Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan - Albaniya... Əməkdaşlığın genişlənən üfüqləri

Azərbaycan - Albaniya... Əməkdaşlığın genişlənən üfüqləri

09.12.2022 [11:24]

Prezident İlham Əliyev: Əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var - qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri

Mübariz FEYİZLİ

Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasəti multiregional səciyyə daşıyır. O cümlədən Avropa ölkələri ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi uğurla reallaşdırılan bu siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Qeyd edək ki, qısa müstəqillik tarixində respublikamız qoca qitənin 9 dövləti ilə strateji tərəfdaşlıq haqqında sazişlər imzalayıb. Bu, bir tərəfdən respublikamızın xarici siyasət kursunun effektivliyini təsdiqləyirsə, digər tərəfdən də bütün dünyada Azərbaycana olan böyük hörmət və marağı ifadə edir. Avropada ölkəmizin dostları sırasında, həmçinin Albaniya da yer alır.

Azərbaycan Prezidentinin Albaniyaya ilk dövlət səfəri

Azərbaycanla Albaniya arasında münasibətlər ilk növbədə siyasi dialoqun yüksək dinamizmi ilə səciyyələnir. Sıx siyasi təmaslar hər iki ölkənin bir-birinə yaxınlaşmaq niyyətini ifadə edir. Əməkdaşlığın genişlənməsinə həm Azərbaycanda, həm də Albaniyada böyük maraq var.

Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü il sentyabrın 23-də qurulub. Gələn il bu tarixin 30-cu ildönümü tamam olacaq. Bu münasibətlə 2023-cü ildə Albaniyada “Azərbaycan Həftəsi”nin təşkil olunması nəzərdə tutulub. İkitərəfli siyasi dialoqun yüksək templərlə inkişaf etməsində prezidentlərin və digər yüksəksəviyyəli rəsmilərin sıx ünsiyyəti və qarşılıqlı səfərləri mühüm rol oynayır. İndiyədək Albaniya prezidentləri ölkəmizə 5 işgüzar səfər, Baş nazirlər isə 2 rəsmi və 2 işgüzar səfər ediblər. Son olaraq sabiq Prezident İlir Meta 16 iyun 2022-ci il tarixində ölkəmizdə işgüzar səfərdə olub və XI Qlobal Bakı Forumunda iştirak edib. Həmçinin cari il aprelin 14-də Baş nazir Edi Rama Azərbaycana rəsmi səfər edib.

Cari il noyabrın 15-də Prezident İlham Əliyevin Albaniya Respublikasına dövlət səfəri uğurla baş tutub. Bu səfər dövlət başçımızın Albaniyaya ilk səfəri idi. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək idi. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycanın dövlət başçısının Albaniya Respublikasının Prezidenti Bayram Beqay, Baş nazir Edi Rama ilə görüşləri keçirilib. Səfər çərçivəsində dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında ölkəmizin dost Albaniya ilə münasibətlərinin ikitərəfli və çoxtərəfli platformalarda uğurla inkişaf etməsindən məmnunluğunu bildirib. Dövlət başçımız respublikamızın ərazi bütövlüyünə verdiyi davamlı dəstəyə görə qarşı tərəfə təşəkkürünü ifadə edib. “Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız da bizim əlaqələrimizi gücləndirir. Siz qeyd etdiniz ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub, biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk”, - deyə Prezident İlham Əliyev bildirib.

Prezident İlham Əliyevin noyabr ayında dost Albaniyaya uğurla baş tutan ilk dövlət səfəri çərçivəsində bir sıra razılaşmalar əldə olunub və qərara gəlinib ki, bundan sonra təmaslar daha intensiv şəkildə davam etdirilsin. Əldə olunan razılığa əsasən verilən qərarların icrasına ən yüksək səviyyədə nəzarət daha da artırılıb. Bunun ifadəsi olaraq Azərbaycan Prezidentinin Albaniyaya səfərindən heç bir ay ötməmiş bu ölkənin Baş naziri Edi Rama Bakıya səfərə gəlib. Dekabrın 8-də Prezident İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü baş tutub. Görüşdə dövlətimizin başçısı Azərbaycanın dost Albaniyada öz səfirliyini açmaq istəyinə diqqət çəkərək bunun yaxşı nəticələr verəcəyini bildirib: “Heyətlərimiz fəal şəkildə işləyirlər. Mənim rəsmi səfərimin nəticələri olduqca müsbətdir. Bizim əlaqələrimiz güclənir və yeni imkanlar yaranır. Sizə məlumat verdiyim kimi, biz Tiranada səfirlik açırıq və bu da əməkdaşlığımızın vacib bir əlamətidir. Praktiki nöqteyi-nəzərdən bu, bizə ölkənizdə gedən proseslərlə daha yaxından tanış olmaq imkanı verəcək. Eyni zamanda, bu, bizə ikitərəfli gündəliyimizdə daha da səmərəli olmağa imkan yaradacaq”.

İqtisadi sahədə əməkdaşlıq perspektivləri

Azərbaycanla Albaniya arasında siyasi dialoqun yüksək dinamizminə uyğun olaraq iqtisadi sahədə əməkdaşlıq da uğurla inkişaf edir. Enerji sektoru iki ölkə arasında əməkdaşlığın çox mühüm bir istiqamətidir. Hazırda Azərbaycan Avropa üçün yeni enerji, ələlxüsus da yeni mavi yanacaq mənbəyi hesab olunur. Cənub Qaz Dəhlizinin timsalında müasir nəql infrastrukturuna malik olması ölkəmizə əlavə üstünlüklər qazandırır. Təxminən 3500 kilometr uzunluğa malik bu kəmər Türkiyədən keçməklə Avropanın mərkəzi hissəsinədək uzanır. Burada isə kəmər şaxələndirilir və onun yeni qolları yaradılır. Xatırladaq ki, respublikamızın moderatorluğu ilə inşa olunan Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans Adriatik Boru Kəmərinin (TAP) inşası 2020-ci ilin sonunda tamamlandı və bundan sonra Azərbaycandan qoca qitəyə qaz nəqlinə start verildi. Ötən il respublikamız Cənub Qaz Dəhlizi ilə Avropaya 8 milyard kubmetr qaz ötürülməsi ilə bağlı öhdəliyinə tam şəkildə əməl etdi. 2022-ci ilin sonunadək bu həcmin 10 milyard kubmetrədək artırılacağı gözlənilir. Perspektivdə isə indiki həcm 20 milyard kubmetrə çatdırılacaq.

Bir sıra digər Avropa ölkələri kimi, Albaniya da özünün mavi yanacaq ehtiyacını Azərbaycandan ixrac olunan qaz hesabına qarşılamağı hədəfləyib. Ölkələrimiz arasında fəal enerji dialoqu bir neçə il bundan əvvəl başlayıb. Albaniya Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın tərəfdaşlıq etdiyi 7 ölkədən biridir. Azərbaycan və Albaniya Cənub Qaz Dəhlizinin mühüm seqmenti olan TAP layihəsinin üzvləridir. Prezident İlham Əliyevin bildirdiyi kimi, ölkələrimiz Cənub Qaz Dəhlizinin icrasında çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə fəal şəkildə iştirak ediblər.

Albaniyanın qaz təchizatı infrastrukturunun qurulması iki ölkə arasında enerji əməkdaşlığının növbəti səhifəsi ola bilər. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmayıb. Azərbaycan bu sahədə investor kimi iştirak edə bilər. Geniş maliyyə imkanlarına malik olan ölkəmizin bu sahədə yaxşı təcrübəsi var. Azərbaycan öz təcrübəsini, həmçinin dost Albaniya ilə bölüşməyə hazırdır.

İki ölkə arasında iqtisadiyyatın digər sahələri üzrə də geniş əməkdaşlıq perspektivləri var. “Əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var - qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri. Bilirəm ki, bütün bu sahələr Sizin ölkəniz üçün də və bizim üçün də prioritet təşkil edir. Ona görə, əminəm ki, biz bu istiqamətlər üzrə inamla addımlayacağıq”, - deyə Prezident İlham Əliyev bildirib.

Paylaş:
Baxılıb: 390 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31