndər Heydər Əliyev 1998-ci ilin 14 yanvar tarixli məruzəsində bu məsələ ilə bağlı bildirirdi: “...1968-ci ildə bir protokol imzalanmışdı. Ermənilər Naxçıvanın Sədərək rayonu ərazisindən bir qisim torpaqlara, Ordubad tərəfdən Meğri ilə sərhəd olan torpaqlara, Gədəbəyin Tağlar kəndinə, Qazax, Qubadlı, Laçın torpaqlarına iddia edirdilər...

Mən 1969-cu ilin iyul ayında birinci katib seçiləndən sonra bu məsələləri mənim qarşıma qoydular. Moskvadan da çox böyük təzyiqlər edirdilər ki, qərarın icrasına sərəncam verin. Dedim bilirsiniz, qərar mayda qəbul olunub, əgər iyul ayına qədər icra edilməyibsə, imkan verin mən onu araşdırım. Şübhəsiz, mən araşdırandan sonra gördüm ki, buna razılıq verə bilmərəm. Mən razılıq vermədim. Nə qədər ki mən Azərbaycanda işlədim, o qərar həyata keçmədi. 1985-ci ildə Ermənistan tərəfi həmin qərarın həyata keçməsinə nail oldu...”

Sov.İKP MK katibliyinin göstərişi və qərarı ilə 1969-cu il noyabrın 17-də Azərbaycan KP MK-nın I katibi H.Əliyev, Ermənistan KP MK-nın I katibi A.Koçinyan və SSRİ Kənd Təsərrüfatı Naziri V.Maskeviç arasında bu “mübahisə” ilə bağlı yenidən sənəd imzalanmışdı. Azərbaycan torpaqlarının Ermənistana verilməsinə dair qərarın icrasının Heydər Əliyev tərəfindən dayandırılması bir müddət erməni dairələrində ümidsizlik yaratsa da, imkan düşdükcə onlar bu istiqamətdə təşəbbüs göstərir, Azərbaycana ərazi iddiasını gerçəkləşdirmək üçün məkrli üsullardan istifadə edirdilər.

Yenidənqurma illərində ölkənin bütün regionlarında mərkəzdənqaçma meyillərinin gücləndiyi bir vaxtda ermənilər dağılmaqda olan imperiyanın xarabalıqları altından böyük bir ərazi ilə çıxmaq istəyirdilər.

Bir məsələni də deyim ki, Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycanın bir qarış torpağı belə Ermənistana verilməmişdi. Ulu öndər ermənilərin ərazi iddialarının reallaşması qarşısında ən böyük maneə idi. Onun Syasi Büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefasından sonra bunu fürsət bilən ermənilər xeyli fəallaşdılar, Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başladılar. Ermənistanda dövlət səviyyəsində həyata keçirilmiş deportasiya nəticəsində 1988-ci ilin əvvəlindən dekabrın 5-nə qədər 250 000 mindən çox azərbaycanlı ata-baba yurdundan didərgin salındı. Buna baxmayaraq 1500 nəfər əhalisi olan Nüvədi kəndi yaşayış yerini tərk etməmişdi, kənd camaatı erməni faşistlərinə qarşı mərdliklə mübarizə aparır, müdafiə olunurdu. 1988-ci ilin noyabr ayının 26-da erməni silahlı birləşmələri əhalini çıxarmaq məqsədilə Nüvədiyə hücum çəksə də, kəndin özünümüdafiə dəstələri onları geri oturtmuş, ermənilərin kəndə girməsinə imkan verməmişdi.

Bundan sonra rayon rəhbərliyi kəndə təzyiq göstərməyə başlamışdı, kəndin elektrik xətti kəsilmiş, əhaliyə ərzaq göndərilməsi dayandırılmışdı. 1989-cu ilin oktyabr ayının 10-da kolxoz sədri və beş kolxozçu rayon mərkəzində ermənilər tərəfindən girov götürülmüşdü. Bakı şəhərinin hərbi komendantı general Smıslovun işə qarışması nəticəsində girovlar azad edilmişdi. Kolxoz sədri M.Amanovdan Ermənistan Ali Sovetinin deputatlığından imtina etməsi tələb olunmuş, kolxozun yük maşınları qənimət kimi ələ keçirilmişdi.

Oktyabrın 11-də Nüvədi əhalisinin ümumi yığıncağı kəndin keçmişdə olduğu kimi Azərbaycan Respublikasının tabeliyinə keçməsi haqqında qərar qəbul etmiş və bu qərarı qanuniləşdirmək üçün Azərbaycan SSR Ali Sovetinə, Zəngilan rayon XDS-yə müraciətlər qəbul olunmuşdu. Ancaq bu müraciətlər cavabsız qalmış, kəndin müdafiəsi üçün Azərbaycan hökuməti tərəfindən tədbir görülməmişdi.

1990-cı ilin mart ayının 20-də erməni silahlı birləşmələri kəndə hücum çəkmiş, kəndin özünümüdafiə qüvvələri və sovet hərbçiləri 6 saat daşnaklara müqavimət göstərmişdilər. Aprelin 24-də kənd uğrunda yenidən ağır döyüş başlanmış, bu döyüşdə əsgər Yevgeni Yurçenko daşnaklar tərəfindən öldürülmüşdü. Ermənilər bu hücumda 13 nəfər itirərək öz mövqelərinə çəkilmişdilər.

Ermənistanda rəhbərliyi bu vəziyyətlə heç cür barışa bilmir, kənd əhalisi isə öz yurdundan çıxmaq istəmirdi. Nüvədi orta məktəbinin direktor müavini Həzi Musayev Meğri rayon prokuroru Zöhrab Harutyunyana açıq məktubunda yazırdı: “Bizim kəndi tərk etməməyimizin başlıca səbəbi Vətənə, torpağa möhkəm bağlılığımızdır. Sizə və sizin rəhbərliyə dəqiq məlumdur ki, Nüvədi həqiqətən Azərbaycan torpağıdır. Sadəcə olaraq 1969-cu ilin 7 may tarixli qərarı ilə başa bəla rəhbərlərimiz bu torpağı sizə “pay” vermişlər. Nüvədidə bizim yaşamağımız üçün sizin narahatlıq keçirməyiniz əbəsdir. Nüvədinin əzəli də, indisi də nüvədililərə məxsusdur...”

Şahidlərin ifadəsinə görə, kənd əhalisini ermənilərdən “qoruyan” rus ordusu əsgərlərinin özləri də kəndə güllə yağdırırmışlar. Polkovnik Şiropoyas və podpolkovnik Merkulov demək olar ki, hər gün kəndə gəlir, əhalinin kənddən çıxması üçün canfəşanlıq göstərirmişlər. Ermənilər tez-tez rus hərbçilərinin yerləşdiyi hərbi kazarmaya gəlib-gedir, kəndin müdafiə nöqtələrini öyrənir, rus əsgərləri ilə birlikdə əhalinin kənddən çıxarılması planını hazırlayırmışlar.

Nüvədi kənd əhalisinin Azərbaycan xalqına ünvanlanmış müraciətində isə belə deyilirdi: “...Bizi hər vasitə ilə öz dədə-baba torpağımızdan çıxarmağa çalışırlar. Lakin biz heç bir provokasiyaya getmirik. Təmkinimizi pozmuruq və ümid edirik ki, xalqımız səsimizi eşidəcək”. Təəssüf ki, Azərbaycan rəhbərliyi nəinki bu kəndin strateji əhəmiyyətini başa düşüb ona kömək göstərdi, əksinə, kəndin çıxarılmasında da az rol oynamadı. Azərbaycan KP MK-nın II katibi V.Polyaniçko 1991-ci il avqustun 7-də Nüvədiyə getmiş, kəndin nümayəndələri ilə görüşmüş, onların təhlükəsizliyinin Azərbaycan hökuməti tərəfindən təmin ediləcəyini bildirsə də, həmin gecə Nüvədinin boşaldılması əməliyyatı həyata keçirilmişdi.

1991-ci ilin avqustun 8-də rus hərbçilərinin köməyi ilə Nüvədi zor gücünə boşaldıldı. Bu işdə rus əsgərləri erməni quldur dəstələri ilə birlikdə hərəkət edirdilər. Həmin günlərdə “Azərinform”un Azərbaycan DTK-ya istinadən yaydığı məlumatda bildirilirdi ki, avqustun 8-dən 9-na keçən gecə hərbi qulluqçular kəndi tərk etməyə məcbur olaraq, erməni quldur dəstələrinin qarşısında onu müdafiəsiz qoymuşlar. Ermənistanın xüsusi polku komandanlığının nümayəndələri kənd sakinlərindən dərhal tələb etmişlər ki, Ermənistan ərazisini təcili tərk eləsinlər, çünki onların təhlükəsizliyinə təminat vermirlər. Məlumatda Nüvədinin boşaldılması əməliyyatına Ermənistan daxili işlər nazirinin müavini Qriqoryanın rəhbərlik etdiyi də bildirilirdi.

Kənd əhalisinin məcburi köçürülməsi zamanı ermənilər 65 yaşlı Hətəmxan Hətəmxanovu güllələyərək qətlə yetirdilər.

Axırıncı türk kəndi Nüvədinin boşaldılması ilə ermənilərin etnik təmizləmə siyasəti başa çatdı. Bu siyasətin həyata keçirilməsində şovinist dairələrlə yanaşı Meğri rayon partiya və hökumət orqanları da xüsusi fəallıq göstərdilər. Bununla da Ermənistan monoetnik ölkəyə çevrildi. 

Bu gün bütün Azərbaycan əhalisi kimi nüvədililər də Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının uzaqgörən siyasəti sayəsində Qərbi Zəngəzura, o cümlədən Nüvədiyə başlanacaq Böyük Qayıdışı səbirsizliklə gözləyirlər...

Əsəd Qurbanlı

dosent, tarix üzrə fəlsəfə doktoru

Paylaş:
Baxılıb: 124 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31