8 Noyabr – Zəfər tariximizin şanlı səhifəsi

8 Noyabr – Zəfər tariximizin şanlı səhifəsi

 

 

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutan, milli yaddaşımıza və dövlətçilik salnaməmizə əbədi həkk olunan möhtəşəm hadisədir. Bu əlamətdar tarix xalqımızın azadlıq iradəsini, Vətən sevgisini, milli qürurunu və müstəqil dövlətçilik əzmini özündə birləşdirir. Zəfər Gününün əhəmiyyəti yalnız Vətən müharibəsində qazanılmış hərbi Qələbə ilə məhdudlaşmır. Bu tarix, eyni zamanda,  

Azərbaycanın ərazi bütövlüyünün bərpası, dövlət suverenliyinin möhkəmləndirilməsi və xalqımızın tarixi ədalətin təmin olunması istiqamətində nümayiş etdirdiyi qətiyyətin təntənəsidir. Uzun illər ərzində aparılan mübarizənin, dövlətimizin məqsədyönlü siyasətinin, güclü ordunun və xalqımızın sarsılmaz birliyinin nəticəsi olan bu Qələbə ölkəmizin gələcək inkişafı üçün də yeni mərhələnin başlanğıcını qoydu. Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə, regionda yeni siyasi reallıqların formalaşmasına və Cənubi Qafqazda qüvvələr nisbətinin dəyişməsinə əhəmiyyətli təsir göstərdi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi ən ağır problemlərdən biri Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və hərbi təcavüzü oldu. 1988-ci ildən etibarən başlanan hadisələr, separatçı meyillərin güclənməsi və Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız iddialar regionda vəziyyəti getdikcə gərginləşdirdi. Sonrakı mərhələdə bu qarşıdurma genişmiqyaslı müharibəyə çevrildi və ölkəmiz ciddi siyasi, iqtisadi və humanitar çətinliklərlə üzləşdi. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan bir tərəfdən yeni dövlətçilik institutlarını formalaşdırmağa çalışır, digər tərəfdən isə ərazilərinin işğalı, hərbi təcavüz və daxili siyasi böhranla mübarizə aparırdı. Nəticədə torpaqlarımızın əhəmiyyətli hissəsi işğal olundu, yüz minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü, şəhər və kəndlərimiz dağıdıldı, tarixi və mədəni irsimizə ciddi ziyan vuruldu. Ölkədə hökm sürən qeyri-sabitlik və iqtisadi çətinliklər həmin dövrdə yaranmış vəziyyəti daha da ağırlaşdırırdı.

Belə mürəkkəb şəraitdə Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi tarixi zərurətə çevrilmişdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə siyasi sabitliyin təmin olunması, dövlət idarəçiliyinin gücləndirilməsi və müstəqilliyin qorunması istiqamətində mühüm addımlar atdı. Onun uzaqgörən siyasəti nəticəsində dövlətin əsasları möhkəmləndirildi, iqtisadi inkişafın təməli qoyuldu, beynəlxalq əlaqələr genişləndirildi və milli maraqlara əsaslanan xarici siyasət kursu formalaşdırıldı. Eyni zamanda, ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bütün bu tədbirlər Azərbaycanın gələcəkdə öz ərazi bütövlüyünü bərpa etməsi üçün mühüm siyasi, iqtisadi və hərbi zəmin yaratdı.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirildi. Ölkənin iqtisadi potensialının artırılması, müdafiə qabiliyyətinin gücləndirilməsi, ordunun maddi-texniki təminatının yaxşılaşdırılması və müasir hərbi texnologiyaların tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Azərbaycan beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirməklə yanaşı, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olmaq üçün diplomatik fəaliyyətini də davam etdirdi. Lakin uzun illər aparılan danışıqların nəticəsiz qalması, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi və yeni təxribatlara əl atması müharibənin qaçılmaz olduğunu göstərirdi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Beləliklə, 44 gün davam edən Vətən müharibəsi xalqımızın tarixində yeni və şərəfli bir mərhələnin əsasını qoydu. Müharibə ərzində Azərbaycan Ordusu yüksək peşəkarlıq, döyüş hazırlığı və böyük qəhrəmanlıq nümayiş etdirərək işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində mühüm uğurlar qazandı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələrinin azad olunması ilə yanaşı, strateji əhəmiyyətə malik yüksəkliklər və mövqelər də nəzarətə götürüldü. Hər bir uğurlu əməliyyat Azərbaycan əsgərinin Vətən torpağına bağlılığının, ordumuzun gücünün və Ali Baş Komandanın qətiyyətinin bariz göstəricisinə çevrildi.

Vətən müharibəsinin ən mühüm hadisələrindən biri noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Qarabağın tacı hesab edilən Şuşanın azad olunması hərbi-strateji baxımdan müstəsna əhəmiyyət daşımaqla yanaşı, xalqımız üçün böyük mənəvi qələbə idi. Mürəkkəb relyefə malik ərazidə Azərbaycan hərbçilərinin göstərdiyi şücaət və peşəkarlıq dünya hərb tarixində diqqət çəkən hadisələrdən biri kimi yadda qaldı. Şuşanın azad edilməsi müharibənin gedişində həlledici dönüş yaratdı və Azərbaycanın Qələbəsini şərtləndirən əsas amillərdən biri oldu. Məhz bu tarixi hadisənin nəticəsi olaraq noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Beləliklə, Azərbaycan Vətən müharibəsində tarixi Qələbə qazandı və uzun illər davam edən işğala son qoyulması istiqamətində mühüm nəticəyə nail oldu.

Bu Qələbənin arxasında Azərbaycan xalqının nümayiş etdirdiyi misilsiz həmrəylik və milli birlik də dayanırdı. Müharibənin ilk günlərindən etibarən cəmiyyətimizin bütün təbəqələri vahid məqsəd ətrafında birləşərək dövlətimizin və ordumuzun yanında oldu. Cəbhədə döyüşən əsgər və zabitlərimiz xalqın mənəvi dəstəyini, sevgisini və inamını hər zaman hiss edirdilər. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da Vətən müharibəsi dövründə fəal mövqe nümayiş etdirərək ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün səylərini birləşdirdilər. Bu həmrəylik bir daha sübut etdi ki, milli maraqlar və Vətən sevgisi xalqımızı ən çətin məqamlarda belə vahid amal ətrafında birləşdirən əsas dəyərlərdir. Azərbaycan xalqı öz torpaqlarına, milli kimliyinə və dövlət müstəqilliyinə sahib çıxmaq əzmini bütün dünyaya nümayiş etdirdi.

Zəfərin əldə olunmasında şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin yüksək döyüş ruhu xüsusi qeyd olunmalıdır. Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Onların göstərdiyi şücaət, torpaq sevgisi və döyüş əzmi gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Müharibədə sağlamlığını itirən qazilərimizin fədakarlığı da Qələbə tariximizin ayrılmaz hissəsidir. Dövlətimiz şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli və rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Qazanılmış tarixi Qələbə Azərbaycanın qarşısında işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi kimi mühüm vəzifələr qoydu. Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Bölgədə yeni avtomobil yolları, körpülər, tunellər, hava limanları, elektrik və kommunikasiya xətləri inşa edilir. Məktəblər, xəstəxanalar, yaşayış kompleksləri və digər sosial obyektlər istifadəyə verilir. Şəhər və kəndlərimizin müasir tələblərə uyğun yenidən qurulması, iqtisadi fəaliyyətin bərpası və yeni iş imkanlarının yaradılması həmin ərazilərin gələcək inkişafına xidmət edir.

Böyük Qayıdış proqramı çərçivəsində uzun illər doğma yurdlarından ayrı yaşamağa məcbur olmuş vətəndaşlarımızın mərhələli şəkildə öz torpaqlarına köçürülməsi xüsusi əhəmiyyət daşıyır. Vaxtilə işğal nəticəsində dağıdılmış yaşayış məntəqələrində həyatın yenidən canlanması, ailələrin öz evlərinə qayıtması və bölgədə normal yaşayış şəraitinin yaradılması Qələbəmizin real nəticələrini nümayiş etdirir. Bu proses yalnız tikinti və infrastruktur layihələrindən ibarət deyil, həm də tarixi yaddaşın bərpası, milli-mənəvi dəyərlərin qorunması və insanların doğma torpaqları ilə yenidən qovuşması deməkdir.

8 Noyabr – Zəfər Günü gələcək nəsillər üçün də mühüm tarixi və mənəvi əhəmiyyət daşıyır. Bu tarix gənclərə dövlət müstəqilliyinin, milli birliyin, güclü ordunun və vətənpərvərlik ruhunun nə qədər vacib olduğunu aşılayır. Zəfər salnaməmiz sübut edir ki, xalqın birliyi, dövlətin qətiyyətli siyasəti və ordunun gücü qarşıya qoyulan ən çətin məqsədlərin həyata keçirilməsində həlledici rol oynaya bilər. Bu baxımdan, 8 Noyabr yalnız keçmişdə əldə edilmiş uğurun qeyd olunduğu gün deyil, həm də Azərbaycanın gələcək inkişafına, milli həmrəyliyinə və dövlətçilik ənənələrinin davamlılığına istiqamət verən mühüm tarixi hadisədir.

Bu gün Azərbaycan regionda yeni reallıqların formalaşmasında mühüm rol oynayan, öz milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlət kimi çıxış edir. Zəfərdən sonra ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, azad edilmiş ərazilərdə quruculuq prosesinin genişlənməsi və dövlət suverenliyinin möhkəmləndirilməsi bu tarixi nailiyyətin əhəmiyyətini daha da artırır. Qazanılmış Qələbə xalqımızın gələcəyə inamını gücləndirməklə yanaşı, Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açmışdır.

Nəticə etibarilə, 8 Noyabr – Zəfər Günü xalqımızın qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri, milli qürurumuzun və dövlətçilik iradəmizin təcəssümüdür. Bu möhtəşəm tarixi Qələbə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının uğurla davam etdirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun gücü və xalqımızın sarsılmaz birliyi sayəsində mümkün olmuşdur. Şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin fədakarlığı və hərbçilərimizin qəhrəmanlığı ilə yazılan bu tarix heç vaxt unudulmayacaq. Zəfər Günü Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaq, gələcək nəsillərə qürur, inam və vətənpərvərlik nümunəsi olaraq ötürüləcəkdir.

 

İlkin Bağırov

YAP Babək rayon təşkilatının əməkdaşı