Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 14+13... ardı olacaq?

14+13... ardı olacaq?

08.12.2022 [10:40]

Ərazilərimizə icazəsiz daxil olanlar məsuliyyətə cəlb edilməlidirlər!

Nicat DİLQƏMLİ

İran vətəndaşlarından ibarət bir qrup şəxsin Qarabağa növbəti dəfə gəlişi ilə bağlı yeni faktlar ortaya çıxıb. Məlum olduğu kimi, noyabr ayının 24-də 34-QA-444 nömrəli “Mersedes-Benz” avtomobili ilə Qarabağa İran vətəndaşlarından ibarət bir dəstə daxil olub. Onların gəlişindən cəmi 6 gün sonra - noyabrın 30-da isə iranlılar yenidən Qarabağda görünüblər. Yerli KİV-lərin əldə etdikləri məlumatlarda dəstənin 13 nəfərdən ibarət olduğu bildirilir. Eyni zamanda, həmin şəxslərin kimlikləri də məlumdur.

Qarabağa gəlmiş yeni dəstə üzvlərinin adları: 1. Goodarzi Najmedin Abedin; 2. Goodarzi Bahman Zabihollah; 3. Goodarzi Mohsen Reza; 4. Banaei Mostafa Mohammad; 5. Fadaeipordanjani Afrasaib Mahmoud; 6. Vaeznezhadi Farshad Dolatali; 7. Moradazar Mohsen Zarbali; 8. Shafaghghat Aminjan Ramezan Eznolah ;9. Boveirian Ghafour Bemouniagha ;10. Vae Zadeh Fariborz Madad;11. Fatahi Shakib Majid Alibaba; 12. Hakimzadeh Ghanbar Allahmora; 13. Abdollahi Gholamreza Ali.

Ümumilikdə 6 gün ərzində - noyabrın 24-dən 30-dək rusiyalı sülhməramlıların postundan Qarabağ ərazisinə iki qrup halında 27 nəfər İran vətəndaşı daxil olub. Ayrı-ayrı vaxtlarda Qarabağ ərazisinə keçən dəstələr barədə digər faktlar da medianın diqqətindən kənarda qalmayıb. Aydın olub ki, hər iki dəstə Qarabağa müəyyən missiyaları yerinə yetirmək üçün gəlib. Buna səbəb isə iranlıların eyni avtobusla gətirilmələridir. Bu avtomobil Ermənistan vətəndaşı Yura Baqdasaryanın idarə etdiyi 34-QA-444 nömrəli mikroavtobusdur.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən İran tərəfinə ilk səfərlə bağlı rəsmi şəkildə sorğu göndərilib. Lakin buna baxmayaraq, qarşı tərəf heç bir açıqlama verməyib. Növbəti dəstənin gətirilməsi faktı isə onu deməyə əsas verir ki, İran tərəfi bu əməllərini dayandırmaq niyyətində deyil. Bu səbəbdən də iranlıların Qarabağa gəlişinin qarşıdakı günlərdə də reallaşacağını istisna etmək məntiqsizlik olar.

Məsələnin digər bir tərəfi isə həmin ərazilərdə müvəqqəti olaraq yerləşdirilən sülhməramlıların fəaliyyətsizliyidir. Onların bu kimi halları görməzdən gəlmələri heç də başadüşülən deyil. Çünki ötən gün Azərbaycanın Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanı İTV-nin jurnalistinə mane olub.

“İranla Ermənistanın 30 il ərzindəki isti münasibətləri, onu deməyə əsas verir ki, artıq İran aradan o pərdəni də götürüb, Azərbaycan dövlətinə, dövlətçiliyin təhlükəsizliyinə qarşı əməli fəaliyyətə keçib. Bunu həm ideoloji sahədə televiziyalar, KİV-lər vasitəsilə həyata keçirir, həm də terrorçuları maliyyələşdirməklə məşğuldur. Bu iki fakt sübut edir ki, bu illər ərzində İran tərəfindən çox sayda terror qrupları göndərilib”.

Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov səsləndirib. Millət vəkilinin sözlərinə görə, oxşar halların yaşanmaması üçün Qarabağdan Ermənistana gedən yolda Azərbaycanın hüquq-mühafizə orqanlarının postları qurulmalıdır: “Xarici İşlər Nazirliyinin verdiyi sorğuya da onlar ya cavab vermir, ya da mücərrəd formada aydın olmayan cavablar verirlər. Bu hərəkətlərin qarşısını almaq üçün biz nə etməliyik? Rusiya sülhməramlılarına xəbərdarlıq etməklə və digər bu kimi tədbirlər görməklə belə halların qarşısını almaq bu günə qədər mümkün olmayıb, bundan sonra da olmayacaq. Bu hərəkətlərin qarşısını almağın yeganə yolu Qarabağdan Ermənistana gedən yolda Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin, gömrük postunun qurulmasıdır. Daxili İşlər Nazirliyinin, hətta Dövlət Təhlükəsizliyi Xidmətinin də həmin ərazilərdə müvafiq postlarının qurulması zəruridir, vacibdir. Əks halda kimlərəsə xəbərdarlıq etməklə belə halların qarşısını ala bilməyəcəyik”.

Milli Məclisin deputatı Arzu Nağıyev isə qəzetimizə açıqlamasında bildirdi ki, sülhməramlı qüvvələr son vaxtlar öz mandatlarına uyğun olmayan funksiya həyata keçirirlər: “Onların mandatı hər hansı bir münaqişə olarsa, onları sakitləşdirməkdən ibarətdir. Bunun əksinə olaraq son vaxtlar əraziyə müxtəlif texnikanın buraxılması, müxtəlif terror təşkilatlarının üzvlərinin gətirilməsi istiqamətində atdıqları addımlar var. Hətta media nümayəndələri də hər hansı bir məsələni işıqlandırmaq istədikdə, ekoloji məsələlərlə bağlı monitorinq qrupunu müşayiət edəndə onlara mane olmağa çalışırlar. Cavabları isə “kimlərisə qoruyuruq” kimi cavablar olur. Anlamaq istəmirlər ki, bura Azərbaycan ərazisidir”.

A.Nağıyev qeyd edib ki, sülhməramlılar özləri üçün nəticə çıxarmalıdırlar: “Hətta onların rəhbəri Volkovun verdiyi açıqlamada da bildirilir ki, guya onlar kimin terrorist olduğunu bilmirlər. Bunun da təbii ki, cavabı var. Onlar bir şeyi unutmasınlar ki, Azərbaycan sərhədini Azərbaycanın icazəsi olmadan, ümumiyyətlə kimliyindən asılı olmayaraq keçən şəxs sərhədin pozulması ilə bağlı məsuliyyət daşıyır. İstər cinayət məsuliyyəti, istər mənəvi məsuliyyət, istərsə də digər məsələlər. Ona görə də düşünürəm ki, sülhməramlı qüvvələr özləri üçün nəticə çıxarmalıdır və Xocalıda monitorinq keçirəcək qrupun işinə, Azərbaycan tərəfinin həyata keçirdiyi digər işlərə mane olmamalıdır. Çünki Qarabağ Azərbaycan ərazisidir, birmənalı şəkildə bunun nöqtəsi qoyulub. Yerdə qalan separatçılar da əvvəl-axır paylarını alacaqlar. Azərbaycan Konstitusiyasına uyğun yaşamaq istəyirlərsə, bu, başqa məsələ. Yox hər hansı bir cinayətdə əlləri varsa, qanun qarşısında cavab verəcəklər”.

Paylaş:
Baxılıb: 136 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Xəbər lenti

Analitik

Siyasət

Xarici siyasət

MEDİA

Siyasət

28 il əvvəl, bu gün

27 Yanvar 10:23

Siyasət

Klaar Bakıya gəlmədi...

27 Yanvar 10:16  

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31