Konstitusiya və Suverenlik – Azərbaycanın dövlətçilik yolunun iki mühüm sütunu

Konstitusiya və Suverenlik – Azərbaycanın dövlətçilik yolunun iki mühüm sütunu

“1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.” - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev

Tarix elə məqamlarla zəngindir ki, həmin məqamlar yalnız bir dövrün deyil, bütöv bir xalqın gələcək taleyinin müəyyənləşməsində həlledici rol oynayır. Azərbaycan xalqının müasir dövlətçilik tarixində 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya məhz belə mühüm tarixi hadisələrdən biridir. Bu sənəd müstəqil Azərbaycanın hüquqi əsaslarını müəyyən etməklə yanaşı, xalqımızın əsrlər boyu yaşatdığı azadlıq, müstəqillik və dövlətçilik arzularının hüquqi ifadəsinə çevrilmişdir.

Dövlətin varlığı yalnız onun sərhədləri, ərazisi və idarəçilik strukturları ilə ölçülmür. Dövlətin əsl gücü milli iradəsinə, hüquqi əsaslarına, vətəndaşlarının birliyinə və gələcəyə istiqamətlənmiş inkişaf strategiyasına söykənir. Azərbaycan Respublikasının Konstitusiyası bütün bu prinsipləri özündə birləşdirən, dövlətin və cəmiyyətin həyatına istiqamət verən fundamental sənəddir. Azərbaycanın konstitusiya quruluşunun tarixinə nəzər saldıqda görürük ki, xalqımızın dövlətçilik ənənələri heç də bugünkü dövrlə məhdudlaşmır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız müstəqil dövlətçilik tarixində yeni mərhələyə qədəm qoymuş, milli dövlətçilik ideyalarını gerçəkləşdirmişdir. Sonrakı tarixi mərhələlərdə qəbul edilən konstitusiyalar isə ölkənin siyasi və hüquqi quruluşunun formalaşmasında müəyyən rol oynamışdır. Lakin müstəqil Azərbaycanın milli maraqlarını, xalqın suveren iradəsini və müasir demokratik prinsipləri özündə əks etdirən əsas hüquqi sənəd yalnız dövlət müstəqilliyimizin bərpasından sonra mümkün olmuşdur. Müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi ağır siyasi, iqtisadi və hərbi problemlər dövlət quruculuğu prosesini ciddi sınaqlarla üz-üzə qoymuşdu. Belə bir şəraitdə Azərbaycanın gələcəyini düşünən, xalqın etimadına və dövlətçilik təcrübəsinə malik siyasi liderə ehtiyac var idi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin tarixində dönüş nöqtəsi oldu. Onun qətiyyətli siyasəti nəticəsində dövlət idarəçiliyində sabitlik təmin edildi, müstəqilliyin qorunması və möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı.

Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Konstitusiya müstəqil Azərbaycan dövlətinin hüquqi təməlini formalaşdırdı. Bu sənədin tarixi əhəmiyyəti ondadır ki, o, yalnız dövlət hakimiyyətinin təşkilini müəyyənləşdirmədi, eyni zamanda insan hüquq və azadlıqlarını, demokratik idarəçilik prinsiplərini, milli dövlətçilik maraqlarını vahid hüquqi sistemdə birləşdirdi. Azərbaycan Respublikasının Konstitusiyası noyabrın 27-də qüvvəyə mindi və ölkəmizin hüquqi inkişafında yeni mərhələnin əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində qanunun aliliyi, milli maraqların qorunması, xalqla dövlət arasında etimadın möhkəmləndirilməsi xüsusi yer tuturdu. Onun siyasi irsi göstərdi ki, müstəqilliyi qorumaq onu əldə etmək qədər böyük məsuliyyət tələb edir. Məhz bu düşüncə əsasında formalaşan Konstitusiya dövlətimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən möhkəm hüquqi dayağa çevrildi. Konstitusiyanın əsas prinsiplərindən biri insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsidir. Hər bir vətəndaşın qanun qarşısında bərabərliyi, təhsil, əmək, mülkiyyət, fikir və söz azadlığı, vicdan azadlığı və digər hüquqları Əsas Qanunda təsbit olunmuşdur. Bu baxımdan Konstitusiya yalnız dövlətin deyil, hər bir insanın hüquqi təminatıdır. Onun aliliyinin qorunması cəmiyyətdə ədalətin, məsuliyyətin və qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edir.

Ölkəmizdə Konstitusiyanın aliliyinin təmin olunması istiqamətində mühüm institusional mexanizmlər yaradılmışdır. 1998-ci il iyulun 14-də fəaliyyətə başlayan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu sistemin mühüm tərkib hissəsidir. Məhkəmənin əsas missiyası Konstitusiyanın aliliyini təmin etmək, hüquqi aktların Əsas Qanuna uyğunluğunu yoxlamaq və insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət etməkdir. Bu təsisat hüquqi dövlət quruculuğunun inkişafında mühüm rol oynayır. Müstəqil dövlətçiliyimizin inkişafı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun davam etdirilməsi ilə yeni mərhələyə yüksəlmişdir. Son illərdə Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrətinin artması, beynəlxalq mövqelərinin möhkəmlənməsi, milli maraqların qətiyyətlə müdafiəsi dövlətçilik tariximizin mühüm nailiyyətlərindəndir. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Zəfər xalqımızın milli birliyini, ordumuzun gücünü və dövlətimizin siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpası isə Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı oldu. Bu hadisələr müstəqilliyimizin, ərazi bütövlüyümüzün və suveren hüquqlarımızın təmin olunması baxımından müstəsna əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi də məhz bu tarixi reallıqlardan irəli gəlirdi. Konstitusiyanın qəbul edilməsinin 30-cu ildönümü və Vətən müharibəsində qazanılmış Qələbənin 5-ci ildönümü ilə əlamətdar olan bu il dövlətçilik tariximizə xüsusi məna qazandırdı. Bu qərar həm də müstəqillik, suverenlik və hüquqi dövlət quruculuğu dəyərlərinin cəmiyyətimizdə daha dərindən dərk olunmasına xidmət etdi. Konstitusiya və suverenlik anlayışları bir-birindən ayrılmazdır. Konstitusiya dövlətin hüquqi varlığını və fəaliyyət prinsiplərini müəyyən edir, suverenlik isə həmin dövlətin öz taleyini müstəqil şəkildə müəyyənləşdirmək iradəsini ifadə edir. Bu iki dəyərin vəhdəti güclü dövlətçiliyin, milli birliyin və davamlı inkişafın əsas şərtidir. Bu gün Azərbaycan regionun güclü dövlətlərindən biri kimi öz milli maraqlarını müstəqil şəkildə müəyyənləşdirir, beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirir. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramının həyata keçirilməsi dövlətimizin qarşıya qoyduğu strateji məqsədlərin ardıcıl reallaşdırıldığını göstərir. Bütün bunlar müstəqilliyimizin və suverenliyimizin real nəticələridir. Dövlətçilik ənənələrinin qorunması yalnız bugünkü nailiyyətlərlə kifayətlənməməli, gələcək nəsillərin də bu dəyərlərə bağlı ruhda yetişdirilməsini tələb etməlidir. Vətənə sevgi, dövlət rəmzlərinə hörmət, qanunlara riayət, milli-mənəvi dəyərlərə sədaqət ailədə, təhsil müəssisələrində və bütövlükdə cəmiyyətdə formalaşdırılmalıdır. Çünki dövlətin gələcəyi yalnız bugünkü siyasi və iqtisadi nailiyyətlərdən deyil, həm də sabahın vətəndaşlarının dünyagörüşündən, vətənpərvərlik hissindən və məsuliyyətindən asılıdır.

Əminliklə demək olar ki, Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın müstəqillik iradəsinin, dövlətçilik düşüncəsinin və hüquqi gələcəyinin təməlidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi möhkəm dövlətçilik xətti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi nailiyyətlərlə zənginləşir. Zaman dəyişir, dünya yenilənir, dövlətlər qarşısında yeni çağırışlar yaranır. Lakin müstəqillik, suverenlik, qanunun aliliyi və milli dövlətçilik prinsipləri öz əhəmiyyətini daim qoruyur. Azərbaycan xalqı bu dəyərlərə sahib çıxmaqla yalnız keçmişinə ehtiram göstərmir, həm də gələcəyini etibarlı təməllər üzərində qurur. Konstitusiyamız dövlətçiliyimizin hüquqi dayağı, suverenliyimiz milli qürurumuz, müstəqilliyimiz isə gələcək nəsillərə ötürəcəyimiz ən böyük sərvətimizdir.

 

Səriyyə Əhmədova

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı “Babək məhəlləsi 8” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının fəal üzvü