Konstitusiya – hüquqi dövlətin, milli suverenliyin və vətəndaş hüquqlarının təminatçısı

Konstitusiya – hüquqi dövlətin, milli suverenliyin və vətəndaş hüquqlarının təminatçısı

 

 

Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi əsaslarını müəyyən edən, xalqımızın milli iradəsini və dövlətçilik ideallarını özündə birləşdirən fundamental sənəddir. 12 Noyabr – Konstitusiya Günü ölkəmizin tarixində xüsusi yer tutur. Bu əlamətdar gün dövlətimizin hüquqi inkişafının, demokratik idarəetmə prinsiplərinin və milli suverenliyimizin möhkəmləndirilməsinin təcəssümüdür. Konstitusiyamız yalnız dövlətin idarə olunmasının əsaslarını müəyyən edən sənəd deyil, eyni zamanda hər bir vətəndaşın hüquq və azadlıqlarını qoruyan, cəmiyyətin inkişafına istiqamət verən mühüm hüquqi çərçivədir.

1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin ilk Əsas Qanunu olmuşdur. Bu mühüm tarixi hadisə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu prosesinin ən mühüm mərhələlərindən biri kimi yadda qalmışdır. Konstitusiyanın hazırlanması və qəbul edilməsi Azərbaycanın müstəqillik yolunda hüquqi əsaslarının möhkəmləndirilməsinə, dövlət idarəçiliyinin sistemli şəkildə qurulmasına və milli dövlətçilik ənənələrinin davam etdirilməsinə geniş imkanlar yaratmışdır.

Əsas Qanunumuz Azərbaycan Respublikasını demokratik, hüquqi, dünyəvi və unitar dövlət kimi müəyyən edir. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğu təsbit edilmişdir. Bu prinsip xalqın dövlət idarəçiliyində iştirakının, milli iradənin ifadəsinin və demokratik dəyərlərin əsasını təşkil edir. Eyni zamanda, Konstitusiya insan hüquq və azadlıqlarının qorunmasını, vətəndaşların qanun qarşısında bərabərliyini, mülkiyyət hüququnu, fikir və söz azadlığını, təhsil və digər fundamental hüquqları müəyyən edir. Bu müddəalar cəmiyyətin ədalətli və hüquqi əsaslarla inkişafına xidmət edir.

Konstitusiyanın mühüm xüsusiyyətlərindən biri də onun dövlət və cəmiyyət həyatının bütün əsas sahələrini əhatə etməsidir. Dövlət hakimiyyətinin təşkili, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin fəaliyyət prinsipləri, vətəndaşların hüquq və vəzifələri, yerli özünüidarəetmə məsələləri Əsas Qanunda öz əksini tapmışdır. Bu baxımdan Konstitusiya dövlətin fəaliyyətində hüquqi nizamın qorunmasını və idarəetmədə ardıcıllığın təmin edilməsini şərtləndirən əsas sənəddir.

Müasir Azərbaycan dövlətinin inkişafında Konstitusiyanın rolu olduqca böyükdür. Ölkəmizdə həyata keçirilən islahatlar, dövlət institutlarının təkmilləşdirilməsi, hüquqi sistemin inkişafı və vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlər dövlətçilik prinsiplərinin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması Konstitusiyanın müəyyən etdiyi əsas məqsədlər sırasında xüsusi yer tutur. Dövlətimizin əldə etdiyi tarixi nailiyyətlər milli iradənin və hüquqi əsaslara söykənən dövlət quruculuğunun əhəmiyyətini bir daha nümayiş etdirir.

Gənclərin Konstitusiyanın mahiyyətini dərindən bilməsi və hüquqi düşüncə tərzinin formalaşması cəmiyyətimizin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Hər bir gənc öz hüquqlarını bilməklə yanaşı, üzərinə düşən vəzifələri də məsuliyyətlə yerinə yetirməlidir. Qanunlara hörmət, vətəndaş məsuliyyəti, milli dəyərlərə bağlılıq və dövlətçilik prinsiplərinə sədaqət sağlam cəmiyyətin formalaşmasının əsas şərtləridir.

Şəxsi fikrimcə, Konstitusiya hər bir azərbaycanlının dövlətinə olan bağlılığını və hüquqi məsuliyyətini müəyyən edən ən mühüm sənədlərdən biridir. Onun prinsiplərinə əməl etmək, hüquqi biliklərimizi artırmaq və dövlətimizin inkişafına töhfə vermək hər birimizin qarşısında duran vacib vəzifədir. Biz gənclər ölkəmizin gələcəyinə məsuliyyətlə yanaşmalı, milli dövlətçilik ənənələrimizi yaşatmalı və hüquqi dövlət quruculuğunun davamlı inkişafına dəstək olmalıyıq.

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibətilə xalqımızı təbrik edirəm. Qoy Əsas Qanunumuzun müəyyən etdiyi hüquqi və demokratik prinsiplər ölkəmizin inkişafına, xalqımızın rifahına və dövlətimizin qüdrətinin daha da artmasına xidmət etsin. Müstəqil Azərbaycanımızın dövlətçiliyi möhkəm, suverenliyi əbədi və gələcəyi daim aydın olsun!

 

Nigar Abbaszadə,

YAP Nərimanov rayon təşkilatının mühasibi