Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Addım-addım...

Addım-addım...

08.12.2022 [10:46]

Şərq Tərəfdaşlığı üzrə yeni sazişə doğru

Mübariz ABDULLAYEV

Son vaxtlarda Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı proqramı üzrə müzakirələri intensivləşdirib. Bir qədər bundan əvvəl Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyəti ölkəmizdə səfərdə oldu. Nümayəndə heyətini Prezident İlham Əliyev qəbul etdi. Dekabrın 12-də isə Brüsseldə Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin sədrliyi ilə Aİ xarici işlər nazirlərinin Şərq Tərəfdaşlığı proqramında iştirak edən altı ölkədən beşinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) xarici işlər nazirləri ilə görüşü keçiriləcək. Avropa İttifaqı Şurasından verilən məlumata görə, görüşə qurumun komissarı Oliver Varhelyi də qatılacaq. Göründüyü kimi, Aİ qarşıdakı görüşdə yüksək səviyyədə təmsil olunacaq. Bu da ondan xəbər verir ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı üzrə əməkdaşlığın irəliləməsinə və daha səmərəli nəticələrin əldə olunmasına böyük maraq göstərir.

Avropa İttifaqının genişlənmə siyasəti

Məzmunca Şərq Tərəfdaşlığı proqramı Avropa İttifaqının genişlənmə siyasətinin istiqamətlərindən biridir. Bu proqram Aİ məkanının qonşuluğunda olan 6 postsovet dövləti ilə əməkdaşlığın dərinləşdirilməsini və əlaqələrin gələcəkdə həmin ölkələrin Avropa İttifaqına üzv qəbul olunmasınadək inkişafı perspektivini hədəfləyən bir təşəbbüsdür. Bu təşəbbüsün əsası 2004-cü ildə Şərq Qonşuluğu adı ilə qoyulub. 2009-cu ildən etibarən isə bəhs olunan təşəbbüs Şərq Tərəfdaşlığı proqramı adı altında inkişaf etdirilir.

Ötən dövrdə Aİ ilə proqrama cəlb olunan ölkələr arasında əməkdaşlığın qurulması və genişləndirilməsi üzrə böyük yol keçildiyini söyləmək mümkündür. Məlumdur ki, başlanğıcda bəzi regional güc mərkəzləri Aİ-nin postsovet ölkələrinə doğru genişlənməsi siyasətinə çox qısqanclıqla yanaşırdılar və müəyyən manevrlərlə bunun qarşısını almağa çalışırdılar. Bu və digər səbəblərdən proses ləngisə də, onun qarşısını tam şəkildə almaq mümkün olmadı. Deyə bilərik ki, artıq Şərq Tərəfdaşlığı proqramı qarşısında belə süni maneələr qalmayıb. Niyyətlər, məqsədlər, iqtisadi və siyasi baxışlar bəllidir və proqram ayrı-ayrı ölkələrlə fərqli templərlə irəliləyir. İndiyədək Aİ bu platforma çərçivəsində Gürcüstan, Ukrayna və Ermənistanla müvafiq genişləndirilmiş əməkdaşlıq sazişləri imzalayıb. Belə sazişlərin imzalanmasında ölkələrin maraqları və iqtisadi vəziyyətləri də mühüm rol oynayır.

Dekabrın 12-də Brüsseldə keçirilməsi nəzərdə tutulan növbəti görüş proseslərin irəliləməsinə təkan verə bilər. Müzakirələrin aparılması ən azından Aİ-nin və proqrama cəlb olunan ölkələrin mövqelərinin daha da konkretləşdirilməsi, əlaqələrin qurulmasında yeni geosiyasi reallıqların və çağırışların nəzərə alınması baxımından vacibdir. İclasda Şərq Tərəfdaşlığı proqramının gələcəyi, eləcə də təhlükəsizlik çağırışları və Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar yaranan vəziyyət müzakirə olunacaq. Görüş iştirakçıları ŞT-nin regionda sabitliyin və rifahın möhkəmləndirilməsinə necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparacaqlar. Bundan əlavə, iştirakçılar “yaşıl enerji” və rəqəmsal texnologiyaların təşviqi və regionun sosial-iqtisadi bərpasına təkan verilməsi üçün əsas alət kimi İqtisadi və İnvestisiya Planını müzakirə edəcəklər.

Azərbaycan-Aİ tərəfdaşlığı

Azərbaycanın qısa müstəqillik tarixində xoş məram əsasında sıx əlaqələr qurduğu nüfuzlu beynəlxalq təşkilatlardan biri də Avropa İttifaqıdır (Aİ). Bu əlaqələr 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”nin imzalanması ilə təşəkkül tapıb və sonrakı mərhələlərdə yeni prioritet istiqamətlər üzrə inkişaf etdirilib. İndiyədək ölkəmizlə Aİ-yə daxil olan 9 dövlət arasında strateji tərəfdaşlıq haqqında sazişlərin imzalanması bütövlükdə münasibətlərin yüksək dinamizmini səciyyələndirir.

Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır. 2015-ci ildən bəri Aİ ölkələri və Azərbaycan arasında ümumi ticarət artaraq 2018-2019-cu illərdə təxminən 12,2-12,4 milyard ABŞ dollarına çatıb. Bu barədə Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmış “Azərbaycanda Biznes Mühiti-2021” hesabatında bildirilir. Sənəddə qeyd edilib ki, hesabat ümumilikdə 24 ölkənin nümayəndələrinin fikirlərini əks etdirir. Sorğuda iştirak edən şirkətlərin 90 faizi KOB-lardır. Müəssisələrin əksəriyyəti Azərbaycanda Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) (58 faiz) və ya nümayəndəlik ofisləri (31 faiz), eləcə də 5 ildən çoxdur ki, ölkədə mövcud olan şirkətlər (77 faiz) kimi fəaliyyət göstərirlər. Sənəddə vurğulanır ki, 2020-ci ildə COVID-19 ilə əlaqəli azalmadan sonra ticarət 2021-ci ildə 70 faiz artımla yenidən canlanıb. 2021-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 15.4 milyard dollar səviyyəsinə qalxıb. Bu, Azərbaycanın xarici ticarətinin 44 faizi deməkdir. 500 milyon istehlakçısı olan və dünyanın alıcılıq qabiliyyətinin yüksək olduğu bazarlarından hesab edilən Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün qeyri-neft ixracının artırılması və iqtisadiyyatın şaxələndirilməsi baxımından da vacibdir. İxrac istiqamətlərinin şaxələnməsi valyuta daxil olmalarında risklərin minimumlaşdırılmasını təmin edir. Cari ildə Azərbaycanın idxalında ən böyük paya malik olan ölkələr Almaniya, İtaliya, Fransa, Polşa və Rumıniyadır. Azərbaycandan ən çox məhsul isə İtaliya, Xorvatiya, Almaniya, Portuqaliya və İspaniyaya ixrac edilir. Buraya həm neft, həm də qeyri-neft məhsulları daxildir. 2022-ci ildə respublikamızın Avropa İttifaqı ilə ticarət dövriyyəsi rekord səviyyəyə çatacağı gözlənilir. Hazırda Aİ-nin Azərbaycanda 700-dən çox şirkəti fəaliyyət göstərir. Aİ məkanından ölkəyə qoyulan investisiya 20 milyard dollardan çoxdur.

Enerji sektoru Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın mühüm istiqamətini təşkil edir. Deyə bilərik ki, respublikamız qoca qitənin enerji xəritəsini yeniləyib. Hazırda ölkəmiz Avropa bazarı üçün yeni enerji mənbəyi hesab olunur. İndiyədək Avropaya əsasən neft və neft məhsulları ixrac edən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib və müqavilə öhdəliklərini heç vaxt pozmayıb. Son illərdə isə respublikamız qoca qitə üçün həm də alternativ “mavi yanacaq” mənbəyi qismində çıxış edir. Azərbaycan çox böyük səylər göstərməklə, qətiyyətli siyasi iradə nümayiş etdirməklə Xəzərdən Türkiyədən keçməklə Avropayadək uzanan Cənub Qaz Dəhlizinin inşasının tamamlanmasına nail oldu. Dörd mühüm seqmentdən ibarət olan yeni nəql marşrutunun inşası 2020-ci ilin sonlarında tamamlandı. Həmin vaxtdan etibarən Azərbaycan Avropanın mavi yanacaq təchizatında rol almağa başlayıb. 2021-ci ildə respublikamız Cənub Qaz Dəhlizi ilə Avropaya 8 milyard kubmetr qaz ötürülməsi ilə bağlı öhdəliyinə tam şəkildə əməl etdi. 2022-ci ilin sonunadək bu həcmin 10 milyard kubmetrədək artırılacağı gözlənilir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalandı. Həmin Memorandum əsasında Azərbaycan 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfəyədək artıraraq ildə 20 milyard kubmetrə çatdıracaq. Çox doğru olaraq Azərbaycanla Avropa İttifaqı arasında imzalanan bu saziş əməkdaşlığın yeni yol xəritəsi kimi səciyyələndirilir.

Şərq Tərəfdaşlığına Azərbaycanın fərqli baxışı

Yuxarıda sadalanan faktlar Azərbaycanla Aİ arasında münasibətlərin real zəmin üzərində qurulduğunu, səmimi xarakter daşıdığını, qarşılıqlı maraqlara əsaslandığını və yaxşı nəticələr verdiyini təsdiqləyir. O cümlədən ölkəmiz Şərq Tərəfdaşlığı proqramında iştiraka da böyük önəm verir. Prezident İlham Əliyev yuxarıda bəhs olunan qəbulda bildirib ki, Şərq Tərəfdaşlığına gəldikdə, bu proqramın əvvəlindən Azərbaycan onu güclü şəkildə dəstəklədi və Zirvə görüşləri daxil olmaqla müxtəlif tədbirlərdə fəal iştirak etdi. “Bu, yaxşı platformadır və biz onu Avropa İttifaqı ilə sazişimizin müzakirəsi üçün təməl hesab edirik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Şərq Tərəfdaşlığı proqramı üzrə əməkdaşlığa böyük önəm verməklə yanaşı, həm də özünün fərqli baxışlarını ortaya qoyur. Təbii ki, Aİ proqram çərçivəsində əməkdaşlığa cəlb olunan ölkələrə maliyyə təminatları ilə yardım göstərərkən, investisiyalar ayırarkən, ticarət əlaqələri qurarkən müəyyən şərtlər də diktə edir. Proqrama qoşulan ölkələrin heç də hamısının iqtisadi-maliyyə imkanları yüksək deyil. İnvestisiya “aclığı” yaşayan həmin ölkələr güzəştlərə gedərək Aİ-nin şərtlərini qəbul edirlər. Azərbaycan isə güclü dövlətdir. Ölkəmiz iqtisadi müstəqilliyini tam təmin edib, heç bir donor təşkilatdan və beynəlxalq maliyyə qurumundan asılı deyil. Ölkəmizin xarici borcu Ümumi Daxili Məhsula nisbətdə çox aşağı səviyyədədir. Bu gün Azərbaycan ayrı-ayrı ölkələrdə, o cümlədən də Avropa məkanında müxtəlif investisiya layihələri reallaşdırır. Bütün bu kimi amillər ölkəmizin özünəinam hissini artırır. Özünün müsbət reallıqlarından çıxış edən Azərbaycan Şərq Tərəfdaşlığı proqramı üzrə əməkdaşlığın da paritet əsaslarla qurulmasını istəyir. Dəfələrlə bildirildiyi kimi, bu proqram çərçivəsində yeni münasibətlərin qurulması heç bir halda ölkəmizin milli maraqlarına zidd olmamalıdır.

Azərbaycanın konstruktiv yanaşması ondan ibarətdir ki, Şərq Tərəfdaşlığı proqramı yenilənməlidir. Proqram elan edildikdən sonra uzun illər ötüb, dünyada köklü dəyişikliklər baş verib və yeni reallıqlar yaranıb. Transformasiyaların nəzərə alınmayacağı təqdirdə proqramın səmərəliliyindən danışmaq da əbəsdir.

Başqa bir vacib məsələ. Respublikamız bəhs olunan proqram çərçivəsində daha çox Avropa Komissiyası ilə əməkdaşlığın genişlənməsinə nail olmağa çalışır. Çünki Azərbaycan Aİ coğrafiyasına daxil olan əksər dövlətlərlə yüksək səviyyəli münasibətlər qurub, həmçinin respublikamız Şərq Tərəfdaşlığı proqramına qoşulan ölkələrlə fərqli münasibətlərə malikdir. Azərbaycan o mövqedən çıxış edir ki, proqram çərçivəsində səmərəli əməkdaşlığa nail olunması üçün bu kimi məqamlar nəzərə alınmalıdır.

Qeyd edək ki, indiyədək Şərq Tərəfdaşlığı proqramı üzrə imzalanması nəzərdə tutulan sazişin bəndlərinin 90 faizi qarşılıqlı şəkildə razılaşdırılıb. Razılaşdırılmayan, ancaq müzakirələri aparılan bəndlər isə iqtisadiyyat, ticarət və bəzi digər məsələlərlə bağlıdır.

Paylaş:
Baxılıb: 116 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Xəbər lenti

Analitik

Siyasət

Xarici siyasət

MEDİA

Siyasət

28 il əvvəl, bu gün

27 Yanvar 10:23

Siyasət

Klaar Bakıya gəlmədi...

27 Yanvar 10:16  

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31