Tarixi ədalətin zirvəsi

Tarixi ədalətin zirvəsi

2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 8-də şanlı Zəfərlə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsi, Azərbaycan xalqının çoxəsrlik tarixində sadəcə hərbi-strateji qələbə deyil, həm də milli həmrəyliyin və sarsılmaz birliyin ən uca zirvəsi oldu . Otuz ilə yaxın davam edən işğal dövründə xalqımızın daxilində toplanan vətən həsrəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun qəhrəmanlığı ilə vahid hədəfə yönəldi. Bu müqəddəs Vətən müharibəsi ölkəmizdə yaşayan bütün xalqları, siyasi baxışından, sosial təbəqəsindən və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşı "Dəmir Yumruq" ideologiyası ətrafında monolit bir qüvvəyə çevirdi.

Milli həmrəyliyin ən bariz və qürurverici təzahürü özünü cəbhə xəttində, ölümün gözünə dik baxan qəhrəman əsgərlərimizin timsalında göstərdi. Azərbaycanda yaşayan bütün etnik qrupların və azsaylı xalqların - talışların, ləzgilərin, avarların, yhudilərin, rusların və digər millətlərin övladları çiyin-çiyinə, vahid Azərbaycan bayrağı altında döyüşə atıldılar. Səngərdə heç bir milli və ya dini fərqlilik yox idi; hər bir döyüşçü yalnız tək bir amal -müqəddəs Qarabağ torpağını düşmən tapdağından azad etmək hissi ilə vuruşurdu. Bu unikal bütövlük, Azərbaycanın tarixən formalaşmış multikulturalizm və tolerantlıq dəyərlərinin təkcə sözdə deyil, real döyüş meydanında, şəhid qanları ilə möhürlənmiş canlı sənədinə çevrildi.

Cəbhə arxasında formalaşan güclü xalq-ordu birliyi isə həmrəyliyin digər bir möhtəşəm səhifəsini yazdı. Müharibənin ilk günlərindən etibarən on minlərlə gənc Səfərbərlik xidmətinin qapılarında könüllü növbəyə dayandı, xalqımız ordumuza dəstək olmaq üçün kütləvi humanitar və maddi yardım kampaniyaları başlatdı. Hətta düşmənin döyüş meydanındakı məğlubiyyətinin əvəzini çıxmaq üçün Gəncə, Bərdə, Tərtər və digər şəhərlərimizdə mülki əhalini, dinc sakinləri ballistik raketlərlə hədəfə alması da xalqın iradəsini qıra bilmədi. Əksinə, bu namərd hücumlar cəmiyyətdə intiqam və qələbə əzmini daha da alovlandırdı, daxili birliyi sarsılmaz bir qalaya çevirdi. Siyasi partiyaların və ictimai təşkilatların fərqlilikləri bir kənara qoyaraq Ali Baş Komandana tam dəstək bəyanatları imzalaması da daxili ideoloji cəbhənin nə qədər güclü olduğunu göstərdi.

Dünyanın dörd bir yanına səpələnmiş milyonlarla soydaşımızın rəqəmsal və informasiya cəbhəsində nümayiş etdirdiyi fədakarlıq milli həmrəyliyin hüdudlarının ölkə sərhədlərini aşdığını sübut etdi. Xarici ölkələrdə yaşayan azərbaycanlılar erməni lobbisinin yalan və dezinformasiya kampaniyalarına qarşı vahid rəqəmsal şəbəkə qurdular, böyük şəhərlərin mərkəzi meydanlarında dinc nümayişlər təşkil edərək Azərbaycanın haqlı səsini, beynəlxalq hüquqa əsaslanan mövqeyini dünya ictimaiyyətinə çatdırdılar. Bu qlobal şəbəkələşmə göstərdi ki, Vətən müharibəsi dünya azərbaycanlılarının milli mənlik şüurunun oyanmasında və vahid təşkilatlanma modelinin qurulmasında həlledici katalizator rolunu oynamışdır.

Şuşada, Xankəndidə və torpaqlarımızın hər bir qarışında əbədi dalğalanan üçrəngli dövlət bayrağımız xalqımızın sarsılmaz birliyinin, tarixi ədalətin bərpasının və qüdrətli Azərbaycan dövlətinin dönməz suverenliyinin ən böyük rəmzidir.

 

Samirə Zeynalova

YAP Tərtər rayon təşkilatının mühasibi