Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Avropa Prlamentinin bəzi üzvləri qeyri-obyektivliyi qəbul etmirlər

Avropa Prlamentinin bəzi üzvləri qeyri-obyektivliyi qəbul etmirlər

15.05.2024 [10:30]

Xaviyer Nart: Qərbi azərbaycanlıların yaşadıqları bəlalar tarixi faciədir

Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq mühüm yer tutur. Ölkəmiz bir sıra təşkilatların aktiv üzvüdür və həmin qurumların fəaliyyətinə öz töhfələrini verir. Amma elə təşkilatlar var ki, qarşılıqlı hörmətə, tərəfdaşlığa yox, qərəz və ikili standartlara xidmət edir. Belə təşkilatlar sırasında Avropa Parlamenti “xüsusi” yer tutur.  Müstəqillik dövrümüzdə təşkilat dəfələrlə ölkəmizə qarşı qərəzli sənədlər qəbul edib. Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi illərdə  Avropa Parlamenti təcavüzkarın vəkili və ruporu qismində özünü təsdiqləyib. Təşkilat torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə qarşı daha da aqressivləşib. Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul edib.

Milli Məclisdə və Qərbi Azərbaycan İcmasında görüş

Bütün bunlara baxmayaraq, Azərbaycan təşkilatın ədalətsiz mövqeyi ilə bağlı prinsipial yanaşmasını hər zaman nümayiş etdirir. Eləcə də Avropa Parlamentində sağlam, obyektiv düşüncəli deputatlarla əməkdaşlıq edir. Avropa Parlamentinin nümayəndəsi Xaviyer Nartın ölkəmizə səfəri də məhz bu yanaşmanın göstəricisidir. Qeyd edək ki, qonaq səfər zamanı bir sıra görüşlər keçirib. Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 13-də Avropa Parlamentinin deputatı Xaviyer Nart ilə görüşüblər. Tərəflər arasında Cənubi Qafqazda və Avropa məkanında gedən proseslər, regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində parlament diplomatiyasının rolu və əhəmiyyəti barədə söhbət aparılıb. Söhbətdə Azərbaycanla Ermənistan arasında delimitasiya sahəsində görülən işlər, bölgədə sülhün bərqərar olması üçün aparılan danışıqlar barədə fikir mübadiləsi aparılıb, eləcə də Qərb dairələrinin prosesə ikili standartlardan yanaşmasının regionda sülh prosesinə vurduğu ciddi ziyan qeyd olunub.

Avropa Parlamentinin üzvü Xaviyer Nart Qərbi Azərbaycan İcmasında da olub, İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ilə görüşüb. Görüşdə qonağa Qərbi azərbaycanlıların ötən 200 il ərzində üzləşdiyi soyqırımlar və deportasiyalar barədə məlumat verilib, dağıdılan maddi-mədəni irsimizdən bəhs edilib. Xaviyer Nart öz növbəsində Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandıraraq həqiqətlərimiz barədə daha çox məlumat istəməklə öyrəndiklərini avropalı həmkarlarına çatdıracağını bildirib. Qonağa Qərbi Azərbaycan İcmasının bir neçə dildə nəşr edilmiş Qayıdış Konsepsiyası da təqdim olunub.

Xaviyer Nart ölkəmizə səfəri çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsindəki keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Zəngilan” şəhərciyində də olub. Milli Məclisin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələrinin müşayiət etdiyi qonaq şəhərcikdə sakinlərlə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb. Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri, məcburi köçkünlərin üzləşdiyi çətinliklər, onlara göstərilən dövlət qayğısı haqqında avropalı deputata ətraflı məlumat verilib. Avropalı qonaq Zəngilan rayon 33 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə görüşüb, onlara özünün jurnalist və siyasi fəaliyyəti haqqında danışıb, təhsil və fərdi inkişafla bağlı tövsiyələr verib. “Şəfəq” uşaq bağçasında isə məcburi köçkün ailələrdən olan balacalar qonağa nağıl qəhrəmanları haqqında yığcam səhnəcik təqdim ediblər. Xaviyer Nart 44 günlük Vətən müharibəsinin ən gənc şəhidlərindən olan İsmayıl Davud oğlu Mehdiyevin ailə üzvləri ilə də görüşüb. 

Avropa Parlamentində Xocalı soyqırımına dair bəyanatın müəllifi...

Jurnalistlərə açıqlamasında Azərbaycana ilk dəfədir səfər etdiyini deyən qonaq bildirib ki, səfərin məqsədi ölkəmizi yaxından tanımaqdır: “Ölkəniz haqqında təsəvvürüm o qədər geniş olmasa da, bilirəm ki, Azərbaycan xalqı çox çətin dövrlər yaşayıb. Ermənistan tərəfindən ərazilərin işğalı nəticəsində evlərindən didərgin düşmüş insanların çəkdiyi əziyyətlər məni çox kədərləndirirdi. Doğma yurdlarından qovulmuş azərbaycanlıların geri qayıdışı artıq başlayıb və ümid edirəm ki, keçmiş məcburi köçkünlərin hamısı tezliklə öz evlərinə qayıdacaqlar. Hər bir ölkənin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə yanaşılmalıdır. Bu, bir normadır”. Avropalı deputatın proqramına işğaldan azad edilmiş ərazilərdə yaradılan bərpa-quruculuq işləri ilə tanış olmaq üçün Şuşaya səfər etmək də daxildir.

Qeyd edək ki,  Xaviyer Nart ispandır və İspaniyanın Baş naziri Pedro Sançesin rəhbərlik etdiyi Sosialist Partiyasının üzvüdür. Avropa Parlamentinin üzvü kimi o, hələ 2018-ci ildə təşkilatda Xocalı soyqırımına dair bəyanatın müəllifi kimi çıxış edib.  

Xatırladaq ki, aprelin sonunda Avropa Parlamentinin daha bir üzvü- təşkilatın Nəqliyyat və turizm komitəsinin üzvü Tomaş Piotr Poreba da ölkəmizə səfər etmişdi. O, Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli və ikili standartları özündə ehtiva edən mövqeyini pisləyərək bu mövqeyi ədalətsiz və məntiqə sığmayan addım kimi dəyərləndirmişdi. 

Bütün bunlar isə onu göstərir ki, təşkilat daxilində obyektiv mövqe tutan deputatlar da var. Belə şəxslər haqlı olaraq digərləri ilə fikir ayrılığındadır və qeyri-obyektiv fəaliyyəti qəbul etmirlər. Amma Avropa Parlamentində obyektiv deputatların sayı çox deyil. Çünki təşkilat erməni lobbisinin əlində alətə çevrilib. Təsadüfi deyil ki, bu qurum həm də siyasi korrupsiyanın yuvası hesab edilir. Bütün bunlara baxmayaraq, Avropa Parlamentində sağlam düşüncəli və obyektiv deputatlarla əlaqələrin genişləndirilməsi milli maraqlarımıza uyğundur. 

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 153 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Fədakar alim...

25 May 11:30

Ədəbiyyat

Qadının kəşfi

25 May 11:20

Gündəm

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31