Azərbaycan–Böyük Britaniya münasibətləri Strateji tərəfdaşlığın yeni inkişaf mərhələsi

Azərbaycan–Böyük Britaniya münasibətləri Strateji tərəfdaşlığın yeni inkişaf mərhələsi

 

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlər uzun illər ərzində qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında inkişaf edərək strateji əhəmiyyətli əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. İki ölkə arasında formalaşmış siyasi dialoq, iqtisadi əlaqələr, enerji sahəsində tərəfdaşlıq və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət bu münasibətlərin əsas istiqamətlərini təşkil edir. Xüsusilə son illərdə həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanan sənədlər Azərbaycan-Böyük Britaniya əlaqələrinin yeni məzmunla zənginləşməsinə mühüm töhfə vermişdir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Böyük Britaniya ilə əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə xüsusi önəm vermişdir. Böyük Britaniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olması ikitərəfli münasibətlərin təməlində mühüm siyasi hadisə kimi qiymətləndirilir. Sonrakı dövrdə diplomatik münasibətlərin qurulması, iqtisadi əməkdaşlığın genişlənməsi və enerji layihələrinin həyata keçirilməsi tərəflər arasında etibarlı tərəfdaşlıq mühitinin formalaşmasını təmin etmişdir.

Azərbaycanın əlverişli geosiyasi mövqeyi, zəngin enerji resursları və beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin inkişafında oynadığı rol Böyük Britaniya ilə əməkdaşlığın əhəmiyyətini daha da artırır. Eyni zamanda, Böyük Britaniyanın beynəlxalq iqtisadi və siyasi sistemdəki mövqeyi Azərbaycan üçün yeni tərəfdaşlıq imkanları yaradır. Bu baxımdan, iki ölkə arasındakı münasibətlər yalnız mövcud maraqlarla məhdudlaşmır, həm də gələcək inkişaf perspektivlərini əhatə edir.

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biri enerji sektorudur. Böyük Britaniyanın enerji şirkətlərinin Azərbaycanda uzunmüddətli fəaliyyəti, xüsusilə BP şirkəti ilə həyata keçirilən layihələr ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli təsir göstərmişdir. Xəzər dənizinin enerji ehtiyatlarının dünya bazarlarına çatdırılması, enerji təhlükəsizliyinin təmin olunması və beynəlxalq enerji marşrutlarının inkişafı bu əməkdaşlığın əsas nəticələrindəndir. Bununla yanaşı, müasir dövrdə münasibətlərin yalnız ənənəvi enerji sahəsi ilə məhdudlaşmaması, bərpaolunan enerji və yaşıl texnologiyalar istiqamətində də genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

2026-cı il noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhəm tərəfindən Dublində imzalanan “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ikitərəfli münasibətlərin tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bu sənəd iki ölkə arasında mövcud əlaqələrin daha yüksək səviyyəyə qaldırılması, əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsi və gələcək fəaliyyət üçün möhkəm siyasi-hüquqi çərçivənin formalaşdırılması baxımından xüsusi əhəmiyyətə malikdir.

Bəyannamədə tərəflərin razılığa gəldiyi məsələlər üç əsas istiqaməti əhatə edir. Bunlardan birincisi müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsidir. Tərəflər regional sülh və sabitliyin qorunması, ümumi təhlükəsizlik təhdidlərinə qarşı mübarizə, müdafiə sahəsində təlimlərin təşkili, təcrübə mübadiləsi və potensialın artırılması istiqamətində birgə fəaliyyətin genişləndirilməsi barədə razılığa gəlmişlər. Eyni zamanda, hüquq-mühafizə orqanları arasında əlaqələrin, sərhəd idarəçiliyinin və hüquqi əməkdaşlığın inkişaf etdirilməsi də sənəddə öz əksini tapmışdır.

İkinci mühüm istiqamət ticarət, investisiya və iqtisadi artımla bağlıdır. Bəyannaməyə əsasən, Azərbaycan və Böyük Britaniya qarşılıqlı investisiyaların artırılması, iqtisadi əlaqələrin şaxələndirilməsi, yeni biznes tərəfdaşlıqlarının yaradılması və prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini davam etdirəcəklər. Xüsusilə Orta Dəhlizin inkişafı, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi və bərpaolunan enerji mənbələrindən istifadənin artırılması diqqət mərkəzində olacaqdır. Maliyyə bazarları, yaşıl maliyyələşdirmə və kiçik və orta sahibkarlığın inkişafı da qarşılıqlı əməkdaşlığın mühüm istiqamətləri kimi müəyyənləşdirilmişdir.

Üçüncü istiqamət isə təhsil, elm və innovasiya sahələrini əhatə edir. Tərəflər ali təhsil, peşə hazırlığı, rəqəmsal və texniki bacarıqların inkişafı, elmi tədqiqatlar və müasir texnologiyalar sahəsində əməkdaşlığın dərinləşdirilməsini vacib hesab edirlər. Süni intellekt, rəqəmsal idarəetmə, innovasiya və həyat elmləri üzrə təcrübə mübadiləsi, universitetlər və elmi-tədqiqat müəssisələri arasında əlaqələrin genişləndirilməsi gələcək əməkdaşlığın əsas prioritetlərindəndir. İnsanlar arasında birbaşa əlaqələrin, mədəni mübadilələrin və peşəkar şəbəkələrin inkişafına da xüsusi önəm verilir.

Bəyannamənin mühüm məqamlarından biri də onun icrasının mütəmadi qiymətləndirilməsi məqsədilə hər il Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsi barədə razılığın əldə olunmasıdır. Bu mexanizm müəyyən edilmiş istiqamətlər üzrə görülən işlərin təhlilinə, yeni prioritetlərin müəyyənləşdirilməsinə və əməkdaşlığın praktiki nəticələrinin artırılmasına xidmət edəcəkdir.

Ümumilikdə, Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin qarşılıqlı etimada, bərabərhüquqlu əməkdaşlığa və ortaq maraqlara əsaslanan münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Bu sənəd Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, iqtisadi potensialının artırılması və regional mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əminliklə demək olar ki, müəyyən edilmiş istiqamətlər üzrə ardıcıl əməkdaşlıq həm Azərbaycan, həm də Böyük Britaniya üçün yeni imkanlar yaradacaq, iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin gələcək inkişafına mühüm töhfə verəcəkdir.

 

Hüseyn Süleymanov

YAP Kəngərli rayon təşkilatının sədr müavini