Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Hər bir xalqın tarixində onun milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik arzularını təcəssüm etdirən müqəddəs rəmzlər vardır. Azərbaycan xalqı üçün üçrəngli Dövlət Bayrağımız məhz belə müqəddəs dəyərlərdən biridir. Mavi, qırmızı və yaşıl rənglərin vəhdətindən yaranan bayrağımız xalqımızın milli məfkurəsini, mənəvi dünyasını, tarixi keçmişini və gələcəyə olan inamını özündə birləşdirir. Noyabrın 9-da qeyd etdiyimiz Dövlət Bayrağı Günü isə bu müqəddəs rəmzə ehtiramın, müstəqilliyimizə sədaqətin və milli birliyimizin ifadəsidir.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da hökumətin qərarı ilə qəbul edilmişdir. Bayrağın rənglərində ifadə olunan türkçülük, müasirlik və islamçılıq ideyaları milli istiqlal düşüncəmizin əsasını təşkil etmişdir. Görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü bu ideoloji prinsiplər xalqımızın milli-mənəvi dəyərlərə bağlılığını, müasir inkişaf və tərəqqi istəyini, ümumbəşəri ideallara sadiqliyini əks etdirir. 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutundan sonra bayrağımız dövlət atributu statusunu itirsə də, xalqımızın müstəqillik düşüncəsində yaşamaqda davam etmişdir.
Üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi ucaldılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı il noyabrın 17-də Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. Bu qərar sovet hakimiyyətinin hələ mövcud olduğu mürəkkəb siyasi şəraitdə milli dövlətçilik tariximizə və müstəqillik ideallarımıza böyük sədaqət nümunəsi idi. Həmin sessiyada Naxçıvanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması ilə bağlı qərarın qəbul edilməsi də milli dövlətçilik düşüncəsinin bərpası istiqamətində mühüm addım olmuşdur.
Ulu Öndərin qətiyyətli mövqeyi nəticəsində 1991-ci il fevralın 5-də üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi yenidən təsdiq edildi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik irsinə hüquqi varisliyimiz təmin olundu. Beləliklə, xalqımızın istiqlal rəmzi yenidən müstəqil Azərbaycanın səmasında dalğalanmağa başladı.
Ümummilli Lider Heydər Əliyev dövlət rəmzlərinin qorunmasını və təbliğini milli dövlətçilik siyasətinin mühüm istiqamətlərindən biri hesab edirdi. Onun “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik” çağırışı hər bir vətəndaşın yaddaşında yaşamalı olan mühüm mənəvi prinsipdir. Ulu Öndərin siyasi irsi sayəsində dövlət atributlarına ehtiram, azərbaycançılıq məfkurəsi və milli həmrəylik dövlətçilik düşüncəmizin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlər üçrəngli bayrağımızın rəmzi mənasını daha da zənginləşdirmişdir. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə bayrağımızın şanlı salnaməsinə yeni səhifə yazdı. İşğaldan azad edilmiş ərazilərimizdə Dövlət Bayrağının ucaldılması xalqımızın uzun illər qəlbində yaşatdığı arzunun gerçəkləşməsi, tarixi ədalətin bərpası və milli qürurumuzun təntənəsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş torpaqlara səfərləri zamanı üçrəngli bayrağımızın yüksəklərə qaldırılması dövlətimizin qətiyyətini, xalqımızın birliyini və suverenliyimizin əzəmətini nümayiş etdirdi.
2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin təmin olunması ilə üçrəngli bayrağımız ölkəmizin hər bir guşəsində dalğalanmağa başladı. Xankəndidə və digər ərazilərimizdə Dövlət Bayrağının ucaldılması müstəqil dövlətimizin suverenliyinin tam bərpasını ifadə edən tarixi hadisəyə çevrildi. Bu gün bayrağımızın azad torpaqlarımızda dalğalanması şəhidlərimizin müqəddəs amalının, qazilərimizin qəhrəmanlığının və xalqımızın sarsılmaz iradəsinin təcəssümüdür.
Dövlət Bayrağına göstərilən ehtiram həm də dövlətə, Vətənə və milli dəyərlərə bağlılığın göstəricisidir. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsində dövlət rəmzlərinə hörmət etmək hər bir vətəndaşın vəzifəsi kimi müəyyənləşdirilmişdir. Bu baxımdan bayrağımızın tarixinin gənc nəslə öyrədilməsi, onun daşıdığı ideyaların təbliği və vətənpərvərlik ruhunun gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Dövlət Bayrağı Günü bizə müstəqilliyimizin qədrini bilməyi, milli birliyimizi qorumağı və dövlətçilik ənənələrimizi yaşatmağı xatırladır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda yaradılan Dövlət Bayrağı Meydanı da milli rəmzimizə verilən yüksək dəyərin ifadəsidir. 2010-cu il sentyabrın 1-də açılışı keçirilən meydan paytaxtımızın rəmzi məkanlarından birinə çevrilmişdir. 2024-cü il noyabrın 8-də yenidən qurularaq istifadəyə verilən meydanda Dövlət Bayrağının ucaldılması, muzeyin yeni ekspozisiyasında isə Vətən müharibəsinin tarixi anlarının nümayiş etdirilməsi dövlətçilik tariximizin və Zəfər salnaməmizin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün üçrəngli bayrağımız Azərbaycanın beynəlxalq nüfuzunu, müstəqil siyasətini, milli həmrəyliyini və suverenliyini təcəssüm etdirir. O, xalqımızın keçdiyi şərəfli tarixi yolun, qazandığı qələbələrin və qarşıya qoyduğu inkişaf məqsədlərinin rəmzidir. Hər dəfə bayrağımız yüksəklərdə dalğalananda müstəqilliyimizin dəyərini, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın fədakarlığını və gələcək nəsillər qarşısında məsuliyyətimizi daha dərindən dərk edirik.
Üçrəngli bayrağımız bizim milli qürurumuz, dövlətçilik kimliyimiz və birliyimizin təcəssümüdür. Onun daim yüksəklərdə dalğalanması müstəqil Azərbaycanın əbədi varlığının, xalqımızın sarsılmaz iradəsinin və gələcəyə inamının ifadəsidir.