Şərəf, müstəqillik və milli qürur rəmzimiz – Üçrəngli Bayraq

Şərəf, müstəqillik və milli qürur rəmzimiz – Üçrəngli Bayraq

 

 

​Dövlət atributları hər bir xalqın tarixi yaddaşının, milli suverenliyinin və azadlıq məfkurəsinin ən ali təcəssümüdür. Azərbaycan Respublikasının Dövlət Bayrağı sadəcə parça üzərində rənglər toplusu deyil  o, müstəqil dövlətçiliyimizin, sarsılmaz birliyimizin və milli kimliyimizin müqəddəs rəmzidir. Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”

​Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın müasir dövlətçilik tariximizdə bərpa olunması Ulu Öndər Heydər Əliyevin adı və cəsarətli siyasi iradəsi ilə sıx bağlıdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Ümummilli Liderin sədrliyi ilə keçirilən tarixi sessiyasında Sovet imperiyasının hələ mövcud olduğu bir vaxtda üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul edilməsi milli intibahın təməlini qoydu. Heydər Əliyev o tarixi anı milli birliyimizin və müstəqil dövlətçilik ideologiyamızın sarsılmaz  təməl daşı kimi dəyərləndirərək xatırladırdı: “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdır. Çıxartdıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.”

​Naxçıvandan başlayan bu müqəddəs yol tezliklə bütün Azərbaycana yayıldı, üçrəngli bayrağımız müstəqil ölkəmizin səmasında rəsmən dalğalanmağa başladı. Ümummilli Liderin ətrafında birləşən xalqımız bu bayrağı milli həmrəylik ideologiyasına çevirdi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir.”

​Bu gün Ulu Öndərin dövlətçilik xəttini uca tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bayrağımız təkcə müstəqilliyimizin deyil, həm də Müzəffər Qələbəmizin rəmzidir. Bakı şəhərində ucaldılan Dövlət Bayrağı Meydanı və ölkəmizin hər bir guşəsində dalğalanan üçrəngli bayrağımız milli qürurumuzun nümayişinə çevrilib. Ölkə başçısının qeyd etdiyi kimi: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.”

​Bu gün işğaldan azad edilmiş Xankəndidə, Şuşada, Xocalıda və Bərdədən Zəngəzuradək bütün tarixi torpaqlarımızda məğrurcasına dalğalanan Bayrağımız müstəqilliyimizin əbədiliyini bəyan edir. 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edir, bayrağımızın daim ucalarda dalğalanmasını arzulayırıq!

 

Zahir Qəhrəmanov

YAP Şirvan şəhər təşkilatının sədri